Hər bir dövlətin inkişafı, müstəqilliyinin möhkəmləndirilməsi və dövlətçiliyinin gücləndirilməsi birbaşa gələcəyin etibarlı təminatı olan kadr hazırlığından asılıdır. Çağdaş dünya çağırışlarına cavab verən təhsil sisteminin yaradılması ölkəmizin inkişaf konsepsiyasının mühüm tərkib hissəsinə çevrilib. Bu sahədə əsası ümummilli liderimiz tərəfindən qoyulan islahatlar bu gün Prezident cənab İlham Əliyev tərəfindən yeni mərhələdə uğurla davam etdirilir. Təhsil sahəsində atılan genişmiqyaslı addımlar böyük nailiyyətlər əldə edilməsinə və dövlətimizin sürətli inkişafına əsas baza yaradan amildir.

Muxtar respublikamızın hərtərəfli tərəqqisi məqsədilə qəbul edilən “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən tədris şəraitinin yaxşılaşdırılması, informasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi və məktəb kitabxanalarının fəaliyyətinin təkmilləşdirilməsi əsas prioritetlərdəndir.
Məhz buna görə də bu gün ölkə­mizdə, onun ayrılmaz tərkib hissəsi olan muxtar respublikamızda gənc kadrların hazırlanmasına, onların işlə təmin olunmasına, potensiallarından səmərəli istifadəyə xüsusi diqqət yetirilir. Gənc­lərin inkişafına göstərilən hərtərəfli dövlət qayğısı, onların yaradılan bu şəraitdən bəhrələnərək müxtəlif sahələrdə uğurlar qazanması da Naxçıvan şəhərinin 2018-ci il üçün ölkəmizin Gənclər Paytaxtı statusuna layiq görülməsini şərtləndirən amillərdəndir.

Təhsil sahəsində görülən bütün işlər savadlı, istedadlı gənclərin yetişməsinə və cəmiyyətin intellektual potensialının artmasına zəmin yaradır. Belə gənclərdən biri də Təbəssüm Hacıyevadır. O, 1998-ci il may ayının 31-də Ordubad rayonunun Vənənd kəndində dünyaya göz açıb. Kənd orta məktəbini bitirdikdən sonra 2015-ci ildə 615 balla Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin Tərcümə (ingilis-Azərbaycan) ixtisasına qəbul olunub. Dərslərinə böyük məsuliyyətlə yanaşan bu tələbə bir sıra elmi-ictimai tədbirlərdə də fəal iştirak edir. O, 2016-cı il 12-15 may tarixlərdə BMT-nin İnkişaf Pro­qramının təşkilatçılığı ilə keçirilən MUN (Model United Nation) konfrasındakı iştirakına görə sertifikat alıb, 2017-ci il aprel ayında Tələbə Elmi Cəmiyyətinin keçirdiyi müsabiqədə ingilis dili fənni üzrə işlədiyi “Aprel döyüşləri” (“April Battles”) adlı mövzuya görə birinci yerə layiq görülüb və diplomla təltif olunub. Bununla yanaşı, 2017-ci ilin noyabr ayında “Azərbaycan bayrağı dövlətçiliyin və müstəqilliyin rəmzidir”, 2018-ci ilin may ayında isə “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” adlı məqalələri ilə ikinci yeri tutaraq fəxri fərman və pul mükafatı ilə qiymətləndirilib. Onunla söhbətimizdən:
– “Cəmiyyət təhsilsiz inkişaf edə bilməz”, – deyən ulu öndərimiz Heydər Əliyevin müəyyənləşdirdiyi və dövlət başçısı cənab İlham ­Əliyevin uğurla davam etdirdiyi təhsil siyasəti bu gün öz bəhrələrini verməkdədir. Bunu muxtar respublikamızın timsalında da görmək olar. Qədim diyarımızda təhsilin inkişafı ilə əlaqədar olaraq həyata keçirilən tədbirlər kadr potensialının gücləndirilməsinə xidmət edir. Naxçıvanlı gənclərin səsi beynəlxalq səviyyəli tədbirlərdən gəlir. Biz də onların ardıcılı olaraq, bu gün muxtar respublikanın təhsil sistemində yaradılmış yüksək şəraitdən səmərəli istifadə etməli, qarşımıza qoyulan vəzifələrin yerinə yetirilməsində fəal olmalıyıq.
Bu gün təhsil sahəsində əsas məqsəd Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, xalqının milli ənənələrinə və demokratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən vətənpərvərlik və Azərbaycançılıq ideyalarına sadiq olan müstəqil və yaradıcı şəxsiyyət ­yetişdirməkdir.
Ona görə də özümüzü bu ölkənin təfəkkürlü gəncləri siyahısında görmək üçün çalışmalıyıq. Hansı ixtisas və ya peşənin sahibi oluruqsa-olaq, həmişə öz üzərimizdə işləməli, ölkəmizin inkişafında bir vətəndaş olaraq iştirak etməliyik. Vətənpərvər ruhlu gənc kimi öhdə­liklərimizi, məsuliyyətimizi daha dərindən dərk etməli, yaradılan şəraitdən dolğun istifadə etməliyik ki, bizə göstərilən etimadı doğrulda bilək. Həmsöhbətimiz gələcək arzularından da söhbət açaraq bildirdi ki, bu il Naxçıvan şəhərinin Gənc­lər Paytaxtı seçilməsi ilə əlaqədar olaraq keçirilən tədbirlərdə uğurla iştirak etmək istəyir.

Jalə ALMƏMMƏDOVA