Ölkəmizdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq fərman və sərəncamları ilə vətəndaşlara ödənilən təqaüd və sosial müavinətlərin məbləğləri artırılır, yeni təqaüdlər təsis edilir. Məlum olduğu kimi, ölkə başçısının “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” 2019-cu il 25 fevral tarixli Sərəncamı ilə cari ilin aprel ayından etibarən sosial müavinətlər və təqaüdlərin məbləği artırılıb.

İnsanların güzəranının daha da yaxşılaşmasına xidmət edən və əhali arasında böyük razılıqla qarşılanan bu artım muxtar respublikamızda yaşayan sosial qayğıya ehtiyacı olan şəxsləri də sevindirib. Artıq öz müavinətlərini artımla almış vətəndaşlar dövlətimizin onların sosial vəziyyətlərinin yaxşılaşdırılmasına yönəlmiş belə qərarlarından məmnunluğunu bildirir, minnətdarlıq edirlər.

 

Qeyd edək ki, sosial müavinətlərin artımı ilə yanaşı, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli Fərmanı ilə müharibə veteranlarına 55 manat məbləğində kommunal, nəqliyyat və digər xidmətlərə görə ödənilən sosial müavinətin əvəzinə 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilib. Ölkə başçısının eyni tarixli növbəti Fərmanı ilə ümumi xəstəliklə, hərbi xidmət dövründə xəstələnmə ilə, əmək zədəsi və peşə xəstəliyi ilə, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, ÇernobılAES-də qəzanın ləğvi ilə bağlısəbəblərdən I qrup əlilliyi olan şəxslər üçün isə 100 manat məbləğində Prezident təqaüdü təsis olunub. Artıq muxtar respublikada sözügedən təqaüdlərin də artımla ödənilməsinə başlanılıb.

Prezident təqaüdləri üzrə artımlar aprel ayının ilk günündən hesablanmaqla ödənilib. Təbii ki, həyata keçirilən bu tədbirlər əhalinin sosial müdafiəsinə göstərilən dövlət qayğısının növbəti təzahürüdür.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti