21 Aprel 2021, Çərşənbə

Son illərdə yaranmış yeni iqtisadi şəraitdə ölkəmizin ixrac potensialının daha da artırılması və onun qeyri-neft məhsulları istiqamətində şaxələndirilməsi, qəbul olunmuş mühüm qərarlar “Made in Azerbaijan” brendinin formalaşdırılması və onun dünyaya tanıdılması zərurətini bir daha ortaya qoyub. Təbii sərvətlərlə çox zəngin olan Naxçıvanda özəl bölmənin inkişafına göstərilən dövlət dəstəyinin daha da artırılması bu baxımdan öz bəhrəsini verib.

Bol parlaq günəş, bərəkətli torpaq, su, təmiz, quru hava, mineral sular, yeraltı mineral maddələr, turizm ehtiyatları, tikinti materialları və digər çox sayda təbii qaynaqlar Naxçıvanda yaşayan insanların sağlamlığı və normal həyatı üçün əvəzedilməz faktorlardandır. Təbii ehtiyatlardan səmərəli istifadə üzərində qurulmuş dayanıqlı iqtisadi model isə muxtar respublikanın hərtərəfli inkişafını tamamlayan digər bir ünsür olmaqla, özünü mühüm tələbatların ödənilməsində göstərir. Bu həm yerli əhalinin ehtiyaclarının qarşılanması, həm də Naxçıvanın ixrac potensialını ortaya qoymaqla bir çox dünya ölkələrindəki insanların da həyatını rifahlandıran təbiiliyi və keyfiyyəti ilə seçilən məhsullardır. Naxçıvanda fəaliyyət göstərən “Gəmiqaya Daş Məhsulları Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin istehsal etdiyi mərmər və travertin məhsulları da muxtar respublikamızda həyata keçirilən genişmiqyaslı quruculuq tədbirlərində yerli tikinti materiallarına olan tələbatın ödənilməsində mühüm rol oynamaqla bərabər, həm də ölkəmizin ixrac potensialına mühüm bir töhfə qazandırır.

2005-ci ildə yaradılmış müəssisə muxtar respublikamızın təbii sərvətlərindən daha səmərəli istifadə etməklə travertin və mərmər emalı üzrə ixtisaslaşıb. Qarabağlar, Çalxanqala, Yuxarı Buzqov və Ərəzin kəndlərinin zəngin yataqlarından çıxarılan travertin, mərmər və sianid daşlar emal üçün müəssisəyə gətirilir və burada quraşdırılmış Türkiyə, İtaliya və Çin istehsalı olan avadanlıqlarla istənilən forma və ölçüdə emal olunaraq ev və həyətlərin, bina fasadlarının, yolların, küçə və xiyabanların bəzəyinə çevrilir. Xammal kimi istifadə olunan bu daşlar təbii olaraq antibakterial keyfiyyətə malik olub, daxili məkanlarda da geniş istifadə olunur. Müəssisədə olarkən öyrəndim ki, gündəlik istehsal gücü 2,500 kvadratmetr daş olmaqla burada bej, oliv, sianid və travertin məhsulları ilə yanaşı, qara inci mərmər də istehsal edilir. Müəssisədəki dekorasiya sahəsində kompüterlə idarə olunan müasir texnoloji avadanlıqlar quraşdırılmış və verilən hər bir sifarişə uyğun travertin üzərində oyma üsulla naxışlar salınır. Hazırda müəssisədə 4 növ travertin, 3 növ mərmər və 1 növ sianid daş məhsulları istehsal olunur ki, bunlar da yerli alıcılarla yanaşı, ixrac bazarlarında da yüksək tələb görür. Belə ki, satışa göndərilən yüksəkkeyfiyyətli daş məhsulları Azərbaycan Respublikasının bütün bölgələrinə çıxarılmaqla yanaşı, Türkiyə və Gürcüstan respublikalarına da ixrac edilir.
“Gəmiqaya Daş Məhsulları Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin istehsal etdiyi daş məhsullarının ixracı məqsədilə ölkəmizdə və xaricdə keçirilən biznes forumlarda müəssisə nümayəndələrinin iştirakı və beynəlxalq sərgilərdə müəssisədə istehsal olunan məhsulların nümayişi təmin edilmiş, nəticədə, məhsullar xarici şirkətlərin marağına səbəb olmuşdur. Həyata keçirilən kompleks tədbirlər, xarici bazarların araşdırılması və digər mühüm marketinq fəaliyyəti öz bəhrəsini vermişdir. Belə ki, 2020-ci ilin 7 ayı ərzində “Gəmiqaya Daş Məhsulları Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin istehsal sahələrində hazırlanan 2 min ton, yəni 40 min kvadratmetr daş məhsulları sifarişlərə uyğun olaraq Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş mənşə sertifikatları əsasında istehsal edilərək Türkiyə və Gürcüstan respublikalarına ixrac edilmişdir. Hazırda məhsulların digər xarici ölkələrə də ixrac olunması planlaşdırılır.

 Əli CABBAROV

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR