Bu gün ölkəmizdə, eləcə də muxtar respublikamızda milli təhsilimizin hərtərəfli inkişafı üçün sistemli tədbirlər həyata keçirilir. Görülən genişmiqyaslı işlərin, atılan məqsədyönlü addımların nəticəsidir ki, hər keçən gün bu sahədə yüksək nailiyyətlər qazanılır, uğurlu göstəricilər əldə olunur. Muxtar respublikamızın əksər orta ümumtəhsil müəssisələrində olduğu kimi, Ordubad rayonunun da bir çox məktəblərinin məzunları ali məktəblərə builki qəbul imtahanında müvəffəqiyyətlə iştirak ediblər. Rayonun bütün məktəbləri üzrə ən yüksək nəticəni Gənzə kənd tam orta məktəbinin məzunu Sunay Rzayeva əldə edib. Qəbul imtahanında III ixtisas qrupu üzrə iştirak edən abituriyent 685 bal toplayıb. Söhbət zamanı Sunay sevincini bizimlə bölüşərək dedi ki, 1-ci sinifdən 11-ci sinfə qədər əlaçı olub. Fənlər arasında fərq qoymayıb, bütün dərsləri eyni qaydada oxumağa çalışıb. Lakin Azərbaycan dili, ədəbiyyat, tarix fənlərinə daha çox marağı olduğundan doqquzuncu sinifdə III ixtisas qrupu üzrə hazırlaşmaq qərarına gəlib. Onun dedik­lərindən: “Fikrimcə, yaxşı nəticə əldə etmək üçün ən birinci özünə inanmaq vacibdir. Daha sonra dərs bölgüsünü düzgün etmək, vaxtında yatmaq və bütün fikrini dərslərə yönəltmək lazımdır. Hələ ki, universitet və fakültə seçimini etməmişəm. Amma çox şadam ki, məqsədimə nail oldum. Bunun üçün müəllimlərimə və valideynlərimə minnətdaram”.

Bu tədris ilində uğurlu göstəriciləri ilə seçilən digər təhsil ocağı isə Məhəmməd Füzuli adına Ordubad şəhər internat tam orta məktəbi olub. Məktəbin direktoru Musa Ağayevin sözlərinə görə, bu il qəbul imtahanında 15 məzun iştirak edib və onların hər biri müvəffəqiyyət qazanıb. Məzunlardan 5-i 500-700 intervalında bal toplayıb. Onlardan ən yüksək bal toplayan Fərhan Məmmədov 647 balla əldə etdiyi uğurla məktəb kollektivinin sevincinə səbəb olub. II ixtisas qrupu üzrə imtahan verən Fərhanla söhbət zamanı, dedi ki, uğur qazanmaq üçün əvvəlcə hədəfin olmalı, qarşıya real məqsəd qoymalısan. Bunun üçün isə oxumaq mühüm şərtlərdən biridir. Çünki düşünürəm ki, həyatda bütün müvəffəqiyyətlərin açarı bilikdə, elmdədir. İlk hədəfimə çatdığım üçün çox sevincliyəm. Bunun üçün üzərimdə zəhməti olan bütün müəllimlərimə minnətdaram.

Rayonun yüksək nəticə göstərən təhsil ocaqlarından biri də Ordubad şəhər 1 nömrəli tam orta məktəbidir. Məktəbin direktoru Könül İsmayılova ilə söhbət zamanı öyrəndik ki, bu tədris ilində təhsil ocağını 21 məzun başa vurub. Onlardan 20-si qəbul imtahanında iştirak edib və 15-i tələbə adına real namizəddir. Məzunlardan 5-i 500-700 intervalında bal toplayıb. Onlardan ən yüksək nəticə əldə edən Səidə Məmmədli isə 653 bal toplayaraq həm valideynlərinin, həm də məktəb kollektivinin sevincinə səbəb olub. Uşaqlıqdan Naxçıvan Dövlət Universitetinin İngilis dili müəllimliyi ixtisasında təhsil almaq arzusunda olan Səidə Məmmədli deyir ki, zəhmət və inam varsa, irəliyə doğru addımlamaq elə də çətin deyil. Bu gün arzuma çatmağımdan çox valideynlərimin və müəllimlərimin sevincinə səbəb olduğum üçün sevinirəm. Bu yolda mənə hər zaman dəstək olan müəllimlərimə və valideynlərimə sonsuz minnətdaram.
Yüksək nəticə əldə edən təhsil müəssisələrindən biri olan Ordubad şəhər 3 nömrəli tam orta məktəbinin direktoru Əliağa Rzayevlə söhbətimiz zamanı bildirdi ki, bu tədris ilində məktəbin 25 məzunu olub. Onlardan 22-si ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak edib, 17-si ali təhsil almaq şansı qazanıb. 4 abituriyent 500-700 intervalında bal toplayıb. Məktəb üzrə ən yüksək nəticəni Nübar Cəlilova göstərib. III ixtisas qrupu üzrə imtahanda 626 bal qazanan Nübar Cəlilova bildirdi ki, qəbul imtahanlarında iştirak üçün iki fürsət verilməsi abituriyentlərin ürəyincədir. Çünki mənim kimi öz nəticəsindən razı qalmayan abituriyentlər ikinci dəfə özlərini sınaya bilirlər. İlk imtahandan 565 bal toplayan Nübar deyir ki, hədəfimə çatmaq üçün ikinci imtahan üçün nəzərdə tutulan zaman ərzində səylə çalışdım və 626 balla daha böyük müvəffəqiyyət əldə etdim.
Bəli, muxtar respublikamızda təhsilə göstərilən dövlət qayğı nəticəsində hər il ali təhsil müəssisələrinə qəbul olunan məzunlarla yanaşı, 500-700 arası bal toplayanların da sayı artır. Bu isə hər birimizin gələcəyə nikbin baxmasına inam yaradır. Çünki cəmiyyətin gələcək tərəqqisi ağıllı, bilikli gənclərin əlindədir.

 Gülcamal TAHİROVA