10 Avqust 2020, Bazar ertəsi

Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə Kəngərli rayonunda gənclər arasında siyasi biliklər üzrə olimpiada keçirilib.
Əvvəlcə Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Sevda Quliyeva çıxış edərək ulu öndərimizin ölkəmizin çiçəklənməsi yolunda misilsiz xidmətləri haqda danışıb, ümummilli liderimizin siyasi fəaliyyəti barədə hər bir gəncin ətraflı məlumata malik olmasının əhəmiyyətindən bəhs edib, olimpiadada iştirak edənlərə uğurlar arzulayıb. Qeyd edilib ki, belə tədbirlərin təşkilində məqsəd gənclərin siyasi fəallığını artırmaq, siyasi biliklərə malik gənc nəslin yetişdirilməsinə töhfə verməkdir.
Adıçəkilən təşkilatın Heydər Əliyev adına Gənclər Birliyinin sədri Süleyman Süleymanov gənclərin belə tədbirlərdə fəal iştirak etməsini müsbət hal kimi dəyərləndirib.
Sonra olimpiadaya start verilib. 50 gəncin iştirak etdiyi olimpiadada siyasi biliklərini sınayanlara 50 sual təqdim olunub.
Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatının və rayon İcra Hakimiyyətinin birgə təşkil etdikləri olimpiadanın nəticələrinə əsasən, gənc fəallardan Ağa Seyidov I, Ülkər Gülməmmədova, Yunis Ələkbərov, Vüsalə Musayeva, Gülnar Nəcəfova II, İlqar Əliyev isə III yerə layiq görülüblər.
Qaliblərə diplomlar və qiymətli hədiyyələr təqdim edilib.

Xəbərlər şöbəsi

Dünən Naxçıvan Müəllimlər İnstitutunda muxtar respublikanın tam orta məktəblərinin müəllimlərinin cəlb edildiyi, Word, MS Windows, MS Excel proqramları və elektron lövhədən istifadə qaydaları üzrə təşkil edilən ongünlük ixtisasartırma kurslarını bitirənlərə sertifikatların təqdimetmə mərasimi keçirildi. 

Tədbirdə ali təhsil ocağının rektoru, professor Oruc Həsənli çıxış edərək qeyd etdi ki, ümumtəhsil məktəblərində 600-dən çox elektron lövhə quraşdırılıb. Dərslərdə elektron lövhənin tətbiqi müəllimlə şagird arasında informasiya mübadiləsinin səmərəliliyinin yüksəldilməsinə geniş imkan yaradıb. Buna görə də müəllimlər elektron lövhənin imkanlarından geniş istifadə etməyi bacarmalı, bu lövhələrdən maksimum şəkildə yararlanmaq üçün lazım olan proqramları yaxşı mənimsəməlidirlər. Kursun təşkilində də məqsəd müəllimlərin elektron lövhələrdən istifadə səviyyəsini yüksəltməkdir.
Sonra kursu bitirənlərə sertifikatlar təqdim edildi.
Tədbirdən sonra həmsöhbət olduğumuz Naxçıvan Müəllimlər İnstitutunun informatika müəllimləri Səminə Rüstəmova və Kəmalə İbrahim­ova bildirdilər ki, kursun ilk günlərində iştirakçıların elektron lövhə ilə bağlı məhdud səviyyədə bilikləri olsa da, on gün ərzində onlar bu lövhələrdən peşəkarlıqla istifadə etməyi öyrənə biliblər. Sözsüz ki, kursda yaxşı nəticələr əldə edilməsinin bir səbəbi də kursa qatılanların bu işə böyük maraq və həvəs göstərmələridir. Əminliklə demək olar ki, onların qazandıqları biliklərin tədris prosesində böyük faydası olacaq.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il 27 iyul tarixli Sərəncamına əsasən, Naxçıvan Dövlət Universitetinin Ərəb dili ixtisası Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə İdarənin hamiliyinə verilib. Universitetin bu ixtisas üzrə 2-ci və 4-cü kurs tələbələri Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə İdarədə olublar. İdarənin rəisi Vüqar Babayev bildirib ki, dini dəyərlərə muxtar respublikamızda yüksək ehtiramla yanaşılır. Müqəddəs sayılan ünvanlar, qədimdən mövcud olan pirlər, məscidlər təmir edilir, yeni məscidlər inşa olunur. İnsanların dini azadlıqları qorunur. “Multikulturalizm ili”ndə dini dəyərlərin gənclər tərəfindən başa düşülən şəkildə əxz olunması, həmin dəyərlərə əməl edilməsi diqqət mərkəzində saxlanılır. Çünki multikulturalizm Azərbaycanda əsrlərdən bəri formalaşan, eyni zamanda bədii, psixoloji-mənəvi müstəvidən kənara çıxmayan dəyərlər toplusu kimi mövcud olub. Hazırda isə multikulturalizm ölkəmizdə alternativi olmayan həyat tərzidir. Azərbaycan tarixən müxtəlif xalqların və dinlərin nümayəndələrinin sülh, dostluq şəraitində yaşadığı məkan olub, burada başqa dinlərə də hörmətlə yanaşılıb.
Vüqar Babayev diqqətə çatdırıb ki, bu gün muxtar respublikamızda 217 məscid, 26 pir və ziyarətgah mövcuddur. Onların fəaliyyətinə hərtərəfli şərait yaradıldığını bildirən idarə rəisi rəhbərlik etdiyi qurumun iş prinsipləri barədə tələbələrə geniş məlumat verib. Tələbələr idarənin kitabxanası ilə yaxından tanış ediliblər.
Sonra tələbələr Heydər məscidində olublar. Burada Naxçıvan Muxtar Respublikasının qazisi Sahib Məmmədov muxtar respublikada yaradılmış dini icmaların fəaliyyəti, iş prinsipləri barədə danışıb.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

 Muxtar Məmmədov

Gənclərin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, onlar arasında biliyin və elmin nüfuzunu artırmaq, Azərbaycanın zəngin milli mədəniyyətini və tarixini təbliğ etmək, eləcə də gənclərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə keçirilən “Xəmsə” milli intellektual oyununun VIII Azərbaycan çempionatı başa çatıb. Gəncə şəhərində keçirilən yarışda Naxçıvan Muxtar Respublikasını “Əlincə” və “Savalan” komandaları təmsil edib.
Zona seçim turunun mükafatçısı olan “Əlincə” komandası respublika çempionatında uğurla çıxış edib. Gərgin keçən mübarizənin ilk mərhələsində “A” qrupunda ikinci olan komandamız (6199 xal) ikinci mərhələyə vəsiqə qazanıb. Reqlamentə əsasən, bu mərhələyə yüksələn 16 komanda 4 qrupda mübarizə aparmalı olub. “Əlincə” komandası “B” qrupunda da 6400 xal toplayaraq yarımfinala vəsiqə qazanıb. Bu mərhələni də uğurla adlayan komandamız dördlü finalda Bakı Dövlət Universiteti, “Prometey” (Abşeron) və “Feniks” (İmişli) komandaları ilə mübarizə aparmaq hüququ qazanıb. Final mərhələsində isə yalnız Bakı Dövlət Universitetinin komandasından (6301 xal) geri qalan “Əlincə” (5699 xal) komandası Azərbaycan çempionatını ikinci pillədə başa vurub. Komandanın üzvü Seymur Mütəllimzadə isə çempionatın “Ən yaxşı oyunçu”su adını qazanıb.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi “İlin ən yaxşı gənclərlə işləyən qurumu” adına layiq görülüb.

 Ceyhun Məmmədov

Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar, Təhsil nazirlikləri və Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə ali məktəb tələbələri arasında informatika üzrə ümumrespublika olimpiadası keçirilib. 17 may – Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunmuş olimpiadanın keçirilməsində məqsəd ali məktəb tələbələrinin informatika, proqramlaşdırma sahəsindəki biliklərinin və bu sahəyə olan marağının artırılması, habelə sahə üzrə seçilən tələbələrin beynəlxalq olimpiadalara cəlb edilməsidir.
Naxçıvan Dövlət Universitetinin komandası da ali məktəbin İnformatika kafedrasının dosenti Elşən Məmmədovun rəhbərliyi ilə olimpiadaya qatılıb.
Hər təhsil müəssisəsindən maksimum 4 komandanın iştirak edə biləcəyi olimpiadada Naxçıvan Dövlət Universitetini 1 komanda təmsil edib. İlkin mərhələdə respublikanın 22 ali təhsil müəssisəsindən 55 komandanın iştirakı ilə keçirilən olimpiadanın həmin mərhələsində geniş dünyagörüşə və yüksək intellektə malik olan Naxçıvan Dövlət Universitetinin komandası uğurla çıxış edərək final mərhələsinə vəsiqə qazanıb.
Qeyd edək ki, final mərhələsi aprel ayının 30-da AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda keçiriləcək.

Mina QASIMOVA

ARXİV

Avqust 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR