Çıxış yolu işləməkdədir
Son iki ildir ki, dəmir yolu işləmir. Təchizat işi pozulmuş, ərzaq və yanacaq ehtiyatı tükənmişdir. Nəqliyyatın hərəkəti dayandığından son günlər unun qurtarması, çörək qıtlığı daha çox narahatlıq doğurmuşdur. Bahalıqdan, qıtlıqdan çox danışırıq. Belə ki gedir, hələ çox danışacağıq. Sovetlər dönəmində dövlət hər şeyi qarmalayıb əlinin altına yığdığından, əhalinin təminatını “öz öhdəsinə götürdüyündən” hamıda pis bir vərdiş yaranıb. Hər şeyin hazırını almaq. Bəs vəziyyətdən çıxış yolunu nədə axtarmalıyıq? Yeganə ümid yolumuz buna qalıb ki, ellikcə işləyək, məhsul istehsalını artıraq. Allaha şükür, torpaqlarımız hər şey yetirir. Sitrus bitkilərindən tutmuş meşə almasınadək, sənaye əhəmiyyətli təbii ehtiyatlarımız da bizə bəs edəsi qədərdir. Kəndli kəndliliyini unudub, o da gözünü dükan-bazara dikib ki, nə vaxt mağazalara un gələcək. Bu yaxınlarda bir sürücü tanışım mənə bir sual verdi: “Torpaqlar camaata paylansa, hökumət daha bizə un verməyəcək?”