“Apple” şirkətinin 2017-ci ildə üç yeni “iPhone” modeli istehsal edəcəyi gözlənilir.

Serqqapisi.az  ictnews.az saytına istinadən xəbər verir ki,  buraxılışı gözlənilən “iPhone” qurğularında ən böyük yenilik ən azı modellərdən birinin “AMOLED” ekrana malik olmasıdır. Həmçinin bəzi mənbələr yeni aparatlarda simsiz enerjidoldurma texnologiyasının quraşdırılacağı barədə məlumat verib.

“KGI Securities” şirkətinin analitikləri bu barədə fikirlərini bölüşərək gələcək “Apple” smartfonlarında komponentlərin qızmasının qarşısını almaq üçün əlavə qrafit plyonka qatı ilə təchiz ediləcək yeni “3D Touch” modullu şüşə korpusdan istifadə ediləcəyini bildiriblər.

 

Məlumata görə, “Apple” yeni “3D Touch” modulunun istehsalına 5 dollar daha çox vəsait sərf edəcək. Söhbət cüzi bahalaşmadan getsə də, bu, 2017-ci il “iPhone” buraxılışlarının ilk dəfə 1000 dollardan baha olacağı ilə bağlı bu yaxınlarda yayılan informasiyanı bir daha təsdiq edir.

Yeni “Apple” smartfonlarının qiymətinin yüksək olması təkcə yeni “3D Touch” modulu və ya yubiley statusu ilə deyil, həm də çərçivəsiz “OLED” displeyi ilə əlaqədar ola bilər. Bu element şirkətə hazırkı “LCD” displeylərdən iki dəfə baha başa gələcək. Lakin bu innovasiya ön paneldə mexaniki “Home” düyməsinin quraşdırılması zərurətini aradan qaldıracaq. Yan tərəfdəki düymələri metal çərçivəli sensorlar əvəz edə bilər.

“Apple” bu il 5,8 düymlü şüşə korpusa malik “iPhone 8” modeli ilə yanaşı, hazırkı qabaqcıl modellərlə müqayisədə dizaynda minimal dəyişikliklərlə 4,7 düymlü “iPhone 7s” və 5,5 düymlü “iPhone 7s Plus” smartfonlarını təqdim edəcək.

Xəbərlər şöbəsi