Xəbər verdiyimiz kimi, iyunun 28-də Naxçıvan şəhərində III Beynəlxalq Gənclik Araşdırmaları Konqresi öz işinə başlayıb. Gəncliyin inkişafına töhfə vermək məqsədilə təşkil olunan konqres həmin gün açılış mərasimindən sonra bölmə iclasları ilə davam edib. Türkiyə Respublikasının Çankaya Universitetindən professor Zeynəb Karahan Uslu, Mersin Universitetindən professor Gülay Börekçi və “Naxçıvan” Universitetindən Hüseyn Bağırsoylunun sədrliyi ilə keçirilən bölmə iclaslarında müasir gəncliyin təhsil, sağlamlıq və turizm sahələrində fəaliyyəti ilə bağlı mövzulardan bəhs edən məruzələri dinlənilib.
Dünən isə Türkiyə Respublikasının Ərdahan Universitetinin dosenti Semra Çevik və Erciyes Universitetinin dosenti Mustafa Durmuşçələbinin sədrliyi ilə təhsil, Pamukkale Universitetinin dosenti Türkan Turanın və Azərbaycan İqtisad Universitetinin professoru Rəna Sultanovanın sədrliyi ilə sağlamlıq, Azərbaycan Turizm və Menecment Universitetinin dosenti Flora Ələsgərovanın və İstanbul Universitetinin professoru Haluk Tanrıverdinin sədrliyi ilə turizm mövzularına dair məruzələr dinlənilib.
Qeyd edək ki, üç gün davam edəcək III Beynəlxalq Gənclik Araşdırmaları Konqresində müasir gənc­liyin dil, din, media, incəsənət, ­siyasət, turizm, təhsil və digər sahələrdə fəaliyyəti ilə bağlı mövzularda yerli və xarici ölkələrin ali təhsil müəssisələrindən gəlmiş elm adamlarının çıxışları dinləniləcək.

 Səbuhi HƏSƏNOV