Hər bir millətin gələcəyi onun təhsilli,
savadlı övladları ilə bağlıdır

“Təhsil millətin gələcəyidir”, – deyən ümummilli lider Heydər Əliyevin siyasi xətti ölkəmizdə, eləcə də muxtar respublikamızda uğurla davam etdirilir. Məhz bunun nəticəsidir ki, bu gün diyarımızın bölgələrinə yolumuz düşəndə ilk diqqətimizi çəkən müasir məktəb binaları olur. Burada şagird və müəllimlərin istifadəsində olan geniş, işıqlı sinif və elektron lövhəli otaqlar, laboratoriyalar, fənn kabinələri, kompüter sinifləri, müasir idman zalları təhsilin ən yüksək səviyyədə təşkilinə imkan verir. Muxtar respublikanın ucqar sərhəd yaşayış məntəqələrində, ən kiçik kəndlərdə belə, tikilən müasir­tipli məktəb binaları təhsilin inkişafına göstərilən böyük diqqət və qayğının nümunəsidir. Nəticədə, ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarındakı göstəricilər ildən-ilə daha da yüksəlir, məzunlarımızın səsi ölkəmizlə yanaşı, dünyanın bir çox ali təhsil ocaqlarından, elmi-tədqiqat institutlarından gəlir. Bütün bunları muxtar respublikanın ən böyük bölgəsi olan Şərur rayonunun məzunlarının timsalında da aydın görmək olar. 

Ötən illərdə olduğu kimi, son tədris ilində də rayonun tam orta məktəblərini bitirən məzunlar uğurlu nəticələr əldə ediblər. Onların 485 nəfəri, yaxud 83,62 faizi ali məktəblərə qəbul imtahanlarında iştirak edib, 51-i 500-700 intervalında bal toplayıb.
Onlardan bir neçəsi ilə görüşdük, həmsöhbət olduq.

Şənay Abbasova Şərur rayonunun Çərçi­boğan kəndində anadan olub. Onun dediklərindən:
– Yaxşı təhsil almağımız üçün məktəbimizdə hər cür şərait var. Mən də digər məktəblilər kimi, yaradılan bu şəraitdən səmə­rəli istifadə etdim. Onu da bildirim ki, keçən təhsil ilində də Şərur rayonu üzrə ən yüksək balı həmkəndlim Elvin Ramazanov toplamışdı. Çox sevinirəm ki, mən də bu ənənəni davam etdirib təhsil aldığım məktəbin adını yüksəyə qaldırdım. Ali məktəblərə qəbul imtahanlarının birinci turunda III ixtisas qrupu üzrə 667, ikinci turda isə 673 bal toplamışam. Məktəb illərindən hüquqşünas olmağı arzulamışam. Sevinirəm ki, arzuma çatacağam.
Hər il Ali Məclisin Sədri yüksək bal toplayan abituriyentlərlə görüşür. Səbirsizliklə bu görüşü gözləyirəm. Qəbul imtahanlarında yüksək uğurlar qazanan bütün abituriyentlər adından bizə daim qayğı göstərən dövlətimizə minnətdaram. Çalışacağam ki, bu qayğıya cavab olaraq təhsil alacağım ali məktəbdə də nümunəvi tələbələrdən olum, təhsilimi müvəffəqiyyətlə başa vurandan sonra müstəqil Azərbaycanın gənc hüquqşünası kimi qanunçuluğun aliliyini qoruyum.
Lalə Ələsgərli isə Şərur şəhər 1 nömrəli tam orta məktəbi bitirib. Onunla da söhbətimiz maraqlı oldu. Lalə dedi:
– Ən böyük arzum hüquq­şünas olmaq idi. Bu sənəti seçənlər, demək olar ki, bütün həyatlarını insanların hüquqlarının müdafiəsinə sərf edirlər. Bundan yaxşı, bundan nəcib nə iş ola bilər? Doğrudur, sənətlər, peşələr arasında fərq qoymaq, “bu yaxşıdır”, “bu pisdir” – deyə onları ayırmaq heç də düzgün deyil. Hər kəsə öz sevdiyi sənət yaxşıdır. Mən isə lap uşaqlıqdan hüquqşünas sənətini sevirəm. Hələ orta məktəb illərindən humanitar fənlərə marağım daha çox olub. Ali məktəbə qəbul imtahanlarında 618 bal toplamışam. Bu uğurların səbəbi dövlətimizin yaratdığı şəraitdir. Onu da bildirim ki, sinfimizdə 16 məzundan 14-ü ali təhsil müəssisələrinə qəbul üçün müəyyən olunan keçid balını qazanıblar.
Orta məktəb illərində qazandığı biliklər sayəsində ali məktəblərə keçirilən qəbul imtahanında 624 bal toplayan Rəhman Abdullayev bundan sonra təhsilini daha böyük uğurla davam etdirməyi qarşısına məqsəd qoyduğunu bildirir:
– Naxçıvanda fəaliyyətə başlayan ilk təhsil ocaqlarından biri olan Yengicə kənd tam orta məktəbinin məzunuyam. Məktəbimizin məzunları sırasında dövlət, elm və mədəniyyət xadimləri, həkimlər, sənət adamları var. Azərbaycan elminin görkəmli nümayəndələri sayılan Asəf Nadirov, Həsən Şirəliyev, Yusif Seyidov kimi alimlər bir vaxtlar orta təhsillərini bu məktəbdə alıblar. Sosialist Əməyi Qəhrəmanı Tamam Əliyeva da bu təhsil ocağının məzunu olub. Mən çox sevinirəm ki, orta təhsilimi belə ziyalılar yetirən bir məktəbdə almışam.
Bu gün muxtar respublikamızda gənclərin yüksək səviyyədə təhsil alması üçün hər cür şərait yaradılıb. Məzunu olduğum Yengicə kənd tam orta məktəbi də onlardan biridir. Mən də hər bir şagird kimi bu şəraitdən bəhrələnmişəm. Orta məktəb illərindən bilik yarışmalarında, fənn olimpiadalarında fəal iştirak etmişəm, nəticələrim yüksək olub. Seçəcəyim ixtisasa gəldikdə isə ən böyük arzum həkim olmaqdır. Çünki qədim və humanist həkimlik peşəsinin əsas məqsədi insan sağlamlığını qorumaq, xəstəliklərin qarşısını almaqdır. Onu da deyim ki, uşaqlıqdan hərbi formaya marağım olub və bu maraq illər keçdikcə Vətən sevgisi ilə birləşərək daha da böyüyüb. Və mən hərbi həkim olub torpaqlarımızı qoruyan əsgər və zabitlərimizin sağlamlığı keşiyində dayanmağı arzulamışam. Bu arzum reallaşacağı təqdirdə, inanıram ki, mən dünyanın ən xoşbəxt insanlarından biri olacağam. Seçdiyim sənətin nə qədər məsuliyyətli bir peşə olduğunu yaxşı dərk edirəm və bu yolda uğur qazanmaq üçün əlimdən gələni əsirgəməyəcəm. Bu yolu uğurla keçib biliyimlə, fəaliyyətimlə xalqımıza xeyir verəcəyim günlər isə ən xoşbəxt çağlarıma çevriləcək. Əminəm ki, dövlət qayğısının əhatəsində böyüyən biz gənclər gələcəkdə peşəkar kadr, yaxşı mütəxəssis kimi xalqımıza layiqincə xidmət edəcəyik.
Bəli, hər bir valideynin ən böyük arzularından biri də övladının tələbə olması, yüksək təhsil almasıdır. Bu gün qəbul imtahanlarında yüksək bal toplayan şərurlu məzunlar da valideynlərinə bu sevinci yaşatdılar. İnanırıq ki, həmin məzunlar bundan sonra da təhsillərini uğurla davam etdirəcək, yaxşı kadr kimi yetişəcəklər.

Ramiyyə Əkbərova