Naxçıvan Muxtar Respublikası ­Təhsil və İqtisadiyyat nazirliklərinin təşkilatçı­lığı ilə Naxçıvan şəhərindəki Mərkəzi bazarda ənənəvi məktəbli yarmarkası təşkil olunub.

Dünən bu münasibətlə keçirilən tədbirdə çıxış edən təhsil naziri Rəhman Məmmədov deyib ki, muxtar respublikada bütün sahələr kimi, təhsil də dövlət qayğısı ilə əhatə olunub, 200-dən çox məktəb binası tikilərək və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib. Təhsil sistemində aparılan islahatlar təkcə məktəb tikintisi ilə yekunlaşmayıb, təhsil müəssisələrinin maddi-texniki bazaları da gücləndirilib, məktəblər ən müasir informasiya və kommunikasiya avadanlıqları ilə təchiz olunub.
Qeyd edilib ki, muxtar respublikada şagirdlərin məktəbli geyimləri və dərs ləvazimatları ilə təminatı da diqqətdə saxlanılır. Hər il məktəbli yarmarkalarının təşkil edilməsi bu istiqamətdə atılan mühüm addımdır. Bu, yeni tədris ili ərəfəsində şagirdlərin məktəbli geyimləri və dərs ləvazimatları ilə daha asan şəkildə təmin edilmələrində mühüm rol oynayır. Yarmarkada məktəbli geyimləri ilə yanaşı, lazım olan bütün dərs ləvazimatlarının, ayrı-ayrı fənlər üzrə əyani vəsaitlərin satışına da geniş yer ayrılıb. Buradan lüğət, dünya uşaq ədəbiyyatı nümunələri, bədii və elmi ədəbiyyatlar da əldə etmək mümkündür.
Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Famil Seyidov çıxışında bildirib ki, bu gün muxtar respublikada məktəbli geyimləri, köynək, ayaqqabı istehsal edən yüngül sənaye müəssisələri fəaliyyət göstərir. Üçü istehsal müəssisəsi olmaqla, 20 sahibkarlıq subyektinin iştirak etdiyi budəfəki yarmarkada da məktəbli və idman formaları, məktəbli çantası və ayaqqabıları və başqa ləvazimatlar alıcılara münasib qiymətlərlə təklif olunur. Satılan bütün məhsulların qiymətinə İqtisadiyyat Nazirliyi tərəfindən mütəmadi nəzarət ediləcək.
Sonra yarmarkaya gələnlər satışa çıxarılan məhsullarla tanış olublar. Satış yerlərinin hər birində məhsulların çeşid zənginliyi, keyfiyyəti, satış qiymətlərinin əlverişli olması, xidmətin təşkili alıcılar tərəfindən razılıqla qarşılanıb.
Qeyd edək ki, məktəbli yarmarkası muxtar respublikanın bütün bölgələrində təşkil olunur və sentyabrın 16-dək davam edəcək.

 Nail ƏSGƏROV