Builki məzunların hamısı tələbə adını qazanıb

Bu gün orta məktəb partası arxasında əyləşərək elmin ilkin sirlərinə yiyələnən qızlarımızın cəmiyyətə savadlı bir fərd kimi daxil olması vacib məsələlərdən biridir. Bu baxımdan maarifçi-­ziyalılarımız Azərbaycan qızlarının mükəmməl təhsil almasına çalışıblar. Fəal və mübariz Azərbaycan qadınları öz fəaliyyətində xalqımızın milli-mədəni ənənələrinin qorunub saxlanılmasına və zənginləşməsinə səy göstəriblər. Böyütdükləri qızların həm savadlı, həm də xalqımıza məxsus olan milli-mənəvi dəyərlərə sədaqət ruhunda formalaşdırılmasına xüsusi diqqət yetiriblər. Günümüzdə də bu məsələ öz aktuallığını qoruyub saxlamaqdadır. 

1992-ci ildən Naxçıvan şəhərində fəaliyyət göstərən Qızlar Liseyinin pedaqoji kollektivi bu həqiqəti dərindən dərk edir, öz işini bu istiqamətdə qurmağa səy göstərir. Kollektivə belə bir şərəfli işin öhdəsindən layiqincə gəlmək üçün hərtərəfli şərait yaradılıb.
Belə ki, 2012-ci ilin fevral ayının 9-da yenidən qurulan lisey binasına əlavə olaraq bir mərtəbə də artırılıb, sinif otaqları genişləndirilib, fənn kabinələrində müasir şərait yaradılıb. Hazırda zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olan binada 32 sinif otağı, fənn kabinələri, elektron lövhəli siniflər, kompüter otaqları, müəllimlər otağı və idman zalı vardır. Liseydə təhsil alan 384 şagirdin ­təlim-tərbiyəsi ilə 56 müəllim və tərbiyəçi məşğul olur.

Muxtar respublika məktəblərində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi tədrisin məzmunca yenilənməsinə səbəb olub. Naxçıvan Qızlar Liseyinə 49 kompüter verilib, onlardan 1-i kitabxanada, 48-i isə 3 kompüter sinfində quraşdırılıb və internetə çıxışları təmin edilib. Yenidənqurma işləri çərçivəsində liseydə 4 elektron lövhəli sinif yaradılıb. Məktəbin zəngin kitabxanası şagirdlərin biliklərinin, intellektual səviyyələrinin yüksəldilməsinə geniş imkanlar açıb.
Kimya, biologiya və fizika kabinələri tədris avadanlıqları ilə zəngindir. Bu kabinələrdə müvafiq fənlər üzrə dərslərin tədrisi yüksək səviyyədə aparılır. İlk tibbi yardım kabinəsi də lazımi avadanlıqlar və məlumat stendləri ilə təchiz olunub, şagirdlərə ilkin tibbi yardımın öyrədilməsi üçün hər cür şərait yaradılıb. Liseydə musiqi dərsləri də yüksək səviyyədə tədris olunur. Burada ayrıca musiqi otağı yaradılıb, məktəbə pianino verilib.
Ali məktəblərə builki qəbul imtahanlarında ən yüksək nəticə qazanan təhsil ocaqlarımızdan biri də haqqında bəhs etdiyimiz Qızlar Liseyidir. Bu məktəbdə dəfələrlə olmuşam. Yaradılan şəraiti, pedaqoji kollektivin tələbkarlığını görmüşəm. Məktəbin direktoru Aidə Allahverdiyeva ilə söhbətə də bu prizmadan başladıq:
– Gələcəyin anaları olacaq qızlarımızın təkcə savadlı məzun kimi yox, həm də əsl Azərbaycan qadını kimi tərbiyə olunmalarına çalışırıq. Məktəbin xalçaçılıq, tikiş-toxuculuq və kulinariya dərnəklərində gələcəyin xanımlarına bu peşələrin sirləri öyrədilir.
Burada görüşdüyümüz valideyn Günay Məmmədova bildirdi ki, qızım Rübabə 650 balla tələbə adını qazanıb. Onun bu adı qazanmasında böyük əməyi olan kollektivə minnətdarlığımı bildirmək üçün buraya gəlmişəm. Onu da deyim ki, liseydə qızlara təhsil verməklə yanaşı, onlara qadın üçün vacib olan peşələr üzrə ilkin vərdişlərin öyrədilməsi bütün anaların ürəyincədir. Onun sözlərini Sevinc Məmmədova da təsdiq edərək öz minnətdarlığını bildirdi.
Liseyin builki uğurları barədə ətraflı məlumat verən Aidə müəllimə qeyd etdi ki, 2017-2018-ci dərs ilində məktəbi 42 məzun bitirib. Məzunlardan biri gümüş medala, 7 nəfəri fərqlənmə attestatına layiq görülüb. Onların hamısı göstərilən etimadı doğruldublar. Məzunların biri orta ixtisas, 41-i ali məktəblərə qəbul olunub. Tələbə adını qazananların 13-ü 500-700 intervalında bal toplayıb. Leyla Zeynalova isə 672 balla məktəb üzrə ən yüksək nəticəyə sahib olub. Azərbaycan Dövlət Tibb Universitetinə qəbul olunub. Leyladan ali məktəbə yüksək balla qəbul olmaq üçün hansı amillərin başlıca rol oynadığını soruşduqda dedi:
– Doğma Naxçıvanımız gözlərimiz önündə günbəgün çiçəklənir, bütün sahələrin inkişafına diqqət yetirilir. Təhsil sahəsi də bu qayğıdan yetərincə bəhrələnib. Hər il muxtar respublikada yeni məktəb binaları tikilir, tədris ocaqlarının maddi-texniki bazası gücləndirilir. Bu da hər bir məktəblinin yüksək səviyyədə təhsil almasına imkan verib. Mən və sinif yoldaşlarım yaradılmış belə şəraitdən səmərəli istifadə etdik. Mənimlə bərabər sinif yoldaşlarım Tavat Məmmədli, Rübabə Məmmədova da Azərbaycan Dövlət Tibb Universitetinə daxil olublar. Yüksək bal toplayan Səbinə İbrahimova Naxçıvan Dövlət Universitetinin Hüquq fakültəsində təhsilini davam etdirəcək. Elə digər sinif yoldaşlarımın da zəhməti hədər getməyib. Bizim üçün belə şəraiti yaradanlara, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova dərin minnətdarlığımızı bildiririk.
Məktəbin müəllimləri ilə söhbətdə ötən dərs ilinin məzunları haqqında xoş sözlər dedilər. Onların qəbul imtahanlarında yüksək bal topladıqlarını məktəbdə yaradılmış şəraitlə əlaqələndirdilər. Kimya müəllimi Elmira Hüseynli dedi ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təhsil işçilərinə göstərdiyi qayğı, onlar qarşısında müəyyənləşdirdiyi vəzifələr bir ali məqsədə söykənib: dövlətçiliyimizə, müstəqilliyimizə sadiq olan vətənpərvər vətəndaşlar tərbiyə etmək. Biz isə həm də gələcəyimizin anaları olacaq qızların təlim-tərbiyəsi ilə məşğuluq. Bu da üzərimizə daha böyük vəzifələr qoyur. Çünki gələcəyimizin necə olacağı məhz belə vətəndaşlardan asılıdır. Bu məsul vəzifələrin yerinə yetirilməsində müasir tədris üsullarına geniş yer veririk. Bu, mövcud ənənəvi üsulların üstündən xətt çəkmək deyil, onları daha da təkmilləşdirməkdir. Düzdür, bu gün zamanla səsləşməyən bəzi metodlar var, ancaq kollektiv artıq onların özünü doğrultmadığını görür. Məsələn, sübut olunub ki, “Hafizə məktəbi” bugünkü məktəbliyə heç nə vermir. Zaman dəyişdikcə hər gün müxtəlif yeniliklər həyatımıza daxil olur. Həssas müəllim bunu görür və fəaliyyətini də bu istiqamətdə qurur, nəticəsinin uğurlu olması onu daha da ruhlandırır.
Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi Yeganə ­Mustafayeva:
– Sinifdə neçə şagird varsa, bir o qədər də xarakter var. Onu da unutmuruq ki, biz ancaq qızlarla işləyirik. Onlara elmlərin sirləri ilə yanaşı, həm də müəyyən evdarlıq bacarıqları aşılamaq kimi vəzifəni yerinə yetiririk. Bu da böyük məsuliyyət tələb edir. Əgər əlinə jurnal alıb sinfə girən müəllim bunu dərindən dərk edirsə, o, nailiyyət qazanmaya bilməz. Fərdi yanaşma və sinfin ümumi fəallığının təmin olunması tədrisin səviyyəsinin yüksəldilməsində böyük təsirə malikdir. Çalışırıq ki, fəaliyyətimizdə bunları diqqətdə saxlayaq. Təcrübəmdə bu metoddan istifadə etməyin effektiv olduğunu görmüşəm. Bizimlə birgə çalışan gənc müəllimlərə də bunu tövsiyə edirəm.
Liseyin müəllimlərindən Gülmira Əsgərova da söhbətə qoşularaq təhsilin səviyyəsinin yüksəldilməsində müxtəlif metodlarla yanaşı, şagirdlərin mütaliə mədəniyyətinin inkişaf etdirilməsini də vacib sayır. O, bu işdə məktəb kitabxanasının da ­üzərinə mühüm vəzifə düşdüyünü deyir:
– Bu gün məktəbimizin kitabxanası klassik və müasir Azərbaycan, həmçinin dünya ədəbiyyatı nümunələri ilə zəngindir. Bu xəzinədən istifadə etmək üçün kitab müzakirələrinin keçirilməsini, kitabxanaya gətirilmiş yeni kitabların sərgilərinin təşkil edilməsini diqqətdə saxlayırıq. Bu da uşaqlara əlavə biliklər verməklə yanaşı, onlarda mütaliə mədəniyyəti formalaşdırır. Bəzən səhv olaraq deyirlər ki, uşaqlarda mütaliəyə marağı gücləndirmək üçün ədəbiyyat fənnindən ayrılmış sinifdənxaric oxu materialları kifayətdir. Əslində, belə deyil. Kitabxanada humanitar və dəqiq elmlərlə də bağlı müxtəlif kitablar var. Onlardan necə istifadə olunması üçün bütün müəllimlər məsuliyyət daşıyır və yaxşı haldır ki, həmkarlarım bu məsələdə öz vəzifə borclarına həssaslıqla yanaşırlar. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamı ilə oxunması zəruri hesab edilən kitablardan ibarət hazır­ladığımız guşə şagirdlərimizin ixtiyarına verilib.
Səkinə Kazımova isə deyir ki, gələcəyimizin anaları olacaq bugünkü şagirdlərimizi həyata hazırlamaq üçün onlarla fərdi məşğul olmağa üstünlük veririk. Qızların müxtəlif evdarlıq peşələrinə yiyələnmələri üçün səyimizi əsirgəmirik. Məktəbimizin builki uğurlarını isə pedaqoji kollektiv son hədd hesab etmir.
Qarşıdan yeni dərs ili gəlir. Bu tədris ilinə də ciddi hazırlaşan kollektiv inanırıq ki, 2018-2019-cu tədris ilini də uğurla başa vuracaq, qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirəcək.

Muxtar Məmmədov