Dövlət İmtahan Mərkəzi iyulun 26-da 2018-2019-cu tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirib.
İmtahan respublikanın 11 şəhərində – Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmazda, ümumilikdə, 61 binada aparılıb. İmtahanların idarə olunmasına 217 imtahan rəhbəri və ümumtəhsil müəssisələrindən 2585 nəzarətçi-müəllim cəlb olunub.
Məlumat üçün bildirək ki, Naxçıvan şəhərində imtahanlar 7, 14 nömrəli və Heydər Əliyev adına tam orta məktəblərdə keçirilib. İmtahana 153 nəzarətçi, 12 imtahan rəhbəri cəlb edilib, bir gün əvvəl onlar üçün seminar-treninqlər təşkil edilib. Ümumilikdə, 1615 abituriyent imtahan verib.
İmtahan bütün binalarda eyni vaxtda – saat 1100-da başlanıb və 3 saat davam edib. İmtahan başa çatdıqdan sonra müstəqil ekspertlər tərəfindən test tapşırıqlarının ekspertizası aparılıb. Həmin gün “Space” telekanalında canlı yayımlanan “Abituriyent” verilişində Dövlət İmtahan Mərkəzinin məsul əməkdaşları və ekspertlər tərəfindən sualların düzgün cavabları və test tapşırıqları ilə bağlı geniş izahat verilib. Sualların düzgün cavabları Dövlət İmtahan Mərkəzinin internet saytında və “Facebook” səhifəsində yerləşdirilib.
Abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri imtahandan 3-4 gün sonra mərkəzin rəsmi internet saytında (www.dim.gov.az) yerləşdiriləcəkdir.

 Güntac ŞAHMƏMMƏDLİ