İnsan mənəviyyatının zənginləşməsində mühüm rol oynayan güclü estetik təsir vasitələrindən biri də musiqidir. “Bir millətin xarakterini bilmək istəyirsinizsə, o millətin musiqisini dinləyin”, – deyən Konfutsinin bu sözləri musiqinin insan həyatındakı əhəmiyyətini, bir xalqın milli dəyərlər sisteminin formalaşmasındakı rolunu təsdiqləyir. Təbiidir ki, musiqi öz-özünə yaranmır, onu böyük sənətkarlar yaradır və əsrlərlə yaşayacaq əsərlərə, mahnılara çevirir. Həmin sənət adamları zamanın fövqündə dayanaraq yaratdıqları musiqi nümunələri ilə daim yaşayır və dərin ehtiramla yad edilirlər.
Tarixən mədəniyyətin, incəsənətin, ədəbiyyatın beşiyi olan ölkəmizdə, eləcə də onun dilbər guşəsi olan Naxçıvanda musiqi mədəniyyəti daim inkişaf edir. Bu diyar yetirdiyi görkəmli incəsənət adamları ilə günümüzdə də inkişafın zirvəsində dayanır. Əminliklə qeyd edə bilərik ki, bu inkişafın əsasını həmin sənətkarların yaratdıqları mədəni irs təşkil edir. Belə sənətkarlardan biri də ötən əsrin keşməkeşli illərində ömrünü milli musiqimizin öyrənilməsi və təbliğinə həsr edən, gənc musiqiçilərin yetişməsində var qüvvəsi ilə çalışan, böyük sevgi və həvəslə sənətini yaşadan mərhum bəstəkar, dirijor Məmməd Məmmədovdur.
Bəstəkar Məmməd Məmmədov 1920-ci il aprel ayının 28-də Naxçıvan şəhərində dünyaya göz açıb. O, Naxçıvan şəhər 1 nömrəli orta məktəbin 7-ci sinfini bitirdikdən sonra Naxçıvan Pedaqoji Texnikumuna daxil olur. Bu istedadlı gənc texnikumda oxuduğu illərdə musiqiyə də böyük maraq göstərir. Onun həvəslə bu sahəyə can atması gəncliyini və gələcəyini həsr edəcəyi musiqi dünyasına yönəlməsi, öz həyatını truba nəfəsli aləti ilə bağlaması ilə nəticələnir.