13 Noyabr 2019, Çərşənbə

İdmanın sağlam həyat tərzi olduğunu yeniyetmə və gənclərə aşılamaq günün vacib məsələlərindən biridir. Bu məsələdə idmanla məşğul olanlar üçün hərtərəfli şəraitin yaradılması isə başlıca amillər sırasındadır. Bu gün muxtar respublikada belə şərait yetərincədir. Belə ki, idmanın kütləviliyinin təmin edilməsində idman komplekslərindən, zallarından, açıq idman qurğularından istifadə etmək üçün hər cür imkanlar var. Bu obyektlər içərisində Şərur Olimpiya İdman Kompleksinin fəaliyyəti də maraq doğurur.

 

Bəs bu gün kompleksdən necə istifadə olunur? Muxtar respublikada yaradılmış idman federasiyaları komplekslə işi necə qurublar? Bu və ya bu kimi suallara aydınlıq gətirmək üçün Şərur rayonuna yollandıq.
Tikintisinə 2007-ci ilin iyununda başlanılan kompleksin ümumi ərazisi 9 hektardır, 4 hektar sahədə yaşıllaşdırma işləri aparılıb. Bina sahəsi 12 min kvadratmetr olan idman obyektinə mehmanxana, idman kompleksi, 142 tamaşaçı yeri olan üzgüçülük hovuzu daxildir. Bundan əlavə, kompleksdə 2400 tamaşaçı yeri olan süni örtüklü stadion, tennis kortları, mini-futbol, basketbol və voleybol meydançaları var. Üçmərtəbəli, 60 nəfərlik mehmanxanada hər cür rahatlığı olan 30 otaq, iclas zalı, 68 nəfərlik yeməkxana fəaliyyət göstərir. 2009-cu ildə ölkə Prezidenti cənab İlham Əliyevin iştirakı ilə kompleksin açılışı olub. Onu da deyək ki, rayonda idmanın müxtəlif sahələrinin müasir tələblər səviyyəsində inkişafı məqsədilə kompleks lazımi avadanlıqlarla təchiz olunub.
Bu gün örtülü idman zalı, futbol, voleybol, basketbol meydançaları, ağır atletika zalı daim idmançılarla dolu olur. Bundan əlavə, sağlam həyat tərzi keçirmək istəyənlər trenajor zallarında müntəzəm olaraq məşq edirlər. Kompleksdə üzgüçülüklə də məşğul olmaq mümkündür. Bu idman növlərində peşəkar mütəxəssislərin çalışdığını da vurğulamaq lazımdır. Məşqçilərin nəzarəti altında müntəzəm olaraq məşqlər aparılır. Məşqlər ikinövbəlidir və səmərəli keçirilməsinə nəzarət edilir.
İdman obyekti bir sıra federasiyalarla sıx əməkdaşlıq şəraitində işləyir. Burada təlim-məşq toplantılarının, seminar və nümunəvi çıxışların, müxtəlif idman növləri üzrə ölkə yarışlarının, muxtar respublika birinciliklərinin final mərhələlərinin keçirilməsinə nail olunub.
Kompleksin direktoru Ramil Dadaşov bildirdi ki, bu obyekt muxtar respublikanın ən yaxşı idman müəssisəsi kimi ad qazana bilib. Burada çox mehriban kollektiv formalaşıb. Kompleksə gələn, işçilərlə münasibət quran hər bir kəs bu mehribanlığı görür, onu qiymətləndirir. Kompleksdə hər gün qaynar idman həyatı yaşanır, idman və sağlamlıq tədbirlərinin miqyası genişlənir, kütləviliyi artır, idmanın inkişaf etdirilməsi məqsədilə ardıcıl yarışlar, təlim-məşqlər həyata keçirilir. Cari ildə də yeniyetmə və gənclərin sağlam böyümələri, ölkədaxili və beynəlxalq arenalarda Naxçıvanı təmsil edə biləcək atletlərin hazırlanması əsas vəzifə kimi qarşıya qoyulub.
Olimpiya İdman Kompleksində bədii gimnastika, üzgüçülük və futbol bölmələri var. Həftənin 2 və 4-cü günləri bədii gimnastika məşqləri keçirilir. Gün ərzində 3 saata yaxın vaxtda kompleksdə bədii gimnastikanın inkişaf etdirilməsinə öz töhfəsini verən məşqçi-müəllim Sevinc Nəcəfova bizimlə söhbətində bildirdi ki, idmançılar kompleksdə məşq etdikdən sonra rahat şəkildə burada istirahət edə bilirlər.
Yeniyetmə futbolçulara bu növün sirlərini öyrədən Bilal Nağıyev isə vurğuladı ki, valideynlər yaradılan şəraitdən çox razıdırlar və uşaqların idmana cəlb edilməsində onların da rolu böyükdür. Peşəkar idmançı yetişdirmək üçün, ilk növbədə, şərait və təmizlik olmalıdır ki, bu da Şərur Olimpiya İdman Kompleksinin timsalında nümunədir.
Həftənin 2 günü kompleksdən istifadə edənlər sırasında üzgüçülüyə marağı olanların sayı getdikcə artır. İdmanın bu növünü tədris edən Türkan Gözəlova söhbətində qeyd etdi ki, üzgüçülüyə marağın artmasına səbəb yaradılan şəraitdir.
Ramil Dadaşov onu da bildirdi ki, Şərur Olimpiya İdman Kompleksi hər zaman yeniyetmə və gənc idmançıları qəbul etməyə hazırdır. Öyrəndik ki, dövlət qurumları da kompleksdə yaradılmış şəraitdən səmərəli istifadə edirlər. Eyni zamanda federasiyaların təlim-məşq toplanışları da kompleksin idman zallarında keçirilir. Obyekt, demək olar ki, istənilən komandanı qəbul etməyə hazırdır və bura təlim-məşq toplanışı keçirmək üçün ideal vəziyyətdədir. Təsadüfi deyil ki, ağır atletika üzrə Azərbaycan yığması bu yaxınlarda kompleksdə təlim-məşq toplanışı keçirib. Eyni zamanda ənənəvi olaraq keçirilən futbol üzrə “Heydər Əliyev kuboku” turnirində çıxış edən MOİK və “Şüvəlan” komandaları da məhz kompleksin qonağı olublar.
Şərur Olimpiya İdman Kompleksi muxtar respublikada fəaliyyət göstərən və qapıları gənclərin üzünə daim açıq olan idman obyektidir. Kompleksin direktoru onu da vurğuladı ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin balansında olan bu obyektdə mütəmadi olaraq təmir işləri aparılır, geniş yaşıllıq sahəsi ilə əhatə olunmuş ərazidə abadlıq işləri həyata keçirilir. O, xüsusilə bildirdi ki, bu gün gənclər kompleksdən səmərəli istifadə edir, burada peşəkar idmançılar yetişir, yaradılan hərtərəfli şərait onların uğur qazanmasında mühüm rol oynayır.

 Ceyhun MƏMMƏDOV

ARXİV

Noyabr 2019
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR