Dünən ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasının da tam orta təhsil məktəblərində XI sinif şagirdlərinin “Son zəng” tədbirləri keçirilib. 

Məlumat üçün bildirək ki, bu tədris ilində muxtar respublikanın adıçəkilən təhsil müəssisələrindən 2803 nəfər məzun olub.
Naxçıvan şəhərindəki Heydər Əliyev adına tam orta məktəbdə keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının təhsil naziri Məmməd Qəribov muxtar respublikada təhsilin inkişafına göstərilən qayğıdan və bu sahədə qazanılan nailiyyətlərdən danışıb, sonda məzunları təbrik edib və onlara ali məktəblərə qəbul imtahanlarının II mərhələsində uğurlar arzulayıb.
Digər məktəblərdə keçirilən tədbirlərdə də məzunlara müstəqil həyatda xoş arzular ifadə olunub, onlara dövlətçiliyimizin, müstəqilliyimizin qorunmasında, inkişafında fəal həyat mövqeyi nümayiş etdirmək tövsiyə edilib. Məzunlar bu yolda bütün səy və bacarıqlarını sərf edəcəklərinə söz veriblər.
Tədbirlərdə şeirlər bədii qiraət olunub, mahnılar səsləndirilib.


Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidməti