38-ci Beynəlxalq Paris Luvr kitab sərgisində Fransa, Rusiya, Almaniya və digər Avropa ölkələrinin alim, yazar və müəlliflərinin elmi-pedaqoji fəaliyyətlərinin intensivliyini artırmaq, kitab, monoqrafiya, dərslik, metodik vəsait və elektron nəşrlərin elmi paylaşımını gücləndirmək məqsədilə ­ 30 min kitabın sərgisi təşkil olunub.
AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əliəddin ­Abbasov, institutun Hidrogeologiya və mineral sular laboratoriyasının ­rəhbəri, kimya üzrə fəlsəfə doktoru, dosent Fizzə Məmmədova və Fərəh Heydərovanın həmmüəllifi olduqları “Təbii suların geokimyası və Naxçıvan Muxtar Respublikasında yayılma xüsusiyyətləri” adlı kitab da sərgidə nümayiş etdirilib. Azərbaycanlı alimlərin kitabı Beynəlxalq Paris Luvr kitab sərgisinin “Qızıl medalı” ilə mükafatlandırılıb.
Bundan əlavə, həmin kitab Mos­kvada Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində keçirilən V Beynəlxalq Təhsil-2018 sərgisinin diplomuna layiq görülüb, kitabın rus və ingilis dillərində xülasəsi sərginin kataloqunda dərc olunub.
Qeyd edək ki, həmin sərgidə Türkiyə, İran, Rusiya, Monqolustan və Polşanın təhsil nazirləri, YUNESKO-ya üzv ölkələrin nümayəndələri, min­dən çox elm və təhsil müəssisəsinin əməkdaş­ları iştirak ediblər.

AMEA Naxçıvan Bölməsinin
İnformasiya şöbəsi