Həkimlik ən humanist peşələrdən biridir. Şübhəsiz, bu həyatda sağlam yaşamaq nə qədər xoşbəxtlikdirsə, insanları yenidən sağlamlığına qovuşdurmaq da o qədər gözəl hissdir. Bəlkə, buna görədir ki, bir həkim haqqında düşünəndə onu haradasa ağrılardan əziyyət çəkən bir xəstənin sağalmaq üçün Uca Yaradanın mükafatı kimi görürük. Şübhəsiz, indiyə qədər diş ağrısından kimsə dünyasını dəyişməsə də, bir gecə yarısı qəfil başlayan bu ağrıdan çəkilən əziyyət bir çoxlarına tanışdır. Odur ki, sağlamlıq, əslində, ağız boşluğundan başlayır, – deyəndə bu fikir, sadəcə, dişlərin qorunması və müalicəsi ilə bağlı deyildir. Belə ki, insan orqanizminin bir çox xəstəliklərinin məhz dişlə əlaqəli olduğu müasir tibb elminin gəldiyi qənaətlərdəndir. Buna görə də bu gün də olmasa, sabah diş və ağız boşluğu ilə bağlı problemlərlə hökmən rastlaşacağı üçün hər kəsin stomatoloqlara və onların dəyərli məsləhətlərinə ehtiyacı var.
Rauf Cəfərov Naxçıvanın tanınmış stomatoloqlarındandır. O, Babək rayonunun Nehrəm kəndində ziyalı ailəsində doğulub. Hələ uşaq ikən onda həkim olmaq arzusu yaranıb. Bu da təsadüfi deyil. Nehrəm yaxın keçmişdə və bu gün də məşhur həkimləri ilə tanınır. Elə bu arzu ilə də 1984-cü ildə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun Stomatologiya fakültəsinə daxil olan Rauf Cəfərov 1991-ci ildə həmin fakültəni bitirib. Bundan sonra o, muxtar respublikadakı müxtəlif tibb müəssisələrində həkim-stomatoloq kimi fəaliyyət göstərib və 2005-ci ildən “İmplant-Dent-Naxçıvan” özəl stomatoloji klinikasının baş həkimdir.