Ötən gecə İtaliya ərazisində 30-dan çox yeraltı təkan qeydə alınıb

Serqqapisi.az AZƏRTAC-a istinadla xəbər verir ki, Milli Geofizika və Vulkanologiya İnstitutunun məlumatına əsasən, ən güclü yeraltı təkan 4,2 bal gücündə olub. İtaliyanın Marke regionunda Maçerata şəhəri yaxınlığında qeydə alınan zəlzələnin episentri yer səthindən 6 kilometr dərinlikdə yerləşib.

Dağıntılar və xəsarət alanlar barədə hələlik heç bir məlumat verilmir.

Xatırladaq ki, 2016-cı il avqustun 24-də indiki yeraltı təkanlardan təxminən 100 kilometr məsafədə baş verən dağıdıcı zəlzələ nəticəsində 300 nəfərədək insan həlak olub. Zəlzələ nəticəsində Amatriçe şəhəri demək olar ki, tamamilə dağılıb. Oktyabrda baş verən və 1980-ci ildən bəri Apennində qeydə alınan ən güclü zəlzələ isə 40 min nəfəri evsiz qoyaraq, ölkənin mərkəzində yerləşən 100-ə yaxın yaşayış məntəqəsində ciddi dağıntılar törədib.

Bu il yanvar ayının ortalarında İtaliyanın mərkəzində 5 baldan yuxarı yeni yeraltı təkanlar seriyası baş verib. Abrusso regionunda yerləşən “Rigopiano” otelinin yer səthinin titrəməsi və güclü qarın səbəb olduğu uçqunun altında qalması nəticəsində 29 nəfər həyatını itirib. 

 Xəbərlər şöbəsi