Naxçıvan Dövlət Universitetində “Elektron imtahana hazırlıq və qarşıda duran vəzifələr” mövzusunda tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açan univer­sitetin rektoru, akademik İsa Həbib­bəyli qeyd etmişdir ki, muxtar respublika rəhbərinin qayğısı ilə bu ali məktəb ən müasir informasiya-kommunikasiya texnologiyaları ilə təchiz olunmuş, 108 hektarlıq ərazini əhatə edən “Wi-Fi” internet şəbəkə sistemi istifadəyə verilmiş, virtual əlaqələr genişlənmişdir.
Universitetin həyata keçirdiyi ənənəvi “Elektron Naxçıvan” proqramı, buradakı Media Mərkəzi və İnformasiya texnologiyaları şöbəsinın fəaliyyətləri, universitetin müasir standartlara cavab verən rəsmi internet səhifəsinin yaradılması, yeni “Elektron təhsil” layihəsinin tətbiqinə başlanılması bu sahədə qazanılan uğurlardandır. Rektor bildirmişdir ki, Baloniya prosesinin prinsiplərinə uyğun olaraq, tədris prosesində elektron vasitələrdən, informasiya texnologiyalarından istifadə edilməsini, elektron təhsilin proqramlaşdırılmasına tam nail olunmasını, fakültələrarası səviyyədə onlayn dərslərin keçirilməsini, imtahan keçirilməsi nəzərdə tutulan fənlər üzrə test bankının yaradılmasını, semestr imtahanlarının test üsulu ilə keçirilməsini təmin etmək məqsədilə universitetdə Elektron təhsil şöbəsi yaradılmışdır.

Universitetin tədris işləri üzrə prorektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Surə Seyid kafedralar üzrə elektron testlərin hazırlanması vəziyyəti, bu üsulla imtahan keçiriləcək fənlər, eləcə də elektron testlərin tərtibi və toplanması ilə bağlı məlumat vermişdir. Qeyd olunmuşdur ki, elektron test üsulunun, ilk olaraq, birinci kursların semestr imtahanlarında, gələcəkdə isə bütün kurslar üzrə tətbiqi nəzərdə tutulur. 
Elektron təhsil şöbəsinin müdiri Hüseyn Qasımov elektron imtahanların keçirilməsi sahəsində aparılan işlər və sınaq-test imtahanlarının keçirilməsi qaydaları haqqında məlumat vermiş, elektron test üsulu ilə imtahanın keçirilməsi qaydalarını müəllim və tələbələrə əyani şəkildə izah etmişdir.
İnformasiya-kommunikasiya texnologiyaları şöbəsinin müdiri Xaliq Babayev elektron imtahanların suallarının universitet saytında yerləşdirilməsi və ondan istifadə üsulları ilə bağlı tələbə və müəllimləri ətraflı məlumatlandırmışdır.

 

Mina Qasımova