01 İyun 2020, Bazar ertəsi


Xalq şairi Məmməd Araz (1933-2004) XX əsr Azərbaycan şeirinin yeni inkişaf yolunu müəyyənləşdirən və onun zənginləşməsinə xidmət edən qüdrətli söz ustalarından biridir. Qırx ildən artıq bir mərhələdə özünün qeyri-adi sənətkarlıq qüdrəti, fövqəl poetik qələmi ilə Azərbaycan poeziyasının mövzu cəhətdən zənginləşməsi və poetexnikasının əlvanlaşmasına xidmət etmişdir. Milli mündəricəli ustad sənətkar çoxşaxəli və zəngin yaradıcılığı ilə Azərbaycan ədəbiyyatında istiqlal düşüncəsi və milli birliyin təbliğinə böyük cəsarət göstərmişdir.

Milli söykökə, mental dəyərlərə, adət-ənənələrə, xalq həyatı, düşüncəsi və yaşayış tərzinə yüksək sədaqətlə bağlı olan Xalq şairinin yaradıcılığı Azərbaycan ictimai fikri və ədəbiyyatında milli düşüncənin dərinləşməsinə təkan vermişdir. Azərbaycan xalqının milli müqəddəratı və tarixi taleyi, vətən məhəbbəti və mübarizlik onun yaradıcılığı üçün başlıca mövzu təşkil etmişdir. Məmməd Araz yaradıcılığına dərin məhəbbət bəsləyən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev bu görkəmli sənətkarın yaradıcılığını böyük ustalıqla səciyyələndirə və yüksək dəyərləndirərək demişdir: Öz əsərləri ilə yüksək bədii sənətkarlıq və əsl vətəndaşlıq qeyrəti aşılayan, doğma Vətəni sonsuz məhəbbətlə sevən, qüdrətli qələmi ilə xalqımıza sədaqətlə xidmət edən Məmməd Arazın poeziyasını Azərbaycan torpağından, tariximizdən, el-obadan ayrı təsəvvür etmək çətindir”. Onun poeziyası vətəndaşlıq lirikası kimi səciyyələndirilir. Vətən mövzusu onun zəngin poeziyasının ali mövqeyini təşkil edir. Milli ədəbiyyatımızda vətəndaşlıq konsepsiyasının poetik təzahürünü də məhz bu görkəmli söz ustadı yaratmışdır.

Vətən sərhədləri “ürəyinin kandarından” başlayan görkəmli Xalq şairi Məmməd Arazın öz və söz dünyasında onun doğulub boya-başa çatdığı ulu Naxçıvan torpağı həmişə mühüm yer tutub. Bu vətənpərvər Xalq şairi doğulduğu, boy atıb böyüdüyü Naxçıvanı öz yaradıcılığında təkcə vəsf etmir, həm də baxışı, istedadı və dünyasının qibləsi, qibləgahı hesab edib:

 Sinəmdə o yerin dağ havasıdır,

Qaynar bulaqları qaynar qanımda.

Mənim ürəyimin bir parçasıdır,

Doğma Şahbuzum da, Naxçıvanım da.

 

Mən burdan baxıram bütün aləmə,

Bu yerin qışı da yazımdır mənim.

Axan çaylarına lal sudur demə,

Onlar min nəğməli sazımdır mənim.

Şair vətəni Azərbaycanın əsrarəngiz bir guşəsi, dilbər bir yurdu, alınmaz qalası olan Naxçıvanı özünün təbiəti, özünəməxsus havası, iqlimi, qədim tarixi, zəngin mənəvi dəyərləri ilə şəxsiyyətinin nüvəsi, istedadının və dünyagörüşünün təməli hesab edir. Şair doğulub boya-başa çatdığı Naxçıvanı özünəməxsus poetik dil və ustalıqla öyür, təbiətini vəsf edir:

 Bir bağban əli var təbiətində -

Dağda çiçəyi bol, bağda barı bol.

O, yaxın dostudur təbiətin də,

Yayda günəşi bol, qışda qarı bol.

Şair bu qədim yurdun tarixini də vəsf etməyi unutmur, onun insanlığın ən qədim yaşayış, mədəniyyət yurdu olmasını da əks etdirir:

Seyr elə Arazı bir yaz səhəri,

Bir tarix dil açır onun səsində.

Bu yerin min dərdi, min də kədəri,

Yazılmış Atabəy məqbərəsində.

 

Yaxşı bax, hər qara qayanın, dağın,

Dibi Zərdüştlərin ocaq yeridir.

O gündən üstündə ana torpağın

Qalan min yağının ləpirləridir.

Şair öz mövcudiyyətini uğurla davam etdirib günü-gündən inkişaf edən, al-əlvan, çırağban bir diyara çevrilən Naxçıvanın şəninə nəğmə qoşur, onun bügünkü gözəlliyindən və şöhrətindən vüqarla, fəxarətlə bəhs edir:

Biz nöqtə qoymuşuq acıya, dərdə,

Ömrü ulduzlardan almışıq indi.

Babamız qəm əkib, qəm biçən yerdə

Çiçəkli bağ-bağat salmışıq indi.

 

...Şəhərim çırağban, kəndim çırağban,

Kəhkəşan sinəmdən nur alsın deyir.

Onun gecəsinin işıqlarından

O tayın gündüzü işıq istəyir.

Hətta şair bu inkişaf və qüdrətdən boy atan ümid üfiqlərində o tayı – Cənubi Azərbaycanı da unutmur. Öz çil-çıraq işıqları ilə yanıb-şölələnən Naxçıvanın işıqlarından qaranlığa bürünmüş Cənubi Azərbaycanın da işıqlanmasını, bəxtinin, güzəranının ağarmasını istəyir.

Bu sonsuz məhəbbətlə şairin söz dünyasında bir də uşaqlığını, ilk gəncliyini yaşadığı, qocalığında həsrətinə, xatirələrinə büründüyü Naxçıvan dünyasını yaradır və adını da belə qoyur – “Naxçıvan albomu”. Bu “albom”da Naxçıvan sazı-sözü ilə, təbiəti, dağı, dərəsi ilə, gündüzləri, gecələrilə, bu günü, keçmişi, şanlı tarixi, mədəniyyətilə bir-bir açılır, səhifələnir. 2010-cu ildə şairin ömür-gün yoldaşı Gülxanım Fətəliqızının nəşrə hazırladığı və çap etdirdiyi “Naxçıvan albomu” (Bakı, “Elm və təhsil”, 2010, 216 s.) kitabının ilk səhifələrində də haqlı olaraq yazılır: “Ana yurdun hər daşına üz qoymağı arzulayan və bu arzu ilə Azərbaycan dünyasından dünyaya baxan şair “Qarabağ simfoniyası”, “Yer üzünün Qarabağ düzü”, “Masallının baharı”, “Kür qovuşur Səlyana”, “Torpaqda göyərən ucalıq” kimi gözəl əsərlərini yaratdı. Şirvan, Muğan, Mil düzlərini qarış-qarış gəzib onların “sevinci ilə sevindi”, “qəmi ilə qəmləndi”. Göz açıb ilk dəfə dünyaya baxan bu körpənin nəzərində ata ocağı Naxçıvan böyüyür, böyüyür – böyük Azərbaycan olur. Lakin ata ocağından cismən ayrılsa da, mənən ayrılmır. Və “Naxçıvan albomu” kimi qiymətli bir əsər yazılır. Bəli, Naxçıvan albomu”.

Ümumiyyətlə, böyük ustad dərindən də dərin həssaslıqla sevdiyi, bağlandığı bu ulu torpağı nəinki heç zaman unutmamış, onu söz zirvəsinə qaldırmış, sözün qanadlarında onu tərənnüm etdiyi boyalarla, əlvanlıq və zənginliklərlə, hərtərəfli göz oxşayan gözəlliklərilə gələcəyə daşıyır. “Naxçıvan albomu”, “Bura Naxçıvandır”, “Kəndim, balacasan, çox balacasan”, “Məmməd Araz qayası”, “Mənim Naxçıvanım”, “Ata ocağı”, “Arpaçay nəğməsi”, “Bacım Gülsümə məktub”, “Nənəmin kitabı”, “Atamın kitabı”, “Mənim Naxçıvanım” (ssenari), “Arpaçayın aşıb-daşan nəğməsi”, “Naxçıvan, “Şərq qapısı” qəzeti redaksiyasına” və bir çox əsərlərində dəfələrlə dönüb Naxçıvana baxaraq qəlbində xatirələrlə oyalanmış, sanki bir məhəbbət dastanı – “Məmməd Araz və Naxçıvan” dastanı yaratmışdır. Janrca müxtəlif olan bu əsərlərin hər birində eyni bir yanğı, alovlu bir məhəbbət var. Bəzilərində giley, bəzilərində nigarançılıq, bəzilərində həsrət, bəzilərində isə məhəbbət, ümid, vəsf, xatirə var.  “Kəndim, balacasan, çox balacasan” deyən şair kəndinin timsalında dərindən bağlı olduğu Naxçıvanı əhatə edən təhlükələrdən, qara-qorxulardan qayğılanır:

Kəndim, balacasan, çox balacasan,

Sənin qayğıların yuxuluq deyil.

Mənim yuxularım yuxuya sığmaz,

Elə qorxular var, qorxuluq deyil,

Elə qorxular var, qorxuya sığmaz.

Bu baxımdan şair “Bura Naxçıvandır” şeirində bu ulu yurda tamah salıb göz dikənlərin iştahasına zəhər qatır, tarixən xalqın düşmənə verdiyi dərsdən başqa bir də şair özü öz məharitilə söz dərsini verir:

Bura Naxçıvandı, Naxçıvan.

Bu torpağın daşına da hürən olub,

Qumunu da, külünü də eşən olub.

Tüstümüzə, odumuza hürən olub.

Soyumuza, adımıza hürən olub.

Qəlpə-qəlpə daş qoparıb

məqam tapıb.

Yurdumuzun daşlarından.

Yalaq əkmək səriştəli –

qara əllər,

Böhtan əkmək səriştəli –

                        ara əllər.

Marıqdadır düşmən hələ,

Qorxur, qorxur Zəngəzurun

Sahibləri qəfil gələr.

Bazarçayın, Zəngiçayın,

Qaragölün, Üçtəpənin,

İşıqlının, İşıqların,

Göyçənin, Göyçəgölün

Sahibləri birdən gələr!

Göründüyü kimi, vətən oğlu, təpədən dırnağa vətənpərvər insan Məmməd Araz Naxçıvana göz dikən, tamahı başına bəla olan mənfur düşmənlərin hiylə, amal, kələklərini nifrətə tuş edir. Onların müxtəlif vaxtlar xalqımızdan, vətənimizdən qopardıqları dədə-baba torpaqlarını yada salır, düşmənin alınmış bu torpaqlar üstündə səksəkə içində “yaşadığını” bildirir. Bu əsər 1999-cu ildə, yəni dövlət müstəqilliyini yenicə bərpa etmiş, müdrik lider Heydər Əliyevin rəhbərliyilə müstəqil dövlətçiliyin möhkəmləndirildiyi, eləcə də Azərbaycanda yeni vətən müharibəsinin yaşandığı, Azərbaycan torpaqlarına yeni faşizm olaraq meydana çıxan ermənilərin  işğalçı təxribatlar apardıqları bir dönəmdə, bu saxtakar və mənfur xalqın hiylələrinə cavab olaraq yazılıb. Var səsilə hayqıran, vətən övladlarına səslənən istiqlal şairi Məmməd Araz yeni nəsilləri oyaq və ayıq olmağa çağırardı:

Vətən oğlu, gözün yatsa,

Kirpiyini ayıq saxla.

Hənirtini ayıq saxla.

Nəfəsini ayıq saxla.

Biz- biri min,

Biz – mini bir!

Bura Naxçıvandı, bura Naxçıvan!

Buradan hər oba, oymaq görünür.

Murov, Dəlidağ görünür.

Səslət bu harayı, bu andı, oğul!

Yolumuzun yolu burdan.

Göyümüzün yolu burdan,

Burdan keçir, burdan oğul!

Sərilməz, əyilməz qalamız

                            Naxçıvan!

Bura Naxçıvandır, oğul!!!

Buna görə də Xalq şairi “Siyasət çayları boy verməz sənə, Göydələn şəhərlər hay verməz sənə”, - deyə sanki balaca bir kəndin timsalında mənsub olduğu Vətəninin məsələlərinin hansısa göydələnlər şəhərlərində deyil, məhz özündə, öz inadı, birliyi və gücü ilə həll ediləcəyinə inam ehtiva edirdi.

Xalq şairi bir çox əsərlərində, xüsusilə Naxçıvanla, Qarabağ və onun ətraf ərazilərilə bağlı yazılan şeirlərində erməni məkri, düşmən fitnəsi, işğalçılıq niyyəti barədə narahatlıqlarını ifadə etmişdir. Bu cəhətdən şairin “Tarixçi alimə” şeirində öz yerini tapan ciddi mətləblər də düşmən hiylələrini tənqid və təqdim etmək baxımından maraqlıdır. Məmməd Araz qardaş Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Paşa Atatürk timsalı tarixçi alimə həqiqətləri söyləməyi, doğrunu deməyi daha haqq və düzgün bilirdi. “Hər daşda hənir var – ayağa qaldır, O kərpic qocanın yapış qolundan”, - deyən Xalq şairi daşın yaşına, tarixinə diqqətlə yanaşmağı tarixçi alimin ədalətli həqiqət axtarıcılığı kimi qiymət verirdi. Söz yox, bu, o zaman diqqətə çatdırılırdı ki, mənfur niyyətli, işğalçı düşüncəli, oğru və quldur bir millət kimi özlərini təsdiqlətmiş ermənilər köməkdarları ilə birlikdə yalançı tarix quraşdırmağa cəhd edir, Azərbaycan ərazilərində saxta “tarixi” daşlar qazıb basdırmaqla həqiqətdən uzaq “tarixçələr” quramağa səy göstərirdilər. Buna görə vətənpərvər ziyalı Xalq şairi Məmməd Araz böyük pafosla deyirdi:

Tarixə dəyməsin yalan barmağı,

Haqqım yox quşun da haqqını danam.

Mən öz keçmişinə heykəl yonmağı

Alnına yazdıran oğullardanam.

...Dilimin ətrindən dili kallaşan,

Təzə dil axtaran dillərdən qorun.

Dünənki tarixi bugünkü daşa

Yamayıb, basdıran əllərdən qorun.

Əlbəttə, apaçıq görünür ki, milli heysiyyətli vətəndaş şair niyyəti, əməli pozuq ermənilərin hiylələrindən xalqını qorumaq üçün öz haqq səsini cəsarətlə qaldırırdı. Milli qeyrətli şairin Azərbaycan adət-ənənələrini, abidələrini, mətbəxini, sözlərini oğurlamaqla özlərinə “erməni tarixi, erməni dili, erməni adətləri, erməni mətbəxi” və s. quramağa çalışan mənfur bir etnik qrupun hiylə və axmaq niyyətlərini faş edirdi. Əlbəttə, o zaman “Qardaş olub Hayastan, Azərbaycan” kimi süni nidalar altında “dostluq, qardaşlıq” mühiti formlaşadırılan bir dövrdə belə sözləri söyləmək heç də asan deyildi. Bu saxta, mənfir niyyətləri başa düşməkdən tutmuş onu dostcanlı, xoş niyyətli xalqına anlatmaq Məmməd Arazın böyük cəsarəti, vətəndaşlıq qeyrəti idi. Buna görə də Naxçıvana, Qarabağa “hürən” mənfur itlərin niyyətindən xalqını hali etmək üçün Xalq şairi dilini qasid, sinəsini sipər edir, başını ətəyinə qoymağa vadar olurdu. Saxta daş basdıranların niyyətini də, əməlini də şeirlərində ifşa edir, yalanlarını üzə çıxarır, niyyətlərini ortaya qoyurdu.

Beləliklə, yaradıcılığında hər zaman dönüb-dönüb Naxçıvana boylanan qeyrətli şair onu bütün əzəmətilə əks etdirməyə nail olmuşdur. Onun yaradıcılığında ulu Naxçıvan tarixilə, həyat, düşüncə və yaşayış tərzilə, dəyərləri və bütün sərvətlərilə əks olunmuş, ədəbi tarixə çevrilərək gələcəyə daşınmışdır. Bu baxımdan Xalq şairi Məmməd Arazın yaradıcılığı müəyyən mənada Naxçıvannamə, geniş mənada vətənnamədir. Xalq şairi “haqq bağıran səs” olaraq da Naxçıvana – vətənin bu alınmaz, dilbər guşəsinə olan hiyləgər düşmən iddialarına da cavab verməyi özünə borc bilmiş, oğru millətin talançı niyyətindən vətən övladlarını xəbərdar etməyə çalışmışdır. Məmməd Araz döyüşkən bir vətən oğlu kimi ədəbiyyatın “müsəlləh bir əsgəri” olaraq öz şeirlərilə vətən uğrunda düşmənə qarşı döyüşmüş, sarsılmaz vətən məhəbbəti, yurd sevgisi təcəssüm etdirmişdir.  

 

Ramiz QASIMOV

AMEA Naxçıvan Bölməsinin əməkdaşı,

filologiya üzrə fəlsəfə doktoru, dosent

Nəzmiyyə Məmmədova

 

 

 

ARXİV

İyun 2020
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR