21 Aprel 2021, Çərşənbə

Yolumuz qədim Naxçıvanın qeyrət qalası Sədərəyədir. Bu dəfə ezamiyyətə yox, Vətən müharibəsinin qəhrəmanlarından biri Ərtoğrula son borcumuzu ödəməyə gedirik… Qəhrəmanın ocağına ilk dəfə getsək də, heç kimdən soraq almırıq, çünki kəndə girər-girməz yolboyu dalğalanan bayraqlar bizə şəhid ocağının yerini nişan verir. Uğruna canını verdiyi bayraqlar yol göstərir gələnlərə… Hümbət atanın yollara dikilən gözlərinə əbədi həsrət çöküb. O, 52 gün yol gözləyib, hər gün əllərini Uca Tanrıya açıb: “Təki balam gəlsin, quzu qurban kəsəcəyəm”, – deyib. Ərtoğrulun cənazəsi gələn gün tabutu önündə qurban kəsib igid balasına. Deyir ki, oğlum əliboş qayıtmadı, özüylə zəfər gətirdi. İllərdir, dadını az qala unutduğumuz Qələbəni gətirdi bizə balalarımız. Onlar illərdir, əsir olan torpaqlarımızın dərdinə dərman oldular.

Bir ananın toyunu, xeyrini, bəhrəsini görə bilmədiyi balasını qara torpağa verməsi nə qədər acıdır, bunu, ancaq yaşayan bilər. Amma Nahidə ana qürurludur, dərdini içində boğmağı bacarır: “İgid oğlum öz arzusuna çatıb. Bağrım yanır, amma ağlamıram, çünki istəyinə çatıb balam”, – deyir Nahidə ana. Onun toy-büsatı cənazəsi gələn günü oldu. Hansı ki al bayrağa bələnib gəldi. Maşın karvanı qapımıza çatanda mən oğlumun toy karvanı kimi qarşıladım onları. Qalib, paşa kimi gəldi oğlum. Bütün Naxçıvan gəlmişdi onu qarşılayıb yola salmağa.
Nubar xanım qardaşı ilə birgə gəlib evlərinə, Bakı şəhərində yaşayır:
– Qardaşımla son dəfə danışanda o, Goranboy rayonuna ezam edilmişdi. Həmin gündən sonra bir daha səsini eşitmədim. Düz 52 gün biz ondan xəbər ala bilmədik. Onun cənazəsini Bakıya gətirəndə orada yaşayan ən yaxın qohumu təkcə mən olduğum üçün cənazənin qardaşıma aid olduğunu təsdiq etməli idim. Xəstəxanaya gedəndə necə bir mənzərə ilə qarşılaşacağımı düşünmək belə, istəmirdim. Həmişə eşitdiyim “şəhidlər ölmür, onların ruhları əbədi yaşayır” fikirini xatırlayır, özümə təsəlli verirdim. Mən o gün orada bir möcüzə ilə – Vətən, xalq, el, dövlət yolunda can verənlərin ruhunun da, cisminin də əbədi yaşadığına şahidlik etdim. Bu gün o, təkcə mənim deyil, bütün azərbaycanlı qızların qardaşıdır. Vətənimiz uğrunda canından keçən igidlər bizim canımızdan bir parçadır. Onların hər biri bütöv Azərbaycanın övladıdır. Şəhid ailəsi, bacısı olmaq böyük şərəfdir. Bizim yurdumuzun şəhidləri heç bir zaman ölməyəcək. Onlara böyük ehtiram göstərilir, ruhları önündə daim baş əyilir, ailələri uca tutulur deyə.
Şəhid haqqında bir neçə kəlmə – Ərtoğrul Nadirli 31 mart 1997-ci il Sədərək rayonunun Qaraağac kəndində anadan olub. 2012-ci ildə Naxçıvandakı Heydər Əliyev adına Hərbi Liseyə daxil olub. 2015-ci ildə oranı əla qiymətlərlə bitirib, Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olub. 24 iyun 2019-cu ildə Ali Hərbi Məktəbi bitirib, leytenant rütbəsi alıb. Tovuz bölgəsinə göndərilib. 6 ay xidmətdən sonra Bakıya kursa gələn Ərtoğrul buranı bitirərək Daşkəsən rayonuna xidməti vəzifəsinə yola salınıb. 27 sen­tyabrda Vətən müharibəsində iştirak etmək üçün Goranboy rayonuna ezam olunub. Murovdağ yüksəkliyinin alınmasında döyüş yoldaşları ilə birgə çətin əməliyyatlarda iştirak edib, qəhrəmanlıq göstərib. Eyni zamanda onlarla yaralı yoldaşını döyüş bölgəsindən çıxarıb. Orada xeyli sayda erməni faşistlərini məhv ediblər. Ancaq son anda uzaq məsafədən snayperdən açılan atəşlə şəhadətə qovuşub.
Ta qədimdən dünyaya göz açan körpəyə ad veriləndə “Adıyla böyüsün”, – deyirdilər. Ərtoğrul da adı ilə böyüdü. Uşaqlığı cəbhədə düşmən postlarının beş addımlığında keçdi. Hər gün Sədərək döyüşlərində can qoyan igidlər haqqında əfsanələr dinləyərək böyüdü. Bu torpağın bütövlüyü uğrunda, bayrağımız enməsin deyə, canından keçən igidlərin həyat hekayələri ona hərbçi olmaq üçün stimul verdi. O, adının sahibi kimi bir türk fatehi oldu. İllərdir, Vətənin qanayan yarasına məlhəm olan qardaşlarına qoşuldu.
Ərtoğrul, bu xalq, bu Vətən sənin kimi igid oğulların haqqını dünya durduqca sizi yaşatmaqla ödəyəcək. Sənin kimi igidlərin şəhadəti ilə Qarabağ əbədi olaraq Anasına qayıtdı. Bu Ana Vətən övladını qanı, canı bahasına ona qaytaran, öz analarının ürəyinə isə qor olan balalarını heç vaxt unutmayacaq.


 Ramiyyə ƏKBƏROVA

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR