Yaponiyaya yağan güclü qar bir sıra yerlərdə fəsadlar törədib. Belə ki, Tottori prefekturasının Kurayoşi şəhərində yağan güclü qar nəticəsində 1300 ailə elektrik enerjisiz qalıb.

          Serqqapisi.az AZƏRTAC-a istinadən xəbər verir ki, güclü qar Tottori ilə yanaşı, Okayama və Hiroşima prefekturalarında nəqliyyatın hərəkətində çətinliklər yaradıb. Qatarlar fasilələrlə hərəkət edir. Naqoya və Osaka şəhərləri arasında sürətli qatarların hərəkət sürəti zəifləyib. Vakayama prefekturasında təqribən 40 nəfər sərnişin 90 dəqiqə ərzində Koyasan dağına qalxan funikulyorda qalıb.

          Son sutkalar ərzində Yaponiyanın qərbinə 40 santimetrdən çox qar yağıb. Paytaxt Tokioya yağan qar havanın temperaturunun müsbət 9 dərəcə olması səbəbindən tezliklə əriyib. Yaponiya Meteorologiya Agentliyinin məlumatına əsasən, ölkə ərazisində güclü qar bazar gününədək davam edə bilər.

           Qeyd edək ki, bu qış Naxçıvan Muxtar Respublikasının ərazisinə bəzi yerlərdə 60-70 santimetrdən artıq qar yağıb. Amma vaxtında görülən qabaqlayıcı tədbirlər nəticəsində yağan qar muxtar respubublikanın gündəlik həyatında heç bir problem yaratmayıb. 

 Xəbərlər şöbəsi