İyunun 3-də Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi 2018-2019-cu tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının ikinci mərhələsini keçirib.
İmtahan Bakı, Naxçıvan və Gəncə şəhərlərində, ümumilikdə, 25 imtahan binasında aparılıb, şəffaflığın təmin olunması üçün 81 imtahan rəhbəri və 786 nəzarətçi-müəllim ayrılıb.
Bütün binalarda eyni vaxtda – saat 1200-da başlayan imtahan 1 saat 30 dəqiqə davam edib.
Muxtar respublikada imtahan Naxçıvan Dövlət Universitetinin Hüquq fakültəsinin binasında keçirilib. Bunun üçün binada 14 imtahan zalı hazırlanıb, 21 nəzarətçi-müəllim və 2 imtahan rəhbəri cəlb edilib. Magistratura pilləsinin müvafiq ixtisaslarında təhsil almaq arzusunda olan 218 bakalavr öz biliklərini ­sınayıb.
İkinci mərhələdə bakalavrlara seçdikləri proqram üzrə 5-i açıqtipli olmaqla, 50 test tapşırığı təqdim olunub. Hər düzgün cavab 1 balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. İmtahanın nəticələri www.dim.gov.az saytında yerləşdiriləcək.

 Güntac ŞAHMƏMMƏDLİ