14 Noyabr 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

  Azərbaycan tarixşünaslığı qarşısında duran aktual problemlərdən biri də ölkələrin inzibati ərazilərini, müəyyən vaxtlarda sərhədlərinin dəyişilməsini, yaşayış məntəqələrinin yerləşməsini, onların tərəqqi və tənəzzül proseslərini öyrənən tarixi coğrafiya məsələlərinin araşdırılmasıdır. Müasir dövrdə bədxah qonşularımız olan ermənilərin Azərbaycana ərazi iddialarının güclənməsi, hətta torpaqlarımızın bir hissəsinin işğal olunması bu məsələnin obyektiv şəkildə araşdırılmasını daha da aktuallaşdırır. Bu baxımdan ermənilərin Azərbaycana qarşı ərazi iddialarında əsas yer tutan Naxçıvan bölgəsinin tarixi coğrafiyasının dərindən öyrənilməsinə, bu iddiaların əsassızlığının sübuta yetirilməsinə də böyük ehtiyac vardır. 

1993-cü ildə ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra ölkəmizdə elmin digər sahələri ilə yanaşı, Azərbaycanda nisbətən cavan elm sahəsi olan tarixi coğrafiya ilə əlaqədar tədqiqatların aparılmasına da böyük diqqət yetirilməyə başlanılmışdır. Naxçıvanın tarixi coğrafiyasının öyrənilməsinə ciddi əhəmiyyət verən ümummilli lider Heydər Əliyevin “Naxçıvan Muxtar Respublikasının 75 illik yubileyi üzrə Dövlət Komissiyasının tədbirlər planı haqqında” 12 fevral 1999-cu il tarixli Sərəncamında Naxçıvanın tarixi coğrafiyasının öyrənilməsi də mühüm vəzifə kimi qarşıya qoyulmuşdur. Sərəncamın II bəndinə uyğun olaraq, Naxçıvanın tarixini və mədəniyyətini tədqiq edən elmi qurumun qarşısına qoyulan əsas vəzifələrdən biri də qədim diyarımızın tarixi coğrafiyasına həsr olunmuş kitabların nəşrinə nail olunması və “Naxçıvan tarixi” adlı xəritələr toplusunun hazır­lanması idi. Məhz bu tarixi sənəd əsas götürülməklə AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun və Naxçıvan Muxtar Respublikası Dövlət Yerquruluşu, Geodeziya və Xəritəçəkmə Layihə İnstitutunun əməkdaşları tərəfindən “Naxçıvan tarixi atlası” hazırlanaraq 2010-cu ildə nəşr etdirilmişdir.

Son illərdə Naxçıvan tarixinin müxtəlif problemlərinin fundamental şəkildə öyrənilməsi bölgənin tarixi coğrafiyasının öyrənilməsini də zərurətə çevirmiş, AMEA Naxçıvan Bölməsində bu istiqamətdə tədqiqatların aparılmasına başlanılmış, artıq bu sahədə müəyyən işlər görülmüşdür. Bu baxımdan Elnur Kəlbizadənin “Naxçıvanın tarixi coğrafiyası (XII-XVIII əsrin I yarısı)” mövzusunda dissertasiya hazırlayaraq uğurla müdafiə etməsini və həmin tədqiqat işinin monoqrafiya şəklində nəşr olunmasını Naxçıvanşünaslığa mühüm töhfə hesab etmək olar. Yeni nəşr olunmuş monoqrafiya həm də ulu öndər Heydər Əliyevin 1999-cu ildə imzaladığı Sərəncamın növbəti mərhələsinin icrası istiqamətində atılmış addımlardan biridir.
“Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində çapdan çıxmış mono­qrafiyanın elmi redaktoru və ön sözün müəllifi AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev, rəyçilər AMEA-nın müxbir üzvü, professor Fəxrəddin Səfərli, AMEA-nın müxbir üzvü Zəhmət Şahverdiyev və tarix üzrə fəlsəfə doktoru, dosent Elbrus İsayevdir. 6 dildə olmaqla, 240 elmi mənbə, ədəbiyyat, arxiv sənədləri, dövri mətbuat materialları əsasında yazılmış monoqrafiya giriş, 3 fəsil, nəticə, xəritə və şəkillərdən ibarətdir.
Monoqrafiyanın giriş hissəsində tədqiqatçı mövzunun öyrənilməsi zərurətindən söz açmış, Naxçıvanın tarixi coğrafiyası ilə bağlı aparılmış tədqiqatlardan bəhs etmiş, bu istiqamətdə tədqiqata cəlb edilmiş tarixi mənbələr haqqında geniş məlumat vermişdir.
Monoqrafiyanın “XII-XV əsrlərdə Naxçıvanın tarixi coğrafiyası” adlanan I fəslində tədqiqatçı Eldənizlər dövründə Naxçıvanın tarixi coğrafiyası, monqolların ərazini işğalı, Hülakülərin hakimiyyəti dövründə Naxçıvanın tarixi coğrafiyası ilə bağlı məsələlər və XIV əsrin sonu, XV əsrdə hərbi siyasi proseslərin Naxçıvan ərazisinin dəyişməsinə təsiri haqqında məlumat vermişdir. Fəsildə haqlı olaraq göstərilir ki, Azərbaycan Atabəyləri dövründə (1136-1225) Naxçıvan yüksək inkişaf mərhələsinə çatmış, dövlətin siyasi mərkəzlərindən birinə çevrilmiş, Naxçıvan şəhəri bir müddət bu nəhəng dövlətin paytaxtı olmuşdur. Bu dövr bölgənin, xüsusilə Naxçıvan şəhərinin sosial-iqtisadi və mədəni həyatında xüsusi bir yüksəliş – intibah dövrüdür. Bu intibah Naxçıvan diyarının daşıdığı “xass vilayət”i statusunda, vilayət şəhərlərinin tərəqqisində də özünü göstərmişdir. Bəhs olunan dövrdə Naxçıvanın daşıdığı inzibati statusun ayrı-ayrı hökmdarların hakimiyyət dövrləri üzrə müəyyənləşdirilməsi, bu dövr Naxçıvan vilayətinin sərhədlərinin müəyyənləşdirilməsində mənbə boşluğunun doldurulması üçün komparativ-qarşılaşdırma metodunun tətbiq edilməsi tədqiqatçının tarixi tədqiqatların metodologiyasına dərindən bələd olmasının göstəricisi hesab edilə bilər.
XII-XIII yüzilliklərdə Naxçıvanın dairələrə bölündüyünü qeyd edən müəllif hesablamalar aparmaqla Eldənizlər dövründə Naxçıvan vilayətinin ərazisinin 9609 kvadratkilometr olduğunu müəyyənləşdirmişdir. İnzibati bölgüyə daxil olan müxtəlif vahidlərdən bəhs edən tədqiqatçı Əlincə adının formalaşması ilə bağlı da çox maraqlı elmi fikirlər irəli sürmüşdür. Həmçinin o, orta əsr tarixçisi və coğrafiyaşünası Həmdullah Qəzvininin haqqında bəhs etdiyi Naxçıvan qalalarının lokalizasiyasının aparılmasına cəhd göstərmişdir.
Monoqrafiyada Hülakülər tərəfindən yaradılmış Naxçıvan tüməninin sərhədlərinin nə qədər böyük bir ərazini əhatə etməsinin faktlarla sübuta yetirilməsi, ərazilərin riyazi hesablanmasının həyata keçirilməsi, bölgə şəhərləri ilə bağlı tədqiqatların aparılması, xüsusilə Əncan şəhərinin lokalizasiyası ilə bağlı maraqlı mülahizələrin irəli sürülməsi tədqiqatçının uğuru kimi qiymətləndirilə bilər.
Naxçıvanın XV əsr tarixi Azərbaycanın Qaraqoyunlu (1410-1468) və Ağqoyunlu (1468-1501) dövlətləri ilə bağlıdır. Naxçıvanın Çuxursəd vilayətinin tərkibinə daxil edilməsi, Çuxursəd vilayətinin tərkibində digər yeddi hakimliklə yanaşı, səkkizinci hakimlik kimi Naxçıvanın yerinin xüsusilə fərqləndirilməsi, XIV əsr alman müəllifi İ.Şiltberqerin əsərinin Naxçıvanın tarixi coğrafiyası ilə bağlı hissələrinin geniş təhlil edilməsi monoqrafiyanın əhəmiyyətini daha da artırır.
Monoqrafiyanın ikinci fəsli XVI-XVII əsrlərdə Naxçıvanın tarixi coğrafiyasına həsr edilmişdir. Məlumdur ki, Azərbaycan Səfəvi dövlətinin yaranması xalqımızın dövlətçilik tarixində yeni səhifə açmışdır. Səfəvilər dövlətinin mövcud olduğu dövrdə (1501-1736) Osmanlılarla fasilələrlə aparılan uzunsürən, üzücü müharibələr Naxçıvandan da yan keçməmiş, ona böyük dağıntı və fəlakətlər gətirmişdir. Monoqrafiyanın bu fəslində Naxçıvanın ölkə statusunda Azərbaycan bəylərbəyliyinin tərkibində olduğu dövr fərqləndirilmiş, bu dövrün xronoloji çərçivəsi ilə bağlı dəqiqləşdirmələr aparılmışdır. Müəllifin fikrincə, Azərbaycan bəylərbəyliyinin tərkibinə daxil olduğu dövrdə Naxçıvan ölkəsi Naxçıvan, Şərur, Dərələyəz, Bazarçayı, Məvaziyi-xatın, Mülki-Arslan, Dərəşahbuz və Əlincə mahallarından ibarət olmuşdur.
I Osmanlı idarəçiliyi dövründə (1587-1603) Naxçıvanın tarixi coğrafiyasının tutarlı mənbələr əsasında öyrənilməsi, Osmanlı mənbələrində verilən məlumatların Azərbaycan tarixşünaslığı baxımından qiymətləndirilməsi, aparılan təhlillər zamanı elmi obyektivliyin qorunub saxlanılması da mono­qrafiyanın müsbət məziyyətlərindəndir. Burada ayrı-ayrı inzibati vahidlərdən bəhs olunması, mənbələrin verdiyi zəngin məlumat imkanlarından istifadə edilərək Naxçıvanın ayrı-ayrı inzibati vahidlərinin sərhədlərinin müəyyənləşdirilməsi monoqrafiyanın dəyərini artıran əlamətlərdəndir.
Naxçıvanın Azərbaycan bəylərbəyliyinin tərkibindən çıxarılaraq Çuxursəd bəylərbəyliyinin tərkibinə daxil edildiyi dövrün tarixi ilə bağlı dəqiqləşdirmələrin aparılmasına göstərilən cəhdlər, bu dövrdə bölgənin ərazisinin, sərhədlərinin, inzibati vahidlərinin, şəhərlərinin, əhalinin etnik tərkibinin dərindən öyrənilməsi də Naxçıvanın tarixi coğrafiyası istiqamətində mövcud olan ciddi bir boşluğu doldurmaqdadır.
Monoqrafiyanın III fəslində XVIII əsrin I yarısında Naxçıvan diyarının tarixi coğrafiyasından bəhs edilir. Bu fəsildə Səfəvilər dövlətinin tənəzzülü dövründə Naxçıvanın tarixi coğrafiyasında baş vermiş dəyişikliklər müəllif tərəfindən diqqətdə saxlanılmışdır. Məlumdur ki, 1724-cü ildə Osmanlı dövləti Naxçıvanı tutmuş, burada Osmanlı idarə sistemi (1724-1735) yaradılmışdır. Tədqiqatçı bu dövrü şərti olaraq II Osmanlı idarəçiliyi dövrü adlandırmışdır. Müəllifin Naxçıvan sancağına daxil olan digər nahiyələrlə yanaşı həm ərazicə, həm də yaşayış məskənlərinin sayına görə ən böyük olan, sonradan Ermənistana verilən Dərələyəz, həmçinin Sisyan nahiyəsinin tarixi coğrafiyasına ayrıca diqqət yetirməsi xüsusi qeyd edilməlidir. Fəsildə tarixən Azərbaycan torpağı olmuş Dərələyəz və Sisyan haqqında geniş tədqiqatlar aparılması və bu sahədə sanballı nəticələr əldə olunması mənfur ermənilərə ciddi bir cavab hesab oluna bilər.
Naxçıvanın Əfşarlar dövləti zamanındakı tarixi coğrafiyasının öyrənilməsi mənbələrin azlığı baxımından müəyyən çətinlik törədir. Məlumdur ki, Nadir şahın dövründə də (1736-1747) Naxçıvan çətin günlər yaşamışdır. Monoqrafiyada bu məqamlara xüsusi diqqət yetirilmişdir. Nadir şahın öldürülməsindən sonra Azərbaycan ərazisində yaranmış xanlıqlardan biri də Naxçıvan xanlığı olmuşdur. Tədqiqatçı monoqrafiyanı Naxçıvan xanlığının yarandığı ilk dövrlərin tarixi coğrafiyasını təsvir etməklə yekunlaşdırmışdır.
Tədqiqatdan aydın olur ki, XII-XVIII yüzilliyin I yarısını əhatə edən zaman çərçivəsində Naxçıvan adı altında birləşən ərazilər çox böyük olmuşdur. Ancaq təəssüflər olsun ki, həmin ərazilərin bir qismi tarixin müxtəlif dövrlərində Azərbaycandan qoparılaraq digər xalqlara, xüsusilə ermənilərə verilmişdir. Bütün bunların monoqrafiyada ətraflı şərh olunması onun dəyərini daha da artırmışdır.
Monoqrafiyanın sonunda müəllif əldə etdiyi elmi nəticələri ümumiləşdirmişdir. Əsərin yazılmasında zəngin ədəbiyyatlara, hətta tarixşünaslığımızda çox az müraciət olunan maraqlı tarixi mənbələrə, arxiv sənədlərinə istinad olunmuşdur. Elnur Kəlbizadə tədqiqat apardığı dövrdə bölgənin bir sıra yaşayış məskənlərini gəzmiş, bəzi məsələlərin dəqiqləşdirilməsi, mənbələrin məlumatları ilə əhalinin yaddaşında qalan məlumatların qarşılaşdırılması üçün ayrı-ayrı kəndlərdə yaşayan yaşlı sakinlərlə görüşmüş, topladığı etnoqrafik materialları da tədqiqata cəlb etmişdir.
İşin əlavələr hissəsində təqdim edilən xəritə-eskizlər ciddi əhəmiyyətə malikdir. Bu baxımdan Ordubad şəhərinin XVII əsr planının bəzi nüanslarını əks etdirən fotoşəkillərin əldə olunması və tədqiqata daxil edilməsi böyük əhəmiyyət kəsb edir.
Ümid edirik ki, Naxçıvanın orta əsrlər dövrünün tarixi coğrafiyası ilə bağlı monoqrafiyanı elmi ictimaiyyətə təqdim edən gənc tədqiqatçı gələcəkdə bu sahədə tədqiqatlarını daha da dərinləşdirəcək, xüsusilə doğma yurdun tarixi coğrafiyasının digər dövrlərinin öyrənilməsi ilə bağlı elmi axtarışlar aparacaq və bu istiqamətdə yeni tədqiqat əsərləri ortaya çıxaracaqdır.

Fəxrəddin SƏFƏRLİ
AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya
İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3272129
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1750
4121
9898
56775
3272129

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter