Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyəti Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyası üzvlüyünə qəbul olmaq arzusunda olan şəxslər üçün müsabiqə elan edir. Müsabiqədə (ixtisas imtahanlarında) ali hüquq təhsilli, hüquqşünas ixtisası üzrə üç ildən az olmayaraq iş stajı olan və ya elmi və pedaqoji təhsil müəssisələrində hüquq sahəsində üç ildən az olmayan müddətdə fəaliyyət göstərən Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.

Vəkilliyə namizədin hazırlığının, bilik səviyyəsinin, ümumi dünyagörüşünün, vəkil vəzifəsinə yararlı və layiqliliyinin müəyyən edilməsi məqsədilə aşkarlıq şəraitində şəffaf üsullarla, beynəlxalq tələblərə uyğun Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Naxçıvan Muxtar Respublikası Regional Bölməsi və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə birlikdə testdən və şifahi müsahibə imtahanlarından ibarət ixtisas imtahanları keçiriləcək, ixtisas imtahanlarını müvəffəqiyyətlə vermiş namizədlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında icbari təlimdə iştirak edəcəklər. Xarici dilləri, kompyuter proqramlarını mükəmməl bilən namizədlərə üstünlük veriləcəkdir.

Əvvəllər vəkil (intizam qaydasında vəkillik fəaliyyətinə xitam verilmiş şəxslər istisna olmaqla) və ya hakim olmuş şəxslər yazılı testi vermədən və icbari təlimə cəlb olunmadan şifahi müsahibədən keçdikdən sonra vəkil ola bilərlər. Hüquq elmləri doktoru elmi dərəcəsi olan şəxslər, habelə əvvəllər Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi, apelyasiya və kassasiya instansiyası məhkəmələrinin sədri vəzifəsində işləmiş şəxslər yazılı testi vermədən, şifahi müsahibədən keçmədən və icbari təlimə cəlb olunmadan vəkil ola bilərlər.
Müsabiqədə (ixtisas imtahanlarında) iştirak etmək istəyən şəxslər aşağıdakı sənədləri təqdim etməlidirlər:
1. Rəyasət Heyəti tərəfindən müəyyən olunmuş formada ərizə
2. Kadrlar uçotunun şəxsi vərəqəsi
3. Tərcümeyi-hal
4. Ali təhsil haqqında diplomun surəti (diplomun əsli sənədlərlə birlikdə təqdim edilməlidir)
5. Əmək kitabçasının təsdiq edilmiş (notarial və yaxud kadrlar idarəsində) surəti
6. Şəxsiyyəti təsdiq edən sənədin (şəxsiyyət vəsiqəsi və yaxud forma nömrə 9) surəti
7. Yaşadığı ünvan və ailə tərkibi haqqında arayış
8. Əqli cəhətdən sağlam olmaq barədə müvafiq dispanserdən arayış
9. 3x4 sm ölçüdə 4 ədəd fotoşəkil
10. Hərbi biletin surəti.
Sənədlərin qəbulu həftənin iş günləri saat 1000-dan 1700-dək (nahar fasiləsi istisna olmaqla) Naxçıvan şəhəri, C.Məmmədquluzadə küçəsi 5 ünvanında yerləşən Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyəti Aparatının qəbul otağında aparılır.
Müsabiqənin (ixtisas imtahanlarının) tarixi, imtahan suallarının hazırlanmasında istifadə edilmiş qanunların siyahısı və digər məlumatlar barədə mətbuatdan və qanunvericiliyə uyğun qaydada digər vasitələrdən istifadə edilərək elan veriləcəkdir.

Əlaqə telefonu: (036) 545-58-06