18 İyul 2019, Cümə axşamı

 

ARXİV

İyul 2019
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

İllər ayları, aylar həftələri, həftələr isə günləri əvəz edir. Bu gün birinci sinfə yola saldığımız övladlarımız göz açıb yumana kimi bir də görürük ki, artıq 11-ci sinfi bitirib, tələbə adını qazanmağa çalışırlar. Bu il də minlərlə abituriyent ali təhsil ocaqlarında oxumaq, ixtisaslı kadr olub gələcəkdə Vətəninə layiq biri kimi yetişmək üçün imtahanlarda iştirak etdi. Onlardan bir çoxu yüksək bal toplayaraq uğur qazandı. Minlərlə tələbənin ailəsində sevinc hissləri yaşandı. Valideynlər övladları ilə qürur duydular, keçirdikləri həyəcan, intizar artıq geridə qaldı. Hər il olduğu kimi, bu il də qəbul imtahanlarındakı nəticələri ilə muxtar respublikamızda təhsilin yüksək səviyyədə olduğunu sübuta yetirən, öz uğurları ilə hər birimizi sevindirən gənc­lərimizlə həmsöhbət oluruq.
Müsahiblərimiz Sədərək rayonunun təhsil ocaqlarının müvəffəqiyyət qazanan məzunlarıdır. Birinci qrupda yüksək nəticə göstərərək 546 bal toplayan Sədərək kənd 1 nömrəli tam orta məktəbin məzunu Arzu Adnalı deyir:
– Muxtar respublikamızda gənclərin yüksək səviyyədə təhsil alması üçün hər cür şərait mövcuddur. Doğma diyarımızda hər il yeni məktəb binaları inşa olunur, onlar müasir texnologiyalarla təmin edilirlər. Hər birimiz fəxr edir, qürur hissi keçiririk ki, son illərdə rayonumuzda da təhsil müəssisələri tikilərək və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib. Təhsil aldığım 1 nömrəli tam orta məktəb də bunlardan biridir. Məktəbdə yeniyetmə və gənclərin hərtərəfli təhsil alması üçün hər cür şərait mövcuddur. Təbii ki, belə təhsil ocaqlarını bitirən məzunun ali məktəbə qəbul olması heç də çətin deyil. Mən də yaradılan imkanlardan istifadə edərək orta məktəb illərində bilik yarışmalarında, fənn olimpiadalarında fəal iştirak etmişəm, həmişə də nəticələrim yüksək olub. Bütün bunlar təhsilimi ali məktəbdə davam etdirmək arzumun gerçəkləşməsi üçün möhkəm təməl yaradıb. Ali məktəblərə keçirilən qəbul imtahanlarında yüksək nəticə göstərməyim də bunu bir daha təsdiq edir.

Ardını oxu...

Muxtar respublikamızda bütün sahələrdə, xüsusilə də təhsil sahəsində mütəxəssislərin informasiya-kommunikasiya texnologiyaları ilə işləmək və onlardan düzgün istifadə etmək bacarıqlarının yaxşılaşdırılmasına böyük önəm verilir.
Bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi yay tətili günlərində ümumtəhsil məktəblərində çalışan müəllimlər üçün peşə məktəblərində elektron lövhə istifadəçisi və kompüter istifadəçisi ixtisasartırma kursları təşkil edib. Şərur və Ordubad Texniki Peşə və Sürücülük məktəblərində və Naxçıvan Şəhər Peşə Liseyində təşkil olunan kurslara muxtar respublika ümumtəhsil məktəblərində çalışan müəllimlərdən 73-ü elektron lövhə, 63-ü isə kompüter istifadəçisi olmaqla, ümumilikdə, 6 qrup üzrə 136 müəllim cəlb edilib.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 25 avqust 2016-cı il tarixli Qərarı ilə təsdiq olunmuş Tədris Planına əsasən elektron lövhə istifadəçisi kursu bir ay, kompüter istifadəçisi kursu isə iki ay müddətinə tədris olunur. Kurs müddətində müəllimlərə kompüter texnologiyasının əsasları, İKT proqramları, tətbiqi proqramlar, eləcə də “Smart Notebook” proqramı öyrədiləcəkdir.

Ardını oxu...

Böyük Azərbaycan maarifçisi, pedaqoq, şair-publisist Məhəmməd Tağı Sidqi Ordubadda “Əxtər”, Naxçıvanda isə “Tərbiyə” məktəbini təsis etmiş, xalq müəllimi kimi şöhrət qazanmış, ədəbi-­mədəni tədbirlərin əsas təşkilatçılarından olmuşdur. Xalqın maariflənməsi üçün elmin, məktəbin əhəmiyyətini dərk edən böyük mütəfəkkirimiz uşaqların məktəbə cəlbi üçün çox çalışmışdır. Onun “Oxunması zəruri olan kitabların Siyahısı”na daxil olan “Məktəb hekayələri” kitabında məktəbin, elmin əhəmiyyətindən, ədəbli olmağın, yalançılıq və qorxaqlıqdan uzaq olmağın yollarından geniş bəhs edilmişdir. Sidqi öz hekayələrində insanın əvvəlinci vəzifəsinin elm təhsil etmək olduğunu göstərmiş, elmsiz insanı ruhsuz cisim kimi qiymətləndirmişdir. Elmə talib olanı isə alim hesab etmiş, amma özünü elmə malik biləni cahil kimi qələmə vermişdir. Hekayələrini oxuduqca məndə maarifçi, şair və pedaqoqun orijinal bir uşaq yazıçısı olması barədə əyani təsəvvür yarandı.
“Məktəb hekayələri”ndə “Məktəb nədir?” – sualına cavab axtarılır. “Məktəb bizim elm və maarifimizin vasitəsi, dünya və axirətimizin səadətinin səbəbidir. Elm və ədəb bir xəzinəyə bənzər ki, onun açarı məktəbdir. Məktəb cəhalət dərdinin dərmanı və mərifət bağının xiyabanıdır ki, həmişə cahilləri alim və divanələri aqil eylər. Məktəb bir cismə bənzər ki, onun ruhu müəllimdir”.
“Məktəbə gec gələn uşaq” hekayəsində məktəbə vaxtında gəlməyin vacibliyindən söhbət açılır və məktəbə gecikmək tənqid olunur. Böyük mütəfəkkirin bu qəbildən olan hekayələri elmə, bilikli və savadlı olmağa, məktəbin görmədiyimiz, bilmədiyimiz tərəflərini dərindən dərk etməyə biz şagirdlərdə maraq oyadır.

Ardını oxu...

İyulun 11-də respublika fənn olimpiadalarının muxtar respublikadan olan 25 qalibinə medal və sertifikatlar təqdim edilib.
Tədbirdə Təhsil naziri Rəhman Məmmədov bildirib ki, təhsilin keyfiyyətinin yüksəldilməsinin diqqətdə saxlanıldığı muxtar respublikada istedadlı şagirdlərlə aparılan iş sahəsində mühüm tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin bu il iyunun 24-də imzaladığı Sərəncamla 3 şagirdin adının Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na yazılması və onların xüsusi aylıq təqaüdə layiq görülməsi istedadlı uşaqlara dövlət qayğısının bariz göstəricisidir.
Qeyd olunub ki, ötən tədris ilində istedadlı şagirdlərin aşkar olunması, onların potensiallarının inkişaf etdirilməsi məqsədilə müxtəlif bilik yarışları, müsabiqələr, muxtar respublika və respublika səviyyəli olimpiadalar təşkil olunub. Respublika fənn olimpiadası, ümumilikdə, 8 fənn üzrə IX-XI sinif şagirdlərinin iştirakı ilə keçirilib. Olimpiadanın nəticələri uğurlu olub, muxtar respublika məktəbliləri 2-si qızıl, 6-sı gümüş, 17-si isə bürünc olmaqla, 25 medal qazanıblar. Olimpiada qaliblərindən 17-si, yaxud 68 faizi dəqiq fənlər üzrə yer tutub. Olimpiadanın nəticələrinə əsasən Naxçıvan Qarnizonu tam orta məktəbinin şagirdləri 4 medal qazanmaqla muxtar respublika birincisi, Heydər Əliyev adına Hərbi Liseyin kursantları isə 3 medal qazanmaqla muxtar respublika ikincisi olublar.

Ardını oxu...

Dövlət İmtahan Mərkəzi iyulun 7-də 2019-2020-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərə II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirib.
İmtahan respublikanın 11 şəhərində, ümumilikdə, 57 binada aparılıb. Abituriyentlərə bilik və bacarıqlarını yoxlamaq məqsədilə II qrupda riyaziyyat, coğrafiya və tarix fənləri, III qrupda isə Azərbaycan dili, tarix və ədəbiyyat fənləri üzrə, ümumilikdə, 90 tapşırıq təqdim edilib. Bu imtahanda abituriyentlərin toplaya biləcəyi maksimal ümumi bal 400-dür.
Məlumat üçün bildirək ki, imtahanda 28 min 699 abituriyent iştirak edib. Onlardan 11 min 134 abituriyent II qrup, 17 min 565 abituriyent isə III qrup üzrə imtahan verib.
Həmin gün saat 1600-da Dövlət İmtahan Mərkəzinin “Facebook” səhifəsi və “Youtube” kanalı vasitəsilə canlı yayım edilib və mərkəzin məsul əməkdaşları, ekspertlər tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün cavabları və test tapşırıqları ilə bağlı geniş izahat verilib.
Naxçıvan Muxtar Respublikasında imtahanlar 7, 14 nömrəli və Heydər Əliyev adına tam orta məktəblərdə keçirilib. 1532 abituriyentin iştirak etdiyi imtahana 143 nəzarətçi, 12 imtahan rəhbəri cəlb edilib.
Nəticələrin iyulun 22-də elan olunması nəzərdə tutulur.

 Güntac ŞAHMƏMMƏDLİ

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4269881
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
4480
6483
23046
101239
4269881

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter