21 Noyabr 2019, Cümə axşamı

Naxçıvan Muxtar Respublikasında xüsusi istedada malik olan uşaq və gənclərin yaradıcılıq potensialının üzə çıxarılması, onların qabiliyyət və bacarıqlarının düzgün formalaşdırılması və istiqamətləndirilməsi diqqət mərkəzində saxlanılan ən vacib məsələlərdən birinə çevrilmişdir. Regionda fəaliyyət göstərən məktəbdənkənar müəssisələr hərtərəfli qayğı ilə əhatə olunmuşlar. Belə müəssisələr üçün yeni binalar inşa olunur, onların maddi-texniki bazaları gücləndirilir. Məqsəd isə aydındır: təkcə bilikli yox, həm də hər hansı sənətə yiyələnmiş insanların yetişdirilməsinə nail olmaq.

Yaradılan şərait, göstərilən dövlət qayğısından bəhrələnərək öz işini günün tələbləri səviyyəsində quran belə məktəbdənkənar müəssisələrdən biri də Naxçıvan Şəhər Texniki Yaradıcılıq Mərkəzidir. Bu günlərdə mərkəzin fəaliyyəti ilə yaxından tanış olmaq üçün adıçəkilən ünvana yollandıq. Mərkəzin direktoru Sevinc Mirzəyeva ilə söhbətləşdik. Direktor bildirdi ki, mərkəz 1953-cü ildən “Gənc texniklər stansiyası” adı ilə fəaliyyət göstərmiş, 1991-ci ildə adı dəyişdirilərək Naxçıvan Şəhər Texniki Yaradıcılıq Mərkəzi adlandırılmışdır. Məktəbdənkənar müəssisənin binası 2007-ci ildə əsaslı şəkildə təmir olunaraq həmin ilin sentyabr ayının 17-də istifadəyə verilmişdir. Öyrəndik ki, mərkəzdə 13 adda 102 qrup fəaliyyət göstərir. Hər qrupda 10 uşaq olmaqla, 1020 şagird mərkəzin üzvüdür. Dərnəklərə 32 müəllim rəhbərlik edir. On bir otaqdan ibarət olan mərkəzdə akt zalı, sərgi salonu, emalatxana, informatika, bədii tikmə, bacarıqlı əllər, texniki rəsmxət otaqları yaradılmışdır. Bu otaqlarda eyniadlı dərnəklərlə yanaşı, kağız əl işləri, əyləncəli fizika, dizayn, ağac üzərində oyma, təsviri estetika, ibtidai texniki modernləşmə, təyyarə-raket modelçiliyi, texniki ekologiya, memarlıq dərnəkləri fəaliyyət göstərir ki, bu dərnəklərdə uşaqlar qabiliyyət və bacarıqlarını inkişaf etdirirlər. Mərkəzin sərgi salonunda “Yusif Küseyir oğlu türbəsi”, “Əlincə xanəgahı”, “Qarabağlar türbəsi”, “Qələbə müjdəsi”, “Dünyanın təsviri”, “Təbiət mənzərəsi”, “Sülh göyərçini” adlı əl işləri, maketlər, toxumalar, şəkillər sərgilənir. Mərkəzin tədbirlər planına uyğun olaraq, əlamətdar günlərdə müxtəlif dərnək üzvlərinin hazırladıqları əl işlərindən ibarət sərgilər təşkil olunur. Hər il Novruz bayramı ilə əlaqədar “Əcəmi” seyrəngahında keçirilən bayram tədbirində Texniki Yaradıcılıq Mərkəzinin də üzvlərinin əl işləri nümayiş etdirilir. Öyrəndik ki, mərkəzə cəlb olunmuş şagirdlər əl işləri ilə müsabiqələrdə iştirak edir və uğurlar qazanırlar. Bu il Dövlət Bayrağı Günü ilə əlaqədar “Milli dəyərimiz – vətənpərvərlik” mövzusunda keçirilən əl işləri müsabiqəsində mərkəzin üzvləri Billur Əliyeva və Fizzə Səfərova 1-ci yeri, Almaz Rüstəmova isə 2-ci yeri tutmuş, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən diplomla təltif edilmişlər.
Mərkəzin raket modelçiliyi dərnəyi hər ilin mart ayında zona müsabiqəsi keçirir. Müsabiqədə yer tutanlar respublika üzrə yarışlarda iştirak edirlər.
Başqa bir sevindirici hal da odur ki, üzvlərin əl işləri “Naxçıvan” jurnalında, “Gəncliyimiz – gələcəyimiz” və ”Naxçıvan tikmələri” kitablarında çap edilmişdir.
Məktəbdənkənar müəssisə uşaqların tətil günlərində ekskursiyalar təşkil edir. Dərnək üzvləri müxtəlif yerlərə və muzeylərə aparılır.
Mərkəzə cəlb olunmuş istedadlı məktəblilərin bacarıqları və mərkəz kollektivinin uğurları sadaladıqlarımızla bitmir. Bütün bunlar isə deməyə əsas verir ki, muxtar respublikada istedadların üzə çıxarılması üçün həyata keçirilən tədbirlərin bəhrələri getdikcə artır.


Dilrubə NOVRUZOVA

Azərbaycan Hökuməti və Beynəlxalq İnkişaf Assosiasiyasının “Dövlət İnvestisiyaları üzrə Kadr Potensialının Gücləndirilməsi” layihəsi çərçivəsində Naxçıvan Dövlət Universitetində reallaşdırılan növbəti təlim kursu yekunlaşmışdır. “İnformasiya sistemlərinin idarə olunması” mövzusuna həsr olunmuş beşgünlük təlim kursu Azərbaycanda təhsil işçiləri üçün bu mövzuda təlimlərin təşkilində zəngin təcrübəyə malik “Mədəd” təşkilatı tərəfindən keçirilmişdir.
Təlim kursunun yekununda universitetin rektoru, akademik İsa Həbibbəyli çıxış edərək vurğulamışdır ki, muxtar respublikada müasir informasiya texnologiyalarının tətbiqinə, bu istiqamətdə yüksək ixtisaslı mütəxəssis hazırlığına göstərilən diqqət və qayğı Naxçıvan Dövlət Universitetinin də timsalında özünü göstərir. Ali təhsil ocağının müasir informasiya texnologiyalarından istifadə etməklə dünya universitetləri ilə çoxsaylı virtual əlaqələr qurması, elektron universitet və elektron təhsil layihələrinin həyata keçirilməsi istiqamətində qazanılan əhəmiyyətli uğurlar bu qayğının real bəhrələridir. Beynəlxalq ekspertlər tərəfindən təşkil olunan təlim kursu isə informasiya texnologiyaları sahəsində yerli kadr hazırlığı, təcrübə mübadiləsi baxımından əhəmiyyətlidir.
Beynəlxalq ekspert, “Boulder Media Corparation”un təmsilçisi Even Jahr və ”Mədəd” təşkilatının koordinatoru Məryəm Cabbarova təlimin yüksək səviyyədə təşkilindən danışmışlar.
Təlim kursunda müxtəlif dövlət strukturlarında çalışan mütəxəssislər, universitet əməkdaşları və müvafiq ixtisaslar üzrə təhsil alan tələbələr iştirak etmiş, yekunda qiymətləndirmə aparılmışdır.
Tədbirin sonunda təlim iştirakçılarına sertifikatlar təqdim olunmuşdur.

 

Mehriban SULTAN

Gəncədə yeniyetmələr arasında “Xəmsə” milli intellektual oyunu üzrə 2-ci Respublika çempionatı keçirilmişdir. İntellektual yarışda muxtar respublikamızda keçirilən “Nuh yurdu” intellektual müsabiqəsində birinci və ikinci yerləri bölüşmüş Naxçıvan şəhərinin “Odlar yurdu” ilə Kəngərli rayonunun “Kəngərli” komandaları iştirak etmişlər. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin xətti ilə ilk dəfə olaraq belə bir çempionata qatılan komandalarımızdan “Kəngərli” komandası yarışda fəal oyun nümayiş etdirərək üçüncü yeri tutmuşdur. Fəxri yeri tutan komandamızın üzvləri diplom və medallarla təltif olunmuşlar.

 

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin
mətbuat xidməti

Naxçıvan Dövlət Universitetində “Elektron imtahana hazırlıq və qarşıda duran vəzifələr” mövzusunda tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açan univer­sitetin rektoru, akademik İsa Həbib­bəyli qeyd etmişdir ki, muxtar respublika rəhbərinin qayğısı ilə bu ali məktəb ən müasir informasiya-kommunikasiya texnologiyaları ilə təchiz olunmuş, 108 hektarlıq ərazini əhatə edən “Wi-Fi” internet şəbəkə sistemi istifadəyə verilmiş, virtual əlaqələr genişlənmişdir.
Universitetin həyata keçirdiyi ənənəvi “Elektron Naxçıvan” proqramı, buradakı Media Mərkəzi və İnformasiya texnologiyaları şöbəsinın fəaliyyətləri, universitetin müasir standartlara cavab verən rəsmi internet səhifəsinin yaradılması, yeni “Elektron təhsil” layihəsinin tətbiqinə başlanılması bu sahədə qazanılan uğurlardandır. Rektor bildirmişdir ki, Baloniya prosesinin prinsiplərinə uyğun olaraq, tədris prosesində elektron vasitələrdən, informasiya texnologiyalarından istifadə edilməsini, elektron təhsilin proqramlaşdırılmasına tam nail olunmasını, fakültələrarası səviyyədə onlayn dərslərin keçirilməsini, imtahan keçirilməsi nəzərdə tutulan fənlər üzrə test bankının yaradılmasını, semestr imtahanlarının test üsulu ilə keçirilməsini təmin etmək məqsədilə universitetdə Elektron təhsil şöbəsi yaradılmışdır.

Ardını oxu...

Azərbaycan Hökuməti və Beynəlxalq İnkişaf Assosiasiyasının birgə həyata keçirdiyi “Dövlət İnvestisiyaları üzrə Kadr Potensialının Gücləndirilməsi” layihəsi çərçivəsində Naxçıvan Dövlət Universitetində keçilən beşgünlük təlim kursu başa çatmışdır. Azərbaycan Respublikasının Təhsil Nazirliyi, “Allianz Consult” Məhdud Məsuliyyətli Cəmiyyətinin və Azərbaycan Ornitoloji Cəmiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının əmək qanunvericiliyi üzrə hüquqi biliklərin, peşə vərdişlərinin artırılmasının təmin edilməsi, həmçinin ətraf mühit təhlükəsizliyi, ətraf mühit idarəçiliyi planı üzrə biliklərin tətbiqi mövzularına həsr olunmuş təlim kursunun yekununda universitetin rektoru, akademik İsa Həbibbəyli çıxış edərək bildirmişdir ki, bu layihə çərçivəsində Naxçıvanda müxtəlif mövzularda təlim kursları keçilir. Bu isə muxtar respublikadakı yüksək ixtisaslı kadr potensialının gücləndirilməsi, müasir bilik və təcrübə mübadiləsi baxımından böyük əhəmiyyət kəsb edir. Rektor vurğulamışdır ki, müxtəlif dövlət strukturlarının, AMEA Naxçıvan Bölməsinin nümayəndələrinin, universitetin müvafiq ixtisaslar üzrə müəllim və tələbələrinin təlim kurslarında iştirakı mütəxəssis hazırlığı baxımından da faydalıdır.
“Allianz Consult” MMC-nin direktoru Ülvi Ağayev kursun dövlət investisiyaları üzrə kadr potensialının hazırlanması baxımından əhəmiyyətindən, onların tətbiqi şərtlərindən, bu sahədəki qanunvericilik məsələlərindən danışmışdır.
Azərbaycan Ornitoloji Cəmiyyətinin direktoru Elçin Sultanov ətraf mühit təhlükəsizliyi və ətraf mühit idarəçiliyi planı üzrə keçilən təlim kursunun məqsədi barədə məlumat vermişdir. Bildirilmişdir ki, təlim kursunun təşkilində əsas məqsəd Azərbaycanda, o cümlədən Naxçıvan Muxtar Respublikasında ətraf mühit təhlükəsizliyi və ekoloji problemlərin həlli üzrə biliklərin tətbiqinə nail olmaqdır.
Beynəlxalq ekspert Umberto Qallo Orsi Naxçıvan haqqında xoş təəssüratlarını bölüşmüş, təlim kursunun mütəxəssislərin müvafiq sahələr üzrə digər ölkələrlə əməkdaşlıq etmələrinə, beləliklə, təcrübə mübadiləsinə müsbət təsir edəcəyinə əminliyini vurğulamışdır.
Sonda iştirakçılara sertifikatlar təqdim olunmuşdur.


Mina QASIMOVA

ARXİV

Noyabr 2019
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR