Muxtar respublikamızın əksər orta ümumtəhsil müəssisələrində olduğu kimi, Babək rayonunun da bir çox məktəblərinin məzunları ali məktəblərə builki qəbul imtahanında müvəffəqiyyət əldə ediblər. Bu gün rayonun təhsil müəssisələrinin hərtərəfli qayğı ilə əhatə olunması, maddi-texniki bazasının gücləndirilməsi, kadr təminatının xeyli yaxşılaşdırılması, müasir tədris şəraitinin yaradılması şagirdlərin imtahanlarda yüksək nəticə əldə etməsinin başlıca səbəblərindən biridir.
Babək Rayon Təhsil Şöbəsindən aldığımız məlumata görə, 2018-2019-cu tədris ili üçün ali məktəblərə imtahan verən I-V və II-III ixtisas qrupları üzrə 500-700 bal intervalında nəticə göstərən abituriyentlərin sayı xeyli artıb. Belə ki, Babək qəsəbə 1 nömrəli tam orta məktəbdən, rayonun Zeynəddin, Qahab, Məzrə, Şəkərabad, Hacıvar, Güznüt, Nehrəm, Didivar, Sirab, Vayxır, Cəhri, Çeşməbasar, Kültəpə kənd tam orta məktəblərindən, ümumilikdə, 35 şagird 500-700 bal intervalında nəticə göstərib.
Rayon üzrə ən yüksək göstəricini Babək qəsəbə 1 nömrəli tam orta məktəbin məzunu Zübeydə Zeynalova əldə edib, III ixtisas qrupu üzrə iştirak edən abituriyent 687 bal toplayıb. Söhbət zamanı öyrəndik ki, o əvvəlcədən maksimum bal toplamağı qarşısına məqsəd qoyub. Ancaq imtahanın həyəcan və stresi ondan da yan keçməyib, iki sualı kağız üzərində səhv qaralamaqla indiki nəticəni göstərib. Əldə etdiyi yüksək nəticəni həm məktəbinin, həm də özünün uğuru hesab edir. Bildirir ki, bu gün daha yaxşı təhsil almağımız üçün hərtərəfli şərait yaradılıb. Bu da imkan verir ki, orta məktəb imtahanlarında, eləcə də ali məktəblərə qəbul zamanı yüksək nəticələr əldə edək. Uğur qazanmağın digər bir yolu isə özünə inanmaq və məqsədə çatmaq üçün çox çalışmaqdır. Bu işdə məktəb müəllimlərim ilə yanaşı, valideynlərimin də rolu böyük olub. Onların mənə inamları, dərslərimdə, imtahanlarımda həmişə dəstək olmaları bugünkü uğurlarımın başlıca səbəbidir. Bunun üçün valideynlərimə, bizə yaratdıqları hərtərəfli şərait üçün isə dövlətimizə minnətdaram.

Babək rayon Cəhri kənd 2 nömrəli tam orta məktəbin məzunu Murad Babayev II ixtisas qrupu üzrə 539 bal yığıb. Murad deyir ki, həyatda müvəffəqiyyət qazanmaq üçün gərək cəfakeş olasan. Düşünürəm ki, bundan da yaxşı nəticə əldə edə bilərdim. Əsas odur ki, zəhmət və inam olsun, bundan sonra irəliyə doğru addımlamaq o qədər də çətin olmaz. Bu yolda mənə hər zaman dəstək olan müəllimlərimə və valideynlərimə sonsuz minnətdaram.
İmtahanda I ixtisas qrupu üzrə yüksək nəticəni Babək rayon Güznüt kənd tam orta məktəbinin məzunu Xanım Qurbanova göstərərək 624 bal toplayıb. O deyir ki, birinci sinfə gedəndən məktəbi bitirənədək valideynlərim mənim təhsilimə həmişə çox ciddi yanaşıblar. Onlar hər gün verilən tapşırıqları necə yerinə yetirməyimlə maraqlanıblar. Bu da məndə dərslərə həm məsuliyyət, həm də həvəslə yanaşma hissi yaradıb. Qazandığım uğurda müəllimlərimin rolunu da xüsusi vurğulamaq istəyirəm. Məktəbdə bizə daim belə bir fikir aşılanırdı ki, sizin başlıca vəzifəniz oxumaqdan ibarət olmalıdır. Digər tərəfdən, məktəbimizin müasir şəraiti, tədris avadanlıqları ilə hərtərəfli təchiz olunması lazım olan məlumatları asanlıqla tapmağıma və yaxşı oxumağıma səbəb olurdu.
Bütün bunlar gələcəkdə biz gənclərin cəmiyyətdə layiqli mövqe tutmağımıza kömək edəcək, ölkəmizin tarixini, mədəniyyətini, adət-ənənələrini dərindən bilməyimizdə əhəmiyyətli rol oynayacaq, malik olduğumuz istedadı ölkəmizin maraqları çərçivəsində istifadə edəcəyimizə şərait yaradacaq.
IV ixtisas qrupu üzrə ən yüksək nəticəni isə Babək rayon Zeynəddin kənd tam orta məktəbinin məzunu Fatma Məmiyeva əldə edib. Belə ki, o qəbul imtahanında 650 bal yığıb. Yüksək nəticə göstərən abituriyent həm valideynlərinin, həm də məktəb kollektivinin sevincinə səbəb olub. Uşaqlıqdan həkim olmaq istədiyini deyən Fatma bu arzusunu gerçəkləşdirəcəyinə əminliyini bildirib. Oxuduğu müddət ərzində fizika və kimya fənlərinə olan marağı istər məktəbdə keçirilən imtahanlarda, istərsə də qəbul imtahanında Fatmanın köməyinə çatıb.
O dedi: – Abituriyentlərə demək istərdim ki, sistemli və davamlı şəkildə çalışsınlar, yuxu rejimini isə pozmasınlar. Ən əsası özlərinə inansınlar. Uğurumu isə valideynlərimə və müəllimlərimə borcluyam. Biliklərə yiyələnməyimdə və formalaşmağımda daim onların dəstəyini hiss etmişəm.
Məlumat üçün bildirək ki, Babək rayonu üzrə builki qəbul imtahanlarında II ixtisas qrupu üzrə 115, III qrup üzrə 112, I qrup üzrə 104, IV qrup üzrə 27, V qrup üzrə 30 nəfər olmaqla, ümumilikdə, 388 şagird iştirak edib.

 Güntac ŞAHMƏMMƏDLİ