Bakı Biznes Universiteti Avropa Birliyinin “Erasmus Plus” proqramının maliyyə dəstəyi ilə “Azərbaycan universitetlərində keyfiyyətə təminat mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi” layihəsini uğurla həyata keçirməkdədir.

Layihə çərçivəsində Azərbaycan Respublikasının 11 universitetinin keyfiyyətə nəzarət mərkəzinin və Beynəlxalq əlaqələr şöbəsinin nümayəndəsi bu günlərdə İsveçin Royal Texnologiya Universitetində və Uppsala Universitetində birhəftəlik təlimdə iştirak edib.

Təlimdə “Naxçıvan” Universitetini Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rəcəb Cəfərli və keyfiyyətə nəzarət bölməsinin mütəxəssisi Könül Babayeva təmsil ediblər. Onlar hər iki universitetin rəhbərləri ilə görüşlər keçirib, universitetlərarası əlaqələrin daha da möhkəmləndirilməsi istiqamətində danışıqlar aparıblar.
Təlimdə iştirakçılar Azərbaycan universitetlərində keyfiyyətə nəzarət mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi məqsədilə hər iki universitetin 200 illik təcrübəsini dərindən öyrənməyə çalışıb, müqayisəli təhlillər apararaq Azərbaycan universitetlərində keyfiyyətə nəzarət mərkəzlərinin yaradılması sisteminin məzmun və strukturunu hazırlayıblar. İştirakçılar, eyni zamanda İsveçin milli təhsil sistemi, təhsildə keyfiyyətə nəzarət mexanizmi və qiymətləndirmə meyarları ilə də tanış olub, müvafiq sahə üzrə dövlət məsləhətçiləri ilə müzakirələr aparıblar.
Məlumat üçün onu da qeyd edək ki, universitetlərdə yaradılmış mərkəzlərin 2018-2019-cu tədris ilindən fəaliyyətə başlamaları nəzərdə tutulur.

Nuray ƏSGƏROVA