Filologiya üzrə fəlsəfə doktoru, Naxçıvan Dövlət Universitetinin dosenti Aypara Behbudovanın “Vətənə bağlı şair ömrü” və onun tərtibçiliyi ilə nəşr edilmiş “Vaqif Məmmədov xatirələrdə” kitabları mənə tarix üzrə fəlsəfə doktoru, şair-publisist, mərhum Vaqif ­Məmmədovla tanışlığımızı xatırlatdı. Bu tanışlıq 2003-cü ildə onun Bakıda “Şirvannəşr”də çap olunmuş “Arazdan keçə bildim” kitabı haqqında “Şərq qapısı” qəzetində dərc etdirdiyim resenziyadan sonra olub. 

O dövrdən dünyasını dəyişənə kimi – 2016-cı ilə qədər Vaqif müəllimlə dostluq etmişik. Kərki kəndindən yazı hazırlayarkən onunla saatlarla söhbətim olub. Demək istəyirəm ki, o, şair kimi şair, publisist kimi publisist, alim kimi alim, müəllim kimi müəllim olduğu qədər də səmimi və qayğıkeş dost idi. Bu səmimiyyəti, qayğıkeşliyi onun ailəsi ilə yanaşı, çalışdığı kollektiv, mühazirə oxuduğu tələbələr, dostluq etdiyi insanlar da təsdiq edərlər. Onu tanıyan insanların yaddaşında da bu, belə qalıb. Yeri gəlmişkən onu da deyim ki, “Vətənə bağlı şair ömrü” kitabında da, xatirələrdə də böyük bir səmimiyyət var. Səmimi insan haqqında səmimi deyimlər oxucunu ilk anda təsirləndirir. Bu da, ilk növbədə, Vaqif müəllimlə bağlı 15 il tədqiqatlar aparan Aypara Behbudovanın öz müəlliminə ehtiramının ifadəsi kimi diqqəti çəkir: “Mənim Vaqif müəllimdə bir insan kimi, müəllimim kimi qibtə edib dəyərləndirdiyim onun saf və təmiz mənəvi aləmi, şairlik dünyasıdır. O, sözü ilə əməli bir olan insan idi. Onun şeirlərində insanın hisslərinə, arzularına, duyğularına qarşı durmuş dünyanın özü ilə üzbəüz danışmaq gücü var idi. Vaqif Məmmədov poeziya tarixində nadir hisslərin ifadəsinə görə yaşamaq haqqını qoruyub saxlaya bilən şairlərdən biri, ən əsası, bu dünyaya ancaq səmimiyyət gətirdiyini təsdiq edən ziyalı idi”.

Müəllif Vaqif Məmmədovdan bəhs edən “Əbədiyyətə qovuşan şair”, həmçinin şairin “Bu dünyanın sevinci nə, qəmi nə” kitablarına yazdığı ön sözlərdə də Vaqif Məmmədov xarakterini həyati cizgilərlə təsvir edir. Öyrənirik ki, ömrünün 40 ildən artıq bir hissəsini şərəfli müəllim peşəsinə həsr edən, dərs dediyi gənclərin bilikli, savadlı yetişməsi ilə yanaşı, həm də onların dövlətçiliyimizə, müstəqilliyimizə bağlı ruhda formalaşmasına çalışan Vaqif Məmmədov 1998-2015-ci illərdə Naxçıvan Dövlət Universitetinin “Qeyrət” nəşriyyatının direktoru vəzifəsində çalışıb. 1995-2000-ci illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olub. 2005-ci ildə Naxçıvan Muxtar Respublikasının “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb. 1970-ci ildən bədii yazıları mətbuatda çap edilən, 40-a yaxın bədii-publisistik kitabın müəllifi olan Vaqif Məmmədovun şeirləri müxtəlif dillərə tərcümə olunub. Türkiyə, İran, İraq, Özbəkistan, Rusiya, Ukrayna, Belarus, Yunanıstan, Almaniya, Bolqarıstan, Pakistan və ABŞ-da çap edilib. O, bir sıra beynəlxalq konfransların iştirakçısı və qalibi olub.
Vaqif Məmmədov 1988-ci ildə başlanan hadisələr dövründə həm də doğulub böyüdüyü Sədərəkdə əsgər ömrü yaşayıb. O illərdə bir gün olsun belə, Sədərəkdən kənara çıxmayıb. Həmyerliləri ilə birgə olub. Daha doğrusu, öndə gedib. Vətənpərvərlik hissləri onu cəbhənin ön sıralarına aparıb. Müəllif bu barədə elə yanğı ilə danışır ki, sanki onun özü də Vaqif müəllimlə birgə bu hadisələrin içində olub.
Aypara Behbudovanın bu fikirləri ilə hamımız razılaşarıq ki, o, şeirlərində, sadəcə, Vətən torpağını tərənnüm etməyib, həm də bu torpağın qədrini bilməyə, onu qorumağa, ona dikilən yad gözlərə qarşı amansız olmağa çalışıb. Vətənin bölünməsinin böyük faciəsini həssaslıqla duyan şair bədii sözün qüdrəti ilə xalqın parçalanmasına etirazını bildirib:

Taxıl zəmisinə düşmən od atıb,
Yanır tabağımda çörəyim, yanır.
Alov dilimləri lap ərşə çatıb,
Elə bil, cızhacız ürəyim yanır.

“Düşünən və düşündürən şair”, “Sənətə vaqif­liyin təzahürü”, “Elmlə poeziyanın vəhdəti”, “Bədii düşüncənin sərhədləri genişlənir” və sair başlıqlar altında verilmiş yazılarda Vaqif Məmmədovun vətənpərvərlik ruhu, doğma torpağa bağlı­lıq hissləri əksini tapıb. Müəllif “Bədii düşüncənin sərhədləri genişlənir” fəslində yazır: “Vaqif Məmmədov şeir-sənət yoluna ürəyinin istəyi ilə qədəm qoyduğunu ilk şeirlərindən bəyan etmiş, eyni zamanda ağlamağın, gülməyin, sevinc və kədərin, bir sözlə, bütün hiss və duyğuların, bütün istəklərin ürəkdən gəldiyini, bu ürəkdə isə yalnız bir varlığın – Vətənin yerləşdiyini belə ifadə edirdi:

Ürəyimsiz ağlamıram, gülmürəm.
Hər istəyim ürəyimdə birləşir.
Böyükmüdür, kiçikmidir, bilmirəm,
Ürəyimə təkcə Vətən yerləşir.

Şairin həyat və yaradıcılığına dair biblioqrafik göstəricilər, şeir və publisistik kitabları, tərtib etdiyi və haqqında yazılan nəşrlər, monoqrafiya, dərs vəsaiti barədə məlumatların yer aldığı yeni nəşr müəllifin uzunillik zəhmətinin bəhrəsi kimi diqqəti çəkir.
“Vaqif Məmmədov xatirələrdə” kitabında görkəmli elm xadimlərinin, şair və yazıçıların, dostlarının, dərs dediyi tələbələrin, ailə üzvlərinin xatirələrini həyəcansız oxumaq olmur. Bu xatirələrin hər birində gözəl ziyalı, layiqli vətəndaş, istedadlı şair haqqında ürək sözləri oxucunu düşünməyə sövq edir: Bu dünyaya gələn insan ancaq yaxşılıq haqqında düşünməlidir. Həyat yaxşıların qədrini bilir. Bu kredo bütün dövrlərə aid olub. Bu həqiqəti dərk edənlər yaddaşlarda əbədi yaşamaq hüququ qazanırlar. Akademik İsa Həbibbəylinin “Vaqifanə ömrün anları” adlı yazısında dediyi kimi: “Sözün əsl mənasında, açıqbaxışlı, səmimi insan olan Vaqif Məmmədov təmkinli, ağıllı və mənəviyyatlı ­Vaqifanə ömrünü yaşamışdır”. Belə ömrü əsl vətəndaşlar yaşayırlar.
Filologiya üzrə fəlsəfə doktoru Şərəbanı Məmmədovanın yazdığı “Ölümə baş əyməyən şair” adlı xatirələri də həyəcansız oxumaq olmur. Qəlbi Vətən eşqi ilə döyünən şairin qayğıkeşliyindən, təmənnasızlığından ürəkdolusu bəhs edən Şərəbanı xanım yazır ki, başqalarının uğurlarına qəlbən sevinən insan idi Vaqif müəllim. Etdiyi xeyirxahlıqlardan, yaxşılıqlardan zövq alaraq yaşayırdı Vaqif müəllim. Təvazökar­lığı, alicənablığı ilə müəllim adının, müəllimlik peşəsinin verdiyi qürurla, ədəb-ərkanla, insanlara səmimi münasibəti ilə seçilirdi Vaqif müəllim.

Nə çörəyə, nə şöhrətə,
Nə dövlətə, nə sərvətə,
Nə söhbətə, nə minnətə
Başımı heç əyməmişəm,
Ölümə də baş əymərəm.

Ömrü boyu belə amallarla yaşayan, ölümə də baş əyməyən Vaqif Məmmədovu əcəl ömrünün 67-ci baharında bizdən aldı. Ancaq əməlləri ilə onu tanıyanların qəlbində özünə isti bir yuva qurdu. Bunu mərhum şairə həsr olunmuş və kitabda yer almış şeirlərdə də görürük:

İlham üstə bir çağlayan sel idi,
Hər sözündə haqqı yazan əl idi,
Misra-misra ötən sözü dil idi,
Ağrı dağın duman aldı, çən aldı,
Vaqif köçdü, dünya Vaqifsiz qaldı.

Bu gün onun 70 yaşını onsuz qeyd edirik. Aypara Behbudovanın oxuculara təqdim etdiyi hər iki kitabın bir elegiya təsiri bağışlamasının səbəbi, bəlkə də, elə bundadır. Bu elegiyanın təsirindən hələ də çıxmamışam. Oxuculara da şairin 70 illik yubileyinə qiymətli töhfə olan bu kitablarla tanış olmağı arzulayardım, Vaqif Məmmədovu daha yaxından tanımaq üçün, Aypara xanımın çəkdiyi zəhməti dəyərləndirmək üçün.

 Muxtar Məmmədov