Ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan və daim qayğı ilə əhatə olunan təhsil sistemi bu gün ölkəmizdə, eləcə də muxtar respublikamızda öz bəhrələrini verməkdədir. Son illər ən ucqar dağ kəndlərimizdəki müasir standartlara cavab verən məktəblərdən tutmuş şəhər məktəblərinədək hər birində ali məktəblərə qəbulun səviyyəsi ildən-ilə yüksəlir. Buna yeni tikilən və hərtərəfli şərait yaradılaraq istifadəyə verilən, maddi-texniki bazası gücləndirilən, savadlı müəllim kollektivlərinin çalışdığı məktəblərdə təlim-tərbiyə işinin düzgün təşkili nəticəsində nail olunub. Özünəməxsus təhsil ənənələrinə malik Şahbuz rayonunun builki məzunlarının uğurları da ürəkaçandır. Rayonun Şahbuz şəhər 1 nömrəli, Badamlı qəsəbə və Aşağı Qışlaq kənd tam orta məktəblərindən 7 məzun 600-700 intervalında bal toplayıb. Onlardan ən yüksək bal toplayanları tanıyaq.

Aşağı Qışlaq kənd tam orta məktəbinin ötən təhsil ilində 13 məzunu olub, onların 11-i ali məktəblərə sənəd qəbulunda iştirak edib. Qəbul imtahanlarında 8-i ali (onlardan 2-nin balı 600-dən yuxarıdır), 3-ü isə orta ixtisas məktəblərində təhsil almaq üçün müvafiq bal toplayıblar. Məktəbin məzunu Nailə ­Qoç­əliyeva qəbul imtahanlarının birinci mərhələsində III ixtisas qrupu üzrə 612 bal əldə etsə də, daha yüksək nəticə göstərmək arzusu abituriyentlərə verilən ikinci fürsətdə özünü doğruldub. O, 651 bal toplayaraq bütün ixtisas qrupları üzrə rayon birincisi olub, Naxçıvan Dövlət Universitetinin Xarici dil (ingilis dili müəllimliyi) ixtisasına qəbul olunub. Nailə ilə söhbətləşərkən o, bu barədə belə dedi: – İmtahan zamanı keçirdiyim həyəcanla əlaqədar ürəyimcə olan nəticə qazana bilmədim. Bu bal məni qane etmədiyi üçün may ayının 13-də keçirilən imtahanın birinci mərhələsindən iyulun 26-da keçirilən ikinci mərhələsinədək gecəni gündüzə qatıb imtahana daha ciddi hazırlaşdım. Bu isə topladığım balın artmasına səbəb oldu.

Avqustun 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində muxtar respublikanın ümumtəhsil məktəblərini bitirərək ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamış tələbələrlə keçirilən görüşdə iştirak edən Nailə təəssüratlarını da bizimlə bölüşərək dedi ki, mən imtahanların ikinci mərhələsində balımı xeyli artırmağımdan, istədiyim ixtisas üzrə ali məktəbə qəbul olunmağımdan çox bu tədbirdə iştirak etməyimin sevincini yaşadım. Çünki bu, mənim çoxdankı arzum idi. Elə qəbul imtahanlarında böyük uğur qazanma səbəblərimdən biri həmin görüşdə muxtar respublikamızda tikilib istifadəyə verilən müasir məktəblərdə hər bir şagirdin təhsili üçün hərtərəfli şərait yaradan, onlara xüsusi qayğı ilə yanaşan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun təbrik etdiyi tələbələrdən biri olmaq istəyim idi. Arzuma çatdığım üçün özümü xoşbəxt hesab edirəm. Görüşdə Ali Məclis Sədrinin dediyi “Ulu öndərimizin müəyyənləşdirdiyi vəzifələr vətənə layiqincə xidmət etməyin və əsl vətəndaş kimi yetişməyin yoludur. Hər bir gənc harada təhsil almasından, yaşamasından və işləməsindən asılı olmayaraq, ölkəmiz haqqında düşünməli, öz həyat yolunu müstəqil Azərbaycanın gələcək yolu kimi seçməlidir” fikirləri isə hər birimizin gələcək həyatımızın yolgöstərənidir. Bəli, biz elə təhsil almalı, elə işləməliyik ki, müstəqil Azərbaycanımızın inkişafına töhfələrimizi verə bilək.
Arzu Ələkbərli də Aşağı Qışlaq kənd tam orta məktəbinin məzunudur. III qrup üzrə 636 bal toplayıb. Rayonda ingilis dilini gözəl mənimsəyən şagirdlərdən idi. 2017-ci ildə Arzu ingilis dili üzrə keçirilən fənn olimpiadasında muxtar respublika birincisi olub. Onunla söhbət zamanı bu fənnə marağının necə yarandığını soruşduqda, ingilis dilini fənn müəlliminin ona sevdirdiyini bildirdi. Sonra Arzuda yaranan maraq bu dil üzərində daha çox çalışmasına, uğurlu nəticələr əldə etməsinə səbəb olub. O, digər fənlərə də eyni cür – öyrənmək istəyi ilə yanaşıb. Söhbət əsnasında Arzu müəllimlərinin “Bütün fənləri mənimsəyən əsl ziyalı ola bilər” kimi tövsiyələrini xatırladı və qazandığı uğura görə həm müəllimlərinə, həm də valideynlərinə minnətdar olduğunu dedi. Arzunu ingilis dilinə olan sonsuz marağı arzusuna çatdırdı. O, artıq Azәrbaycan Dillәr Universitetinin Tərcümə (ingilis dili) fakültəsinin tələbəsidir.
Rayon üzrə yüksək bal toplayan digər abituriyent Badamlı qəsəbə tam orta məktəbinin məzunu Nurəddin İsmayılovdur. O, II qrup üzrə birinci imtahanda 635, ikinci imtahanda isə 644 bal toplayıb arzusuna çataraq, Bakı Mühәndislik Universitetinin Biznesin idarә edilmәsi ixtisasına qəbul olunub. Nurəddin həm də orta məktəbi “Qızıl” medalla bitirib. Onun ad, soyad və ata adına nəzər saldıqda atası ilə eyni adı daşıdığı maraq yaratdığından bunun səbəbini Nurəddindən soruşduq. Bildirdi ki, hələ dünyaya gəlməmişdən əvvəl atası dünyasını dəyişib, adını ona veriblər. Ailənin tək övladıdır, anası evdar qadındır. Məktəbin direktoru Hilal Paşayev Nurəddin haqqında xoş fikirlər söyləyərək dedi ki, o, məktəbdə təhsil aldığı illərdə yüksək tərbiyəyə, eyni zamanda biliyə malik olub. Məktəbdə keçirilən bütün tədbirlərdə fəal iştirak edib, ictimaiyyətçi kimi tanınıb.
Nurəddin onda elmlərə marağı müəllimlərinin tədris etdikləri fənləri sevdirməklə yaratdıqlarını, məktəb direktorunun dərslərin gedişinə mütəmadi nəzarət etdiyini dedi, qazandığı nailiyyətə görə müəllim kollektivinə minnətdarlığını bildirdi.
Yüksək bal toplayan gənclərlə görüşü Nurəddin həyatının ən xoş günü hesab edərək deyir: – Qürur duyuruq ki, gənclərimizə dövlətimiz tərəfindən böyük qayğı göstərilir. Bu görüş gözəl təəssüratları ilə mənim yaddaşıma həkk olundu. Ona görə ki, müstəqil həyata addımımın ilk xeyir-duasını cənab Sədrdən aldım. Buna görə özümü xoşbəxt hesab edirəm.
Yusif İsayev də Badamlı qəsəbə tam orta məktəbinin məzunudur. Arzusuna çatmaq, tələbə adını qazanmaq, qaliblər sırasında olmaq üçün yuxusuz gecələr keçirən Yusif qəbul imtahanlarını uğurla verib, üçüncü qrup üzrə 630 bal toplayıb. Onun dediklərindən: – Arzusunda olduğum tələbə adını qazanmaq üçün yorulmaq bilmədən, böyük həvəslə günlərimi kitab oxumaqla, müəllimlərimin tapşırıqlarını yerinə yetirməklə, əlavə vəsaitlərdən istifadə edib, çətin suallara cavab tapmaqla keçirmişəm. Mən Azərbaycan Dillər Universitetinin Tərcümə (ingilis dili) fakültəsində təhsil almaq arzuma çatdım. Gələcəkdə ingilis dilindən başqa daha 3 dil də öyrənməyi qarşıma məqsəd qoymuşam. Çəkdiyi zəhmətin şirinliyini dadan Yusif onu da bildirdi ki, insan böyüklü-kiçikli bütün istəklərini həyata keçirmək üçün hökmən zəhmət çəkib, əziyyətə qatlaşmalıdır. Arzuların gerçəkləşməsində bundan başqa yol yoxdur.
Şahbuz şəhər 1 nömrəli tam orta məktəb rayonda özünəməxsus təhsil ənənələri olan tədris müəssisələrindən biridir. Məktəbin onlarla məzunu ölkəmizdə elmi potensialları ilə seçilən qabaqcıl ziyalılardandır. Hər tədris ilində uğuru, ali məktəblərə qəbulu ilə seçilən məktəbin builki nəticələri də ürəkaçandır. Təhsil müəssisəsinin direktoru Məhərrəm İsmayılovla söhbətimiz zamanı bu məktəb haqqında olan fikirlərimizi bir daha təsdiqlədik. O dedi: – Ötən tədris ilində məktəbin 24 məzunu olub. 19 nəfər ali məktəblərə qəbul imtahanlarında uğurlu nəticələr əldə edib, onlardan 6-sı 500-700 intervalında bal toplayıb. Bütün bunlar isə bizə göstərilən dövlət qayğısının bəhrələridir.
Məktəbin ən yüksək bal toplayan məzunu Aysu Hacıyevadır. III qrup üzrə 620 bal toplayan Aysu ali məktəbə qəbul olmaq üçün illərlə zəhmətə qatlaşıb, oxuyub, öyrənib. Müəllimləri ilə dost olub. Bilmədiyini öyrənib, onların hər bir tövsiyə və tapşırığına ciddi əməl edib. Çalışıb ki, məktəbi uğurla başa vurub müəllim və valideynlərinin etimadını doğrulda bilsin.
Çox sevdiyi ingilis dilini yetərincə öyrənmək, ona mükəmməl yiyələnmək üçün böyük çətinliklərlə qarşılaşıb. O, biliklərini daha da genişləndirmək üçün Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və xarici dillər fakültəsində oxumağı arzu edib. Məqsədinə çatması Aysunun hədsiz sevincinə səbəb olub. Sevinc zəhmətin övladıdır, – deyiblər. O da çəkdiyi zəhmətin bəxş etdiyi sevinci dadıb, tələbə adına layiq görülüb. Aysu təəssüratlarını bizimlə belə bölüşdü: – Həmişə tələbə adını qazanmaqdan da böyük bir arzum olub: Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin yüksək bal toplayan tələbələrlə görüşündə iştirak etmək. Mən hər il bu görüşü televiziya vasitəsilə izləyib həsəd hissi keçirmişəm. Bu gün özümü xoşbəxt hesab edirəm ki, mən də növbəti belə bir görüşün iştirakçısı oldum, muxtar respublikamızın inkişafında xüsusi dəst-xətti olan cənab Sədrimizlə ­görüşdüm. Bu görüş, bizə edilən tövsiyələr hər zaman həyatımızda mayak olacaq.
Gələcək cəmiyyətimiz bugünkü gənclərlə bağlıdır. Gəncliyin isə formalaşdığı ilk ünvan məktəbdir. Dövlətimizin qayğısı ilə ən müasir avadanlıqlarla təchiz olunan məktəblərimiz isə gənclərin həm tədrisdə, həm də təlim və tərbiyədə uğurlar qazanmasına imkan verib. Tələbə adına layiq görülənlər məhz buna görə də, ilk növbədə, dövlətimizə minnətdardırlar.

 Mətanət MƏMMƏDOVA