Fevralın 6-da Yaponiyanın Sapporo şəhərində 68-ci qar fiqurları festivalı başlayıb. Ənənəvi olaraq hər il təşkil olunan festival zamanı şəhərin mərkəzindəki Odori parkında və yaxınlıqdakı iki ərazidə qardan düzəldilmiş 200-dən artıq fiqur nümayiş olunur.

          Parkda yerləşən beş ən böyük fiqurdan biri məşhur “Final Fantasy VII” oyununun qəhrəmanlarına həsr edilib. Bundan əlavə, “Ulduz müharibələri” fantastik saqasına və Parisdəki Qələbə tağına həsr olunan fiqurlar da burada yer alıb.

           “Şərq qapısı” AZƏRTAC-a istinadən xəbər verir ki, festival iştirakçıları yerli sakinlər tərəfindən düzəldilən 80 ədəd  qismən kiçik fiqura da maraqla baxırlar. Onların arasında məşhur smartfon oyunu “Pokemon Qo” və qələm, alma və ananas barədə populyar mahnının müəllifi yaponiyalı  komediya ustası  Pikotaronun fiqurları da var.

          Ənənəvi olaraq hər il fevral ayında təşkil olunan festivalda iki milyondan çox yerli və əcnəbi tamaşaçının iştirakı gözlənilir. Cari ildə festivalın fevralın 12-də başa çatacağı bildirilir.