Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun böyük elmi işçisi, kimya üzrə fəlsəfə doktoru Günel Məmmədovanın “Mürəkkəb alümosilikatların termal və hidrotermal çevrilmələri” kitabı bu günlərdə işıq üzü görüb.

Almaniyanın Sarrbrühen şəhərində rus dilində nəşr olunmuş kitabda maqnezium tərkibli mürəkkəb alümosilikatların – kaolinit, antiqorit, dolomit və obsidianın termiki və hidrotermal çevrilmələrinin rentgenfaza, termoqravimetrik və rentgen­spektral analiz metodları ilə tədqiqindən bəhs olunur.

     Nəşrdə qeyri-üzvi maddələrin kristallaşma prosesinin tədqiqinin əsas məqsədi əvvəlcədən müəyyən olunmuş quruluşda və tərkibdə materialların alınması və qeyd edilən metodların alümosilikatlarının texnoloji xüsusiyyətlərini müəyyən etməyə imkan yaratdığı ətraflı şəkildə işıqlandırılır. Göstərilir ki, alınmış termiki çevrilmələrin məhsulları yüksək temperatura davamlı istilikizolyasiya materialları kimi istifadə oluna bilər.
     Həmçinin kitabda mürəkkəb alümosilikatlardan, seolitlərin sintezindən də bəhs olunur. Bildirilir ki, seolitlər müxtəlif maddələrin hissəciklərini udmaq və öz quruluşunda daimi saxlamaq xüsusiyyətinə malik nadir təbii minerallardır. Karkası tetraedr quruluşlu qələvi və qələvi torpaq metallarının sulu alümosilikatları olan, eləcə də tərkibindəki boşluqları su molekulları və kationlarla tutulmuş minerallar seolitlərə aiddirlər.
     Müəllifin fikrincə, seolitlərin tətbiq sahəsi nə qədər geniş olsa da, hazırda təbiətin insana bəxş etdiyi bu unikal materialın öyrənilməsində hələ ilk addımlar atılır. Onların fiziki-kimyəvi xassələrinin dərindən öyrənilməsi bu maraqlı təbiət nümunələrinin tətbiqinə geniş yollar açar.
Yeni nəşrdə həmçinin ilkin reaksiya materialları, ilkin, aralıq və son məhsulların tədqiq metodları haqqında da məlumat verilmişdir.
Məlumat üçün onu qeyd edək ki, tədqiqatda istifadə olunan ilkin mineral nümunələr Naxçıvan Muxtar Respublikası ərazisindən götürülmüşdür.


AMEA Naxçıvan Bölməsinin
İnformasiya şöbəsi