Naxçıvan Müəllimlər İnstitutunda beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səkkizinci sessiyasında qarşıya qoyulan vəzifələrin müzakirəsinə həsr olunmuş kollegiya iclası keçirilib. İclası institutun tədris və tərbiyə işləri üzrə prorektoru Kamal Camalov açaraq məruzə ilə çıxış edib. 

Bildirilib ki, may ayının 16-da Naxçıvan Müəllimlər İnstitutunun müasir standartlara cavab verən və yüksək maddi-texniki təchizata malik yeni binasının istifadəyə verilməsi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin muxtar respublikamıza səfəri zamanı binanın açılışında iştirak edib ali təhsil ocağının kollektivi və şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşməsi institutun professor-müəllim heyətində, tələbə kontingentində böyük ruh yüksəkliyi və əzmkarlıq yaradıb.
Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2018-ci il 24 may tarixli qərarı ilə Naxçıvan Müəllimlər İnstitutunda struktur dəyişik­likləri aparılması məqsədilə ali təhsil ocağının yeni ştat cədvəli təsdiq olunub, mövcud prorektorluqlar ləğv edilib, yeni strukturlar yaradılıb. Həmin strukturlara yeni təyinatlar olub.

Qeyd olunub ki, 2018-ci ilin birinci yarımilində Naxçıvan Müəllimlər İnstitutu qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq istiqamətlər üzrə fəaliyyət göstərib. Hesabat dövründə bakalavriat və magistratura təhsil pillələrində 1149 tələbə təhsil alıb ki, onların da təhsili ilə 91 nəfər professor-müəllim heyəti məşğul olub. 2017-2018-ci tədris ilində bu ali təhsil müəssisəsinə 261 nəfər qəbul olunub. Magistratura təhsil pilləsi üzrə isə 35 nəfər qəbul planına qarşı 20 nəfər təhsil almaq hüququ qazanıb.
Diqqətə çatdırılıb ki, 6 ixtisas üzrə bakalavr, 4 ixtisas üzrə isə magistrantın hazırlandığı Naxçıvan Müəllimlər İnstitutunda tədrisin keyfiyyətini yüksəltmək, yeni ədəbiyyat və proqram, metodik vəsaitlərlə professor-müəllim heyətini məlumatlandırmaq və institutda tətbiq etmək üçün kafedralarda fənn komissiyaları fəaliyyət göstərir.
Vurğulanıb ki, ümumilikdə, 1149 tələbəsi olan ali təhsil ocağının ABŞ, Ukrayna, Rumıniya, Türkiyə, İngiltərə, Qazaxıstan və digər ölkələrin ali təhsil müəssisələri və elmi mərkəzləri ilə əlaqələri davam etdirilib.
Ümumilikdə, 2018-ci ilin I yarım­ilində institut əməkdaşlarının 114 elmi məqaləsi, beynəlxalq konfranslarda 7, respublika konfranslarında isə 74 tezisi, 6 kitab və monoqrafiyası, 4 dərs vəsaiti, 2 metodik vəsaiti, 42 fənn proqramı nəşr olunub.
Sonra məruzə ətrafında çıxışlar ­dinlənilib.

 Gülcamal TAHİROVA