27 May 2020, Çərşənbə

İnsanları birlik, bərabərlik ruhuna kökləyən, yüksək mənəvi-əxlaqi keyfiyyətlər aşılayan Novruz bayramı hər il olduğu kimi bu ildə muxtar respublikamızda yüksək səviyyədə qeyd olunur. Artıq bir neçə gündür ki, qədim şəhərimizdə əsl çal-çağır, büsat hökm sürür. Bu günlərdə hər kəsin üzündə sevinc dolu təbəssüm, dilində alqış, təbrik kəlmələri eşidərsən. Şəhərimizin bayram ovqatlı ən qaynar guşəsi isə son illərin əlamətdar hadisələrinə şahidlik edən “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksidir.  

Martın 19-dan etibarən burada keçirilən bayram şənliyi çərçivəsində təqdim olunan xalq yaradıcılığı və folklor nümunələrimiz, milli musiqi və yallılarımız, bənzərsiz konsert proqramları yerli sakinlərin, eləcə də xarici qonaqların zövqünü oxşayır. İctimai-iaşə obyektlərində hazırlanan milli mətbəximizin ləziz təamları bayram şənliyini daha da maraqlı və cəlbedici edir. Şənlikdə iştirak edən insanların bayram əhval-ruhiyyəsini öyrənmək məqsədilə adıçəkilən ünvana yollanıram. Şəhərin abad, enli küçələri ilə hərəkət edən insanların, xüsusilə də balacaların şən, şaqraq səsləri diqqətimdən yayınmır. Bəhs olunan ünvana çatmağa az qalmış ətrafa yayılan xoş musiqi sədaları sanki adamı öz ağuşuna alır. Budur, qədim abidə öz qapılarını yenə sevimli qonaqlarının üzünə açıb, içəri daxil olarkən gül-çiçəyin, yaşıl libaslı səmənilərin ətrafa saçılan xoş rayihəsi insana yüksək ovqat bəxş edir. Məndən bir az irəlidə iki balaca uşağın əlindən tutan yaşlı bir kişi diqqətimi çəkir. Yaxınlaşıb hal-əhval tuturam. Naxçıvan şəhər sakini Nizami Əliyev bayram sevincini bölüşür:                    

- Doğma şəhərimizdə Novruz bayramı hər il xüsusi təmtəraq və xoş əyləncə ilə qeyd edilir. Ancaq görünən odur ki, builki bayram şənliyi daha gözəl, cəlbedicidir. Nəzərə alsaq ki, 2019-cu ildə qədim diyarımızın muxtariyyətinin 95 ili tamam olur, o zaman bu dəbdəbənin və sevincimizin ikiqat olmağı təbiidir. Mən də nəvələrim Kifayət və Aytacla bir neçə gündür ki, burada  keçirilən bayram şənliyində iştirak edirik. Nəvələrim burada nümayiş olunan folklor nümunələri ilə çox maraqlanırlar, mən də hər biri haqqında ətraflı məlumat verirəm. Düşünürəm ki, bayramın belə təşkili həm də uşaqların, yeniyetmə və gənclərin milli ruhda böyüməsinə, eləcə də adət-ənənələrimizə dərindən bələd olmasına geniş imkanlar yaradır. Əməyi keçən hər kəsə öz minnətdarlığımı bildirirəm.

Bayram şənliyinə toplaşan xarici ölkə vətəndaşları da nəzərimdən yayınmır. Onlardan İran İslam Respublikasının vətəndaşı Taebeh Karami Naxçıvana gəlişini bayramla əlaqələndirərək deyir:

-Haqqında çox eşitsək də, ailəmlə birlikdə ilk dəfədir ki, bu qədim yurda üz tuturuq. Yaxın dost-tanışdan öyrənmişdik ki, Novruz Naxçıvanda daha təmtəraqlı qeyd olunur. Onun üçün də bu əlamətdar bayramı burada keçirməyi qərarı aldıq. Onu da deyim ki, hələ bayrama sayılı günlər qala gəldik ki, buranın gəzmək imkanımız da olsun. Naxçıvandakı tarixi abidələr əsrarəngiz, şəhər isə olduqca baxımlı, səliqəli və gözəldir. 3-4 gündür ki, bayram şənliyində də iştirak edirik. Adət-ənənələriniz gözəl şəkildə nümayiş olunur, rəqslər xüsusilə cəlbedicidir. Milli mətbəxinizə də söz ola bilməz. Burada ruhumuz gözəl milli musiqinizlə qidalanır. İnsanlar çox istiqanlı, mehriban və səmimi, qonağa qarşı diqqətcildirlər. Bütün bunlar bizi çox sevindirdi. Bundan sonra da Naxçıvana tez-tez gəlməyi düşünürük. Fürsətdən istifadə edib hər kəsi bu gözəl bayram münasibətilə təbrik edirəm.

Digər bir həmsöhbətim Culfa rayonunun Milax kənd sakini Çapay Qəribov bayramı qeyd etmək üçün ailəlikcə buraya üz tutublar. Bu barədə deyir:

-İşimlə əlaqədar hazırda Türkiyənin İstanbul şəhərində yaşasam da hər zaman ürəyim doğma yurdumla döyünür. Bayramları da mütəmadi olaraq burada qeyd edirik. Bu il də bir-iki həftə öncədən gəlib hazırlıqlar gördük, qohum-əqrəbanın bayram görüşlərinə getdik. Onu da qeyd edim ki, Türkiyədə Novruz bayramı Naxçıvandakı kimi təmtəraqlı şəkildə qeyd olunmur. Orada yaşayan dost-tanışla söhbət zamanı da hiss etmişəm ki, onlar Naxçıvanın adət-ənənəsini, burada keçirilən bayramları çox bəyənirlər. Deyirlər ki, siz bayramın qədimliyinə, ilkinliyinə xələl gətirmirsiniz, olduğu kimi qeyd edirsiniz. Təbii ki, bir azərbaycanlı kimi bu sözlər məni çox qürurlandırır. Qayıdanda oradakı qonşularıma, dostlarıma da bayram hədiyyəsi aparacağam. Naxçıvanqalada keçirilən bu şənlikdə iştirakımız da ürəyimizcə oldu, xüsusilə uşaqlar hədsiz dərəcədə sevindilər. Xatirə şəkilləri çəkdirdim ki, qayıdanda bu gözəl ab-havanı Türkiyəli dostlarımla da bölüşə bilim.

Görüşüb söhbət etdiyim digər bir şənlik iştirakçısı Səbuhi Məmmədovun 21 yaşı var, Abşeronda yaşayır. Ancaq 4 il olar ki, işlə əlaqədar Naxçıvana köçüb. Buraya gəlmə səbəbini isə Naxçıvanda musiqiyə, bu sahə ilə məşğul olan insanlara verilən böyük dəyərlə əlaqələndirir. Bu barədə danışır:

-Musiqiyə marağım və bir neçə il bundan öncə naxçıvanlı musiqiçilərlə tanışlığım məni buraya gəlməyə sövq etdi. Onu da qeyd edim ki, Kamança ixtisasını bitirsəm də, bəstəkarlıq da edirəm. Müəllimim Bəstəkarlar Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi Yaşar Xəlilovdan bu sənətin incəliklərini öyrənmişəm. Hazırda Culfa rayonunun Bənəniyar kəndindəki uşaq musiqi məktəbində çalışıram. Burada olduğum müddətdə Naxçıvanın görməli yerlərini çox gəzmişəm, konsertlərdə, bayram tədbirlərində iştirak etmişəm. Oğuz yurdunda bayramlar çox yüksək səviyyədə keçirilir, adət-ənənələrə sadiqlik ürəkaçandır. Builki bayram şənliyi də çox maraqlı və baxımlıdır. Bir neçə gündür ki, qohum-əqrəba ilə birgə Naxçıvanqalaya gəlirik, günümüz xoş anlarla yadda qalır. Burada səslənən milli musiqilərimiz isə mənə bir başqa zövq verir. Yaradılan şəraitə görə dövlətimizə minnətdaram.

Naxçıvanqalanın hər addımlığında qarşılaşdığım mənzərələr, gülərüz insanlarla etdiyim söhbətlər belə deməyə əsas verir ki, milli ruhumuzun, qədimliyimizin çalarlarını özündə əks etdirən Novruz bayramı bu il də süfrələrimizi bərəkətlə, ruhumuzu sevinclə doldurub.  Bayram şənliyi isə bir-birindən maraqlı, əyləncəli səhnəcikləri ilə sabah da davam edəcək.

 Nail ƏSGƏROV

ARXİV

May 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR