23 Sentyabr 2018, Bazar

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2018
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

  Hər il sentyabr ayı yurdumuza qədəm qoyduğu andan yeni tədris ilinə hazırlıq işləri görülər. Valideynlər övladları ilə birgə mağazalara üz tutar, onlara məktəbli geyimləri, dərs ləvazimatları alarlar. Məktəbə ilk dəfə gedəcək uşaqlar və onların valideynləri isə bu prosesi daha böyük həyəcanla yaşayarlar. Vaxt, vədə yetişər.­ Bilik Günü səhər erkəndən oyanan valideynlər övladlarını da ayağa qaldırar, onları səliqəli şəkildə geyindirər, əlindən yapışıb məktəbə tələsərlər. 

Həmin gün yolboyu uşaqların şən, şaqraq gülüşlərini, valideynlərin sevinc səslərini eşidən zaman öz uşaqlıq çağların yadına düşər. Sevincini gizlədə bilmərsən... Məktəbin həyətində əsl toy-bayram ab-havası hiss olunar. Direktor məktəblilərə xoş gəldin edər, uşaqlara yeni tədris ilində uğurlar arzulayar. Daha sonra ilk zəng çalınar, balacalar sinfə tələsər, ibtidai sinif müəllimi ilə tanışlıq başlayar. Məktəbə yenicə qədəm qoyan uşağın ilk dərs günü bu cür maraqlı anlarla yaddaşına yazılar və ömürboyu şirin bir xatirətək hafizəsində yaşayar.
Xatırlatmaq yerinə düşər ki, illər öncə övladını birinci sinfə aparan valideyn bir sıra problemlərlə üzləşərdi. Bu yaşda uşaqların əksəriyyətinin məktəb mühitinə alışmağı çətin olardı. Bu zaman isə valideyn günahı uşaqda axtarar, filankəsin övladı məktəbə can atır, bizim uşaqsa evdən ayrılmaq istəmir, – deyə hey şikayətlənərdi: – Gözümdən qırağa qoymamışam. Elə evdə say saymağı, hərf oxumağı, yazı yazmağı öyrətmişəm. Hətta çoxlu ­şeirlər, nağıllar da bilir. Ancaq indi deyirik ki, məktəbə gedəcəksən, deyir evdə qalmaq istəyirəm. Heç bilmirəm bu uşaqla necə edim?

Əvvəllər qohum-əqrəba evində qonaq olarkən, ictimai yerlərə yolumuz düşdüyündə valideynlərin dilindən bu cür söhbətləri tez-tez eşidirdik. Lakin son illərdə ölkəmizdə, eləcə də muxtar respublikamızda uşaqların məktəb təliminə hazırlığı ilə bağlı atılan mühüm addımlar sayəsində balacalarda məktəbə, kitaba qarşı məhəbbət hissi formalaşıb. Bu gün onlar nəinki məktəbdən çəkinmir, hətta erkən yaşdan müxtəlif fənlərə maraq göstərirlər. Sevindirici haldır ki, indi ən kiçikyaşlı uşaqlar üçün də əyani vəsaitlər nəşr olunub mağazalarda satışa çıxarılır. Bağçalarda keçirilən məşğələlərdə belə vəsaitlərdən geniş istifadə edilir. Bununla uşaqda erkən yaşdan diqqətcillik, hazırcavablılıq, dərketmə kimi bacarıqlar formalaşır. Uşaq yaxşını pisdən ayırd etməyi, həmyaşıdları ilə ünsiyyət qurmağı, böyüklərlə düzgün rəftarı öyrənir.
Naxçıvan şəhərindəki 12 nömrəli məktəbin ibtidai sinif müəllimi, ömrünün 30 ilini bu məsuliyyətli peşəyə həsr edən, Azərbaycan Respublikasının Əməkdar müəllimi ­Azadə Məmmədova deyir ki, əvvəllər valideyn uşağı ya evdən uzağa buraxmır, ya da bağçaya, sadəcə, vaxt keçirmək məqsədilə aparırdı. Üstəlik, məktəbəqədər tərbiyə müəssisələrində də uşaqların məktəb təliminə hazır­lığı ürəkaçan deyildi. Bu da gələcəkdə həmin uşağın keçilən dərsləri daha gec qavramasına səbəb olurdu. Bütün bunlar, təbii ki, müəllimin də işini xeyli çətinləşdirir, tədris prosesini ləngidirdi. Ancaq son illərdə bu istiqamətdə ciddi tədbirlərin ­görülməsi ilə vəziyyət köklü surətdə dəyişib. Bağçalar üçün müasir binaların tikilərək istifadəyə verilməsi, onların ən yeni avadanlıqlarla təmin olunması, bacarıqlı kadrların işə cəlbi fidanlarımıza göstərilən yüksək qayğının ifadəsidir. Nəticədə, valideynlər də artıq övladlarını bağçaya aparmağa daha çox can atırlar. Bundan əlavə, iki ildir ki, təhsil ocaqlarında məktəbəhazırlıq qrupları yaradılıb. Bu gün istər bağçalarda, istərsə də məktəblərdə təşkil olunan məşğələlər vasitəsilə balacaların düşüncəsi, məntiqi təfəkkürü, dünya­görüşü inkişaf edir. Məsələn, uşaq kağızı rənglədikcə qələm tutmağı öyrənir, ayrı-ayrı parçaları bir-birinə birləşdirəndə diqqəti formalaşır, şəkillər arasındakı fərqi ayırd edərkən düşüncəsi inkişaf edir. Bütün bunlar həm də balacaya görülən hər işdə səbirli, təmkinli olmağı aşılayır. Bundan başqa, məşğələlərdə iştirak edən uşaq həmyaşıdları ilə, böyüklərlə mütəmadi ünsiyyətdə olur ki, bu da onu həm də psixoloji cəhətdən məktəbəhazır vəziyyətə gətirir. Nəticədə, birinci sinfə qədəm qoyan həmin balaca məktəbə getməkdən, uşaqlarla ünsiyyətdən çəkinmir, verilən tapşırıqları da digərlərinə nisbətən daha tez qavrayır. Beləcə həm valideynin, həm də müəllimin işi xeyli asanlaşır.
Naxçıvan Müəllimlər İnstitutunun müəllimi, psixoloq Çapay Quliyev deyir ki, ilk dəfə məktəbə qədəm qoyacaq uşağın psixoloji-emosional hazırlığı mühüm məsələdir. Muxtar respublikamızda təhsil prosesində məktəbəhazırlıq mərhələsinin həyata keçirilməsi nəticəsində balacaların təhsil ocağına adaptasiyası illər öncəsinə nisbətən xeyli asanlaşıb. Lakin bəzən uşaqların məktəbəhazırlıq qruplarında iştirak etməsinə baxmayaraq, dərs prosesinə uyğunlaşa bilmədiyinin də şahidi oluruq. Bunun başvermə səbəbləri müxtəlif ola bilər. Uşağın psixi inkişafında olan ləngimə (kənardan bir o qədər də hiss olunmaya bilər), onda öyrənmə qabiliyyəti ilə bağlı yaranan problemlər, diqqət çatışmazlığının olması, yəni diqqətin yayınması kimi hallar uşağın ya fiziki inkişafı, ya da düzgün tərbiyə olunmaması ilə bağlıdır. Digər səbəb isə bəzi valideynlərin təhsilə münasibətinin zəif olması və uşaqla bu haqda düzgün söhbətin aparılma­ması, onun təhsilində müəllim və valideyn əlaqələrinin düzgün qurulmaması, müəllimlərin təlim prosesinin mərhələli keçidini diqqətdə saxlamadan, yəni uşaqların yaş və fərdi xüsusiyyətlərini nəzərə almadan təlim prosesini qurmağa çalışmaları və sair kimi hallardır. İstər valideynlərin, istərsə də müəllimlərin hər hansı uşaqda məktəbə adaptasiyanın zəif olduğunu gördükdə dərhal psixoloqlara müraciət etmələri məsləhətdir.
Çapay Quliyevin fikrincə, uşağın məktəbə psixoloji cəhətdən hazır olmasında valideynlərin üzərinə çox mühüm vəzifələr düşür. Belə ki, onlar ilk olaraq uşağa məktəbdəki fəaliyyətin evdəki və ya bağçadakından fərqli olduğunu izah etməlidirlər. Məktəbdə dərs vaxtı parta arxasında düzgün oturmaq, həmyaşıdı ilə danışmadan diqqətlə müəllimə qulaq asmaq və onun verdiyi tapşırıqları yerinə yetirmək barədə uşaqla mütəmadi söhbətlər aparılmalıdır. Bütün bu məlumatları uşağa elə formada çatdırmaq lazımdır ki, onda dərs prosesinə həvəs və maraq oyansın, düşüncəsində məktəbə getmək arzusu yaransın.
Söhbətlərdən belə aydın oldu ki, məktəbə gedəcək uşağın psixoloji cəhətdən hazırlıqlı olması dərs prosesinə təsir edən mühüm amildir. Məktəb təliminə hazırlıq həm evdə, həm bağçada, həm də məktəbdə ardıcıl şəkildə aparılmalıdır. Əgər hər kəs bu işdə üzərinə düşən məsuliyyəti dərindən dərk edib məsələyə həssas yanaşsa, gələcəyimiz olan uşaqlar da məktəbə çəkinmədən, tam hazır vəziyyətdə gedərlər.

 Nail ƏSGƏROV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3055192
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2386
3998
32424
106523
3055192

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter