21 Aprel 2021, Çərşənbə

2020-ci il dünya üçün fərqli lakin, Azərbaycan xalqı üçün daim fəxr və qürurla xatırlanacaq bir il kimi yadda qaldı. 30 il qəlbimizdə daim nisgil, qəm daşıdıq. Düşmənin vəhşicəsinə çalıb, talan etdiyi torpaqlarımızın həsrəti ilə yaşadıq. 44 günlük şanlı Vətən müharibəsi bizi arzumuza çatdırdı, doğma Qarabağımıza qovuşduq.  Bu Qələbə elə-belə əldə edilmədi. Müharibədə vətənpərvər oğullarımız qəhrəmanlıq və şücaətlə döyüşərək  Şəhidlik zirvəsinə yüksəldi...

Vətən müharibəsində düşmənə qarşı şərəf və ləyaqətlə vuruşan qəhrəman, qorxmaz igidlərimizdən biri də Elməddin Meydanovdur. Şəhidin  qardaşı İsmayıl Meydanovla həmsöhbət oluruq. Ona qardaşı haqqında danışmaq çətin olsa da bizə ətraflı məlumat verir. Deyir ki, Elməddin 11 sentyabr 1989-cu ildə Şərur rayonunun Vərməziyar kəndində anadan olub. 7-ci sinfə qədər Türkiyənin İğdır şəhərində Qurtuluş adlı ibtidai məktəbdə oxuyub. Burada təhsil aldığı illərdə türk yoldaşlarına deyirdi ki, gələcəkdə mən komutan (komandir) olacağam. Bu məktəbdən ailəmizə həmişə təşəkkür və təqdir sənədi gəlirdi. Qardaşım çox savadlı idi. Müəllimləri deyirdi ki, başqa bir sahəni seçsin savadı buna imkan verir,  onun isə uşaqlıqdan bir arzusu var idi. Hərbçi olub Vətənin keşiyində dayanmaq. Belə də oldu. İmtahan verərək yüksək balla Naxçıvan şəhərindəki  Heydər Əliyev adına Hərbi Liseyə qəbul olundu.  2007-ci ildə həmin liseyi əlaçı kursant olaraq qırmızı diplomla bitirdi. Həmin il təhsil illərində əldə etdiyi nailiyyətlərə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən də mükafatlandırılıb. Ali təhsilini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində davam etdirdi. Buranı bitirdikdən sonra Cəlilabad şəhərinin Göytəpə qəsəbəsində yerləşən  “N” saylı hərbi hissədə hərbçi kimi işləyir. Daha sonra zastava rəisi, baş zabit kimi fəaliyyətini davam etdirir. Qardaşım Xüsusi Təyinatlı Qüvvələrin tərkibində kapitan rütbəsi ilə torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib – deyir müsahibim. Füzuli, Zəngilan rayonları istiqamətlərində gedən döyüşlərdə əsgərləri ilə çiyin-çiyinə igidlik və rəşadətlə döyüşüb, bir sıra kəndlərin, yüksəkliklərin azad edilməsində, düşmənin canlı qüvvəsinin, texnikalarının  məhv  edilməsində və ələ keçirilməsində  şücaət göstərib. Araz çayının sahilində yerləşən strateji əhəmiyyətli Ağbənd qəsəbəsinin işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla iştirak edib. Qardaşım Zəngilan rayonunun Vejnəli kəndi istiqamətində amansız düşmənlə son damla qanınadək mübarizə apararaq şəhid olub, şəhadətə yüksəldiyi zirvəyə onun  soyadını veriblər. İndi həmin zirvə “Meydanov zirvəsi” adlanır. O biri qardaşım Saleh Hatəmov  da Naxçıvan şəhərindən Xüsusi Təyinatlı bölmənin tərkibində döyüşə yollanmışdı. Füzuli, Xocavənd istiqamətlərində gedən döyüşlərdə, düşmənin canlı qüvvəsinin  məhv edilməsində  mərdliklə iştirak edib, sağ çiynindən qəlpə yarası alıb, hazırda Naxçıvandadır.

Qardaşı Elməddinin vətənpərvərliyindən ağızdolusu danışan İsmayıl müəllim deyir: – Anamla sonuncu dəfə danışanda dedi ki,  ağlama Ana başını həmişə dik tut, sənin iki oğlun burada, hər bir Vətən övladının illərdir arzusunda olduğu torpaqlarımızın işğaldan azad olunması uğrunda vuruşur. Həmişə deyərdi ki, şəhid olmaq istəməklə olmur, şəhidlik qismət işidir, hər kəs şəhid ola bilməz. Qardaşımdan bir dəfə də olsun incikliyimiz olmadı, ona hər zəng etdiyimdə qoymazdı telefon ikinci dəfə çalsın. Yerini soruşardıq səsim gəlirsə bəsdir deyərdi. Şəhid olduğu gün sanki ürəyimə dammışdı, zəng etdim zəng çatmadı. Günortadan sonra bir də zəng etdim, bu dəfə telefonu çalırdı, sevindim. Sən demə cənazəsini dağlıq ərazidən aşağı endiriblər. 32 yaşında şəhidlik zirvəsinə yüksəldi mənim igid, cəsur, qorxmaz qardaşım. Ölümündən sonra onu tanıyan hər kəs, əsgərləri, döyüş yoldaşları zəng edirlər, qardaşım haqqında ancaq xoş sözlər deyirlər. İşlədiyi hərbi hissədə ondan yuxarı vəzifələrdə çalışanlar da var idi. Onlar da deyirlər ki,  bir çox vacib məsələlərdə ondan məsləhət alar, yaxşı keyfiyyətləri mənimsəyərdik. Onu da deyirlər ki,  hər kəs savaşa sevinə-sevinə getməz, onun sevincini gözlərindən oxumaq olurdu, əsgərlərinə  də ruh, qüvvət verirdi. O, həmişə anama deyərdi ki,  torpaqlarımızı düşmən tapdağından azad etmək Əli ilə Yusifə (oğulları) qalmayacaq, onlar böyüyənədəktorpaqlarımızı biz azad edəcəyik. Çox vətənpərvər idi, o ailəmizdə başqa idi. O, gücdə də, qüvvətdə də, savad da üstün idi. Bəli, şəhidlik hamıya qismət olmur. Qardaşımın Vətən, torpaq sevgisi, onda olan vətənpərvərlik ruhu onu şəhidlik zirvəsinə ucaltdı. Qardaşımla qürur duyuruq, fəxr edirik. O, müqəddəs amal uğrunda şəhid olmaqla əbədiyyət qazanan nadir insanlardandır.

Döyüş yoldaşı baş leytenant Əli Həsənzadənin dediklərindən: -Mən Elməddini özümə böyük qardaş bilirdim. O, insana yalnız doğru yol göstərən, çətinlikdən çıxaran düzgün şəxsiyyət idi. Əsgərləri də  həm komandir kimi, həm də böyük qardaş kimi onun xətrini o qədər çox istəyirdilər ki, əmrini dərhal yerinə yetirirdilər. Elməddin qardaşımla 2012-ci ildən tanışıq. Mən Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Akademiyasının II kursunda oxuyanda o, Cəlilabad rayonunda “Göytəpə” Sərhəd Dəstəsinin sərhəd zastavasında rəis müavini idi. Orada bir aylıq praktikada ikən tanışlığımız oldu. O gün bu gün yoldaş olduq, qardaş olduq.  Qardaşım istər mülki həyatda, istərsə də hərbi həyatda böyüklə böyük, kiçiklə kiçik kimi  rəftar edən, köməyə ehtiyacı olana əl tutan, bir kimsənin qəlbinə dəyməyən, yüksək insani xüsusiyyətlərə malik şəxsiyyət, Sülh insanı idi. Qardaşımı tanıyanlar onu “Memo” ləqəbi ilə çağırırdılar. Şanlı Vətən müharibəsində qardaşım Elməddinlə birgə Cəbrayıl, Zəngilan istiqamətlərində gedən döyüşlərdə iştirak edib, eyni bir vaxtda döyüş tapşırıqlarını yerinə yetirmişik. O, sözün əsl mənasında böyük sərkərdə idi.  Gənc olmasına baxmayaraq təcrübəli və savadlı idi. O, sərrast atış qabilliyyəti, döyüş bacarığı ilə son damla qanına qədər düşmənlə mübarizə apardı. Sonuncu döyüşümüzdə Zəngilan rayonu ətrafında Mehri istiqamətində hərəkət edirdik, Vejnəli qızıl yatağının yuxarı hissəsində zirvənin alınmasında iştirak edirdik. Döyüşdük, vuruşduq şəhidimiz, yaralılarımız oldu, mən də  sol dizimdən qəlpə yarası aldım. Qardaşım həmin gün, oktyabrın 27-də saat 19:35-də qollarımda şəhid oldu, son sözünü deyə bilmədi. Onun şəhid olduğu zirvəni düşməndən azad etdikdən sonra həmin zirvəyə “Meydanov zirvəsi” adı verildi. Allah bütün şəhidlərimizə, qardaşım Elməddin Meydanova  rəhmət eləsin, onun valideynləri qarşısında baş əyirəm, qazilərimizə də Allahdan şəfa diləyirəm. Elməddin qardaşım həm vətənpərvər insan kimi, qardaş, dost kimi, bu Vətənin igid oğlu kimi  daim xatırlanacaq, onu unutmayacağıq.

Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif  edilən kapitan Elməddin Meydanov, eləcə də torpaqlarımızın azadlığı uğrunda canlarından keçən digər şəhidlərimiz daim qəlbimizdə, tariximizdə yaşayacaq, qürurla xatırlanacaqlar.

Güntac ŞAHMƏMMƏDLİ

 

 

 

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR