23 Fevral 2020, Bazar

   Naxçıvan Dövlət Universitetində 2018-2019-cu tədris ilinin qış semestrində 70-ə yaxın imtahan keçirilir. Tələbələr elektron qaydada təşkil edilən imtahanlarla yanaşı, ənənəvi – yazılı qaydada da imtahan verirlər. Qeyd edək ki, ­keçirilən yazılı imtahanlar üçün də xüsusi nəzarət sistemi tətbiq edilən otaq yaradılıb. 

Ali təhsil müəssisəsinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov keçirilən növbəti elektron imtahanların gediş prosesi ilə tanış olub, elektron imtahanların tətbiqi ilə bağlı tələbələrin arzu və təkliflərini öyrənib.
Qış semestrində 1202 monitorinq və elektron qaydada 21672 tələbə imtahan verəcək. Bundan başqa, xüsusi qabiliyyət tələb edən və şifahi qaydada 210 imtahan keçirilməsi ­nəzərdə tutulub.
2012-ci ildən etibarən keçirilən elektron imtahanlar bu semestr 7 elektron və 3 yazılı olmaqla, kamera ilə təchiz edilmiş 10 otaqda imtahan komissiyası üzvlərinin nəzarəti ilə aparılır.
Qeyd edək ki, bu günədək elektron test üsulu ilə keçirilən imtahanlar obyektivlik və şəffaflığın gözlənilməsi, tələbələrin öz biliklərini operativ şəkildə ortaya qoyması, obyektiv qiymətləndirmə baxımından böyük üstünlükləri ilə özünü doğruldub. İmtahan zallarında vebkameraların quraşdırılması şəffaflığın ən bariz nümunəsi hesab oluna bilər. Tələbələr müəyyən olunmuş vaxt ərzində kompüterin köməyi ilə 50 sualı cavablandırır, nəzarətçilər tələbənin imtahana başlamasını və bitirdiyini təsdiqlədikdən sonra tələbə imtahan nəticələri ilə bağlı dərhal məlumat əldə edə bilir. Hər sual 1 balla ­qiymətləndirilir.

Elektron imtahanların gedişində ciddi texniki problemlərə, xoşa­gəlməz hallara rast gəlinərsə, tələbənin şikayətinə baxılması və obyektiv həlli məqsədilə apellyasiya komissiyası yaradılıb. Gələcəkdə tədris edilən fənlərin keyfiyyətini daha da yüksəltmək üçün imtahan suallarının artırılması və təkmilləşdirilməsi nəzərdə tutulub.
Məlumat üçün onu da bildirək ki, hər il olduğu kimi, bu il də universitetdə I kursları məlumatlandırmaq məqsədilə maarifləndirici tədbir keçirilib. Universitetin Tədris şöbəsinin müdiri Şahin Əliyev, İKT və elektron şöbəsinin elektron təhsil üzrə müavini Elgün Tağıyev imtahan prosesinin gedişi haqda ətraflı məlumat verib, tələbələrin ­suallarını cavablandırıblar.

Səadət Əliyeva

ARXİV

Fevral 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR