21 Aprel 2021, Çərşənbə

Prezident İlham Əliyev sentyabrın 27-də  xalqa müraciətində deyirdi: “Biz öz torpağımızda vuruşuruq. Bu gün Azərbaycan Ordusu Azərbaycan torpaqlarında düşmənə sarsıdıcı ərbələr endirir. Bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir”.

Azərbaycan ordusu illər öncə fürsətdən istifadə edilərək 4 ildə işğal edilən torpaqlarımızı cəmi 44 gündə geri qaytardı. 2800-dən çox can bahasına, 2800-dən çox əbədi məşələ dönən igidin, qəlbini ovcunda sıxıb, odu sinəsində söndürən, oğul böyüdüb Vətənə qurban verən  anaların  sayəsində. Onlar bizim qələbə müjdəli şəhidlərimiz oldu. İllərdir məğlub xalq damğasını daşımaqdan yorulan xalqımızın üzünü ağ edən qəhrəmanlıq dastanı yazan bir xalq olduğumuzu bütün dünyaya göstərən oğullarımız. Onların sayəsində bu gün daha da qürurla dalğalanır şanlı bayrağımız. Onlar bizim qürurumuz, fərəhimiz, kədərimiz, sevinc göz yaşımız oldular. Vətən savaşının igidləri onlardan öncə nahaq yerə tökülən qanın, illərdi düşmən tapdağında qalan torpağın qisasını aldılar. Onlardan biridir qədim Naxçıvanın Əlincəsi ilə dillərə dastan olan Culfa elinin igid oğlu Amin Gülməmmədov.

 Amin rayonun Saltaq kəndində dünyaya göz açmışdı. Onun ən böyük arzusu hərbçi olmaq, Vətənin müdafiəsində dayanıb şərəfli bir ad daşımaq idi. Qohumlarının arasında bir neçə hərbçinin olması onda bu sənətə böyük sevgi yaratmışdı, – deyir Aminin əmisi Hilal müəllim.

Təsadüfi deyil ki, məktəbdə ən çox sevdiyi dərs də Hərbi biliklər idi. Arzusunun yerinə yetməsi üçün bütün günü çalışırdı. Onu Naxçıvan şəhərində yerləşən Heydər Əliyev adına Hərbi Liseyə aparan istək də bu idi. Liseyi bitirdikdən sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olan Amin Gülməmmədov 2017-ci ildə təhsilini tamamlayaraq. Azərbaycan Respublikasının Silahlı qüvvələrində leytenant rütbəsində xidmətə başlayıb. Nizam-intizamı ilə seçilən Amin qüsursuz xidmətinə görə üç il sonra baş leytenant rütbəsini alıb. O, cəbhə bölgəsi olan Fizuli rayonunda yerləşən “N” hərbi hissədə qulluq edib və 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən başlanılan əks-hücum əməliyyatında qəhrəman əsgər və zabitlərimizin sırasında yer alıb, torpaqlarımızın düşmən işğalından xilas edilməsi üçün gərgin keçən döyüşlərdə iştirak edib. O, Vətən müharibəsində göstərdiyi şücaətə görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamı ilə “Cəsur döyüşçü” medalı ilə təltif edilib.

Yurdumuzun igid oğlunun döyüş yolu barədə daha ətraflı məlumat almaq üçün komandiri, döyüş yoldaşı, əslən Şərur rayonunun Çomaxtur kəndindən olan Əliheydər Fərəcovla telefon əlaqəsi yaratdıq. Onun ilk cümləsi belə oldu: “Amin peşəkar hərbçi, çox qoçaq oğlan idi. Biz həm yaxşı bir zabitimizi, həm də əziz dostumuzu, silah yoldaşımızı itirdik. Daha doğrusu Amin ən ali məqam olan şəhadət zirvəsinə ucaldı”.

Əliheydər Fərəcov şəhidimizin döyüş ruhunun çox yüksək olduğunu vurğulayaraq sözlərinə davam etdi: “Amin bütün tapşırıqları qüsursuz yerinə yetirirdi. Döyüşdə də əsl qəhrəmanlar kimi şücaət göstərdi. Gənc olmasına baxmayaraq çox təcrübəli idi. Təlimlərdə cəldliyi ilə seçilirdi. Vətən müharibəsində də təlimdə topladığı biliklərdən faydalanaraq döyüş yoldaşları ilə birlikdə düşmənə ağır zərbələr vururdu. Amin Fizuli rayonun Aşağı və Yuxarı Əbdürrəhmanlı, Yuxarı Seyidəhmədli kəndlərinin azad olunmasında xüsusi şucaət göstərən zabitlərimizdən biri idi. O, Xocavənd rayonun Böyük Tağlar kəndi istiqamətində qəhrəmancasına şəhid olub öz qanı ilə can verdi illərdir düşmən tapdağında susuz qalıb cadar-cadar olan torpaqlarımıza!”

Yazımı yazıb tamamlamaq üzrə ikən gözümə masanın üstündəki “Şərq qapısı” qəzeti dəyir. Tarix həmin tarixdi, igid Aminimizin qədim yurdumuza üçrəngli bayrağa bürünüb “gəldiyi” tarix – 28 dekabr 2020-ci il. Həmin gün Naxçıvan Beynəlxalq Hava Limanında şəhidimizi qarşılayan Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Aminin ailəsinə hörmət və ehtiramını bildirməsi, dərdlərinə şərik olması yadıma düşür. Hava limandan başlayıb Culfa rayonunun Saltaq kəndinə yol alan maşın karvanını, insanın iliyinə işləyən sərt şaxta olasına baxmayaraq, yol kənarlarına çıxıb övladını qarşılayan naxçıvanlıları xatırlayıram.

2020-ci ilin son günlərində Naxçıvanın sonuncu şəhidi Amin Gülməmmədov oldu. Və bu cümlələri yazarkən bir duam, bir istəyim var: son şəhidimiz ol, ağlamasın bir də analar, yarımçıq qalmasın “Vağzalı” sədaları, Tanrı xalqımızı sınağa çəkməsin bir daha. Sizlər bizim son əbədiyyət, sülh göyərçinlərimiz olun, unudulmaz Vətən oğulları!

Ramiyə ƏKBƏROVA

 

 

 

 

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR