23 Sentyabr 2019, Bazar ertəsi

(Esse)

Buradan şəhərimizin aşağı məhəllələrini canlandıran mənzərələri seyr etmək mənə daha xoş gəlir. Xüsusən gümüş kəmərtək parlayan xan Arazın səltənətinin seyrinə daldıqca doyumsuz gözəlliklərin şahidi olursan. Axşam tərəfi qürub edən Günəşin şəfəqləri Arazı rəngdən-rəngə boyayır.
Gözümün önündə canlanan bir maraqlı mənzərə də var burada. Adama elə gəlir ki, burada nə zamansa yer yerindən oynayıb. Uca qayalar parçalanaraq sinəsində sevənlərə yer ayırıb. Nə zaman buraya üz tutsam, uzun-uzadı salınan pillələrlə aşağı doğru enirəm. Elə buradaca ağlıma gözəl şairimiz Muxtar Qasımzadənin bu misraları düşür...

Qaya pilləkəndən enib gəlirəm
Yanında qalmağa, Qızlar bulağı.
Bir həzin nəğməyə dönüb gəlirəm,
Mən sənin olmağa, Qızlar bulağı.

Yayda səs-səsə verən su damlalarlı, qışda buz şəlaləli Qızlar bulağı... Əfsanə və rəvayətlərdə adıçəkilən, şəninə nəğmələr qoşulan, şeirlərdə vəsf edilən nazlı təbiət gözəli... Heç düşünmüsünüzmü bura niyə “Qızlar bulağı” adlandırılıb?
Hər ziyarətə gəldiyimdə bu sualla dərin düşüncələrə qapılıram. Bəlkə də, qayaların arasından daranıb süzülən mirvari su damlaları qızların zülfünə bənzədiyi üçün buraya Qızlar bulağı adı veriblər:

 Yüz ildir, min ildir saçın qurumur,

Yaşıl səltənətin, tacın qurumur.
Buludlar quruyur, damcın qurumur,
Düşmüşəm marağa, Qızlar bulağı.

Ya da ki, çiynində səhənglə incəbelli qızlara məskən açdığı üçün bu adla tarixə yazılıb Qızlar bulağı. Axı bizim qədim adətlərimizdə “bulaq başı” ənənəsi də var idi. Bir neçə yüz il bundan qabağa qədər subay qızlar əllərində səhəng bulaq başında bir araya gələrdilər. Subay oğlanlar isə zər-zibalı geyimli qızlar arasından öz yarını seçmək üçün ətrafda pusqu qurardılar.
Nənəmdən eşitdiklərimi yada salıram. O, anasından qalan bir xatirəsini bölüşərkən deyirdi: “Anam bütün övladlarını evləndirib, yan-yöng etmişdi. Bircə ən kiçik qardaşımı “yola gətirə” bilmirdi. Yaşı-başı ötürdü. Bir gün paltarlarını səliqəyə salanda cibindən kiçik bir məktub tapmışdı. Sadəcə, bu sözlər yazılmışdı: “Axşam gün batanda, bulaq başında”. O zaman kiçik oğlunun da öz yarını tapdığına əmin olan anam sevincək toy tədarükünə başlamışdı”.

Payız da yaşılsan, qış da yaşılsan,
Sən mamır qanadlı tovuz quşusan,
Sevən ürəklərə elçi daşısan-
Xəyala dalmağa, Qızlar bulağı.

Bəli, beləcə, neçə-neçə saf, ülvi məhəbbətin təməli atılardı bulaq başında. Dövr dəyişdi, adətlər cilalandı, bəziləri unuduldu. Sonrakı dövrlərdə bulaq başı ənənəsi də tədricən arxaikləşdi. Lakin Qızlar bulağı yenə də unudulmadı. Yenə də bu nazlı diyar sevgililərin görüş yerinə çevrildi. Bu möcüzəli qayalar sinəsində minlərlə sevginin tarixçəsini daşıdı. Qayaların arasından tumurcuqlanan su damlaları neçə-neçə sevgini yuyub-arındıraraq saf məhəbbətə çevirdi.
Bəzən də bir zamanlar qovuşmaq arzusunda olan nakam sevginin ümid yeri oldu. “Bəlkə, yenə gəldi” həsrətilə hər gün ona pənah gətirənlərin göz yaşına çevrildi bu damlalar...
İndi Qızlar bulağının özü də nakamdır. Bu cür tanışlıqlarla, gizli görüşlərlə çoxdan vidalaşıb. İndi artıq görüş yeri dəyişib. Gənclər Qızlar bulağını tərk edib sosial şəbəkələrdə vədələşirlər. Bu sakit mənzərəni tək-tük sevgili ziyarətə gəlir. Bir də mənim kimi darıxanlar...
Beş-on il əvvəli göz önünə gətirirəm. Uşaqlığımda da tez-tez gələrdim bu sirli aləmə. O zamanlar necə də çılğın idin, Qızlar bulağı! Bəzən coşqun, bəzən həzin avazı ilə məni ovsunlayan narın damlaların zülfünə əllərimlə sığal çəkərdim. Narın-narın axan suların həzin nəğməsində sakitlik tapardım. Bir qədər kənarda, Bazarçayın dərin yarğanda əks-səda verən şəlaləsi bu sakitliyi pozardı. Bu əzəmətli qayaların arasından bir neçə sərin sulu bulaq da çağlayardı. Hər gəldiyimdə ovcunu doldurub sərinlik tapan insanlara mütləq rast gələrdim.
Hərdən fikirləşirəm ki, yoxsa küskündür Qızlar bulağı? Bəzən mənə elə gəlir ki, nə buz bulaqlar, nə hayqıran şəlalə, nə də qayaları yaşıl mamıra bürüyən narın su damlaları əvvəlkitək gur axır. Hərdən səssiz axan zərif su damlaları bəzən də vüsala qovuşanların sevinc göz yaşıdır sanki...

Yəqin həsrət idin səsə, şənliyə
İndi son qoymusan daha təkliyə.
Gəlmişəm, telinə sığal çəkməyə,
Könlünü almağa, Qızlar bulağı.

 Gülcamal TAHİROVA

ARXİV

Sentyabr 2019
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR