21 Aprel 2021, Çərşənbə

“Naxçıvan tarixi” çoxcildliyinin ikinci cildində Naxçıvan xanlığının Kəngərli süvariləri haqqında deyilir: “Onlar haqqında fikir demək üçün gərək o qoşunları döyüş vaxtı müşahidə edəsən. Bunlar elə bil ki, qəzəblənmiş Allahın odu və ildırımıdırlar. Döyüş vaxtı göydən düşmənlərin lap mərkəzinə düşürlər, ölüm və dəhşət səpələyirlər”.
Tarixin bütün dövrlərində döyüşkənliyi və cəsarəti, igidliyi, qəhrəmanlığı ilə tanınan naxçıvanlılar həmişə öz sözünü deyib. Əlincənin alınmazlığı, Babəkin rəşadəti, Naxçıvanskilərin, Kəngərlilərin döyüş ruhu həmişə dillərə dastan olub.

Bu gün də xalqımızın böyük zəfərində öz imzası var yurdumuzun igidlərinin. Bir aydan çox davam edən Vətən müharibəsində boy göstərən, dastan yazan igidlərimiz qəhrəman kimi öz yurduna qayıtdı. Bu, elə bir qayıdış oldu ki, bütün Naxçıvan yollara çıxdı, öz balası kimi qarşıladı onları, şəhadət məqamına yetişən bu qəhrəman oğulları. Naxçıvanın qeyrət qalası Sədərəyin igid oğullarından biri – kiçik çavuş Tağı Abdullazadə də bu məqama yüksəlib.
Qəhrəmanın atası İlham Abdullayev Sədərək döyüşlərinin iştirakçısıdır:
– Naxçıvanlılar ötən əsrin 80-ci illərinin sonlarında da böyük cəsarət və hünər göstərib sərhədlərimizi düşməndən qorudular. Həmin illərdə silah-sursatımız olmasa da, Vətən sevgimiz var idi. Hansı ki, bizə atalarımızdan ərməğan qalmışdı. İgidlərimiz səngərlərdə günlərlə ac-susuz qalsa da, yüzlərlə şəhid versək də, torpağımızı qoruduq. Bununla da igidlərimiz öz Vətən borcunu bitmiş hesab etmədilər. Doğma Azərbaycanımızın bağrında açılan Qarabağ yarasına da dərman oldu igid oğullarımız. “Harada Azərbaycan bayrağı dalğalanırsa, ora Vətəndir”, – deyib doğulduqları torpaqlardan yüzlərlə kilometr uzaqda olan Qarabağa üz tutdular, döyüşüb canlarından keçdilər.
Kərki kəndində və Sədərəkdə gedən döyüşlərdə yüzlərlə igid öz canından keçdi. O döyüşlərdə yaralansam da, bu gün o yaraların verdiyi ağrılar mənə qürur yaşadır. Çünki torpağım uğrunda keçmişəm sağlamlığımdan. Oğlum bir ildən artıq idi ki, Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edirdi. Vətən müharibəsi başlayan gün o, könüllü olaraq Qarabağa getmək üçün müraciət etmişdi. Hər dəfə danışanda deyirdi ki, düşmənin canını alırıq, artıq son çırpınışlarıdır. Torpaqlarımız qayıdır.
Tağı kimi on oğlum olsa, onunu da Vətənə qurban verərdim. Yetər ki, bu dövlət yaşasın, övladlarımız müzəffər bir xalqın övladı olsunlar. Uca Tanrı dövlətimizi var eləsin, ulu ­öndərimizin ruhu şad olsun. Onun vəsiyyəti, arzuları yerinə yetdi. Bu gün bayrağımız işğaldan azad olunmuş yurd yerlərimizdə dalğalandıqca, Ana Vətənin müqəddəs torpağında igid Azərbaycan əsgəri dolaşdıqca o torpaqlar uğrunda canından keçənlərin ruhu şad olur.
Şahnaz ana qürurludur: – Gözümün ağı-qarası bircə oğlum məni bu yüksək mərtəbəyə layiq gördü. Şəhid anası... İndi mən bütün azərbaycanlı oğullarının anasıyam. Oğul dərdini, nisgilini mənə unutduran, mənə böyük fəxarət gətirən odur ki, oğlum torpaq uğrunda şəhid olub. Onun adı ölümsüzlər siyahısına yazılıb. Yeganə oğlumun uğrunda canından keçdiyi torpağa qədəm qoyanda onun nə qədər uca bir zirvəyə sahib olması ilə təsəlli tapacağam. Ali Baş Komandanın Sərəncamı ilə oğlumun “Vətən uğrunda” medalı ilə təltif edilməsi oğul həsrəti ilə yanan qəlbimə bir az da olsa, rahatlıq gətirdi.
Tağının bölük komandiri, qazi Təbriz Zeynalov da öz əsgərinin igidliyindən ağızdolusu danışır. Deyir ki, yaralananda onu döyüş mövqeyindən Tağı çıxarıb, ilk tibbi yardım göstərib. O, mənim bu gün sağ olmağımın səbəbkarıdır. Mən ağır yaralananda o, öz yükü ilə bərabər, mənim də döyüş ləvazimatlarımı götürüb meşəlik ərazidə 10 kilometrə yaxın yolu piyada daşıyıb.
Bu xalq, bu millət həmişə igid övladları ilə qürur duyub. Tağının da, orada şəhid olan başqa dostlarımızın da tək arzusu var idi: Qarabağı azad edib Naxçıvanımıza qalib kimi qayıtmaq. Onun və digər yoldaşlarımızın şəhid olması hamımızı dərindən sarsıtdı. İgid Vətən oğulları gözlərini əbədi olaraq yumub öz canlarını bir ovuc torpağa qurban verdilər. Qoy bircə övladını Vətənə qurban verən atalar, analar düşünməsin ki, oğlunu itirdi. Tağı bu gün cismən həyatda olmasa da, ruhu hər zaman bizimlədir. Onun ata və anası bizim əmanətimizdir.
Murad Həsənov (döyüş yoldaşı): – Biz bir yerdə xidməti borcumuzu yerinə yetirirdik. Hadrut istiqamətindəki ilk pusqu 13 oktyabr gecə saatlarında oldu. Kiçik çavuş Tağı Abdullazadə düşmənin arxa istiqamətindən hücum edərək düşmən hərbçilərini məhv etdi. Meşə istiqamətində hərəkətə davam edərək 400-500 metr irəli getdikdən sonra yenidən pusquya düşdük, oradan çox çətinliklə çıxdıq. Həmin istiqamətdə 3789 metr hündürlükdə yerləşən Tuzluca yüksəkliyində minomyot mərmisi düşməsi nəticəsində Tağı sağ tərəfindən, başından ağır zərbə alması ilə şəhidlik mərtəbəsinə yüksəldi.
Kərim Quliyev (döyüş yoldaşı): – Naxçıvandan Qarabağa gedəndə hamımız bir nəfər kimi döyüşə can atırdıq. Buradan birlikdə getdiyimiz yoldaşlarımdan bir neçəsi qazi, şəhid oldu. Düşmənə göz açmağa imkan vermirdik. Orada hər kəsin bir amalı var idi: bircə qarış da olsa, torpağı azad edə bilmək. İşğalda olan ərazilərimizi hissə-hissə geri qaytardığımız saatlar ən xoşbəxt anımız olurdu. Tağı ilə bir ilə yaxın idi, bir yerdə xidmət edirdik. O, bundan öncə Heydərabad qəsəbə tam orta məktəbində Gənc­lərin çağırışaqədərki hazırlıq fənnini tədris edirmiş. Oradan ayrılıb hərbçi sənətini seçməyi də elə Vətən sevgisindən doğmuşdu. Birlikdə getmişdik Qarabağa, amma, təəssüf ki, birlikdə qayıda bilmədik. Onlar şəhadət şərbətini içib ölümsüzlüyə qovuşdular. Vətən yolunda canından keçən igidimizin Vətən sevgisi, döyüş yolu gələcək nəsillərə örnəkdir. Biz onu və digər yoldaşlarımızın xatirəsini daim yaşadacağıq.
Yazını tamamlayanda Tağının dəfnində balaca Yusifin: “Ana, o atamdı torpağa qarışdı?” sualı yadıma düşür. Və deyirəm ki, körpə balamız, atan kimi oğullar öz qanı, canı ilə qarışdılar torpağa, Vətən torpağını öz qanları ilə suladılar ki, qeyrət, qəhrəmanlıq, hünər, təəssübkeşlik bitsin... Gələcək nəsil görsün necə mübariz, vətənpərvər xalq olduğumuzu. Gələcəkdə kim olduqlarını, haradan gəlib, haraya getdiklərini bilsinlər. Torpağın bütövlüyü uğrunda, bu bayraq enməsin deyə canından keçən igidlərin övladları olmaqdan qürur duysunlar. Onların qəhrəmanlığı düşməndən azad etdikləri yerlərdə cücərəcək, böyüyüb köklü bir çinara dönəcək. Bu, Vətənin ölümsüz çinarları olacaq. Onların kölgəsində sənin kimi yüzlərlə igid oğul böyüyəcək.

 Ramiyyə ƏKBƏROVA

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR