22 May 2019, Çərşənbə

 

ARXİV

May 2019
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il 27 iyul tarixli Sərəncamı hami təşkilatlar ilə təhsil müəssisələri arasında uğurlu əməkdaşlığa nail olunmasına, bununla da muxtar respublikada mütəşəkkil kadr hazırlığına öz bəhrəsini verməkdədir. “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncam isə “İdeyadan başlanğıca” devizi altında innovasiyaya və dayanıqlı inkişafa əsaslanan, yaradıcı düşüncəni və elmi-texniki tərəqqini əks etdirən birgə yeni layihələrin (startapların) həyata keçirilməsi ilə bağlı mühüm bir mərhələnin əsasını qoydu.
“Şərq qapısı” qəzeti də müvafiq Sərəncamın icrasını diqqət mərkəzində saxlayır, muxtar respublikada jurnalistika üzrə yüksəkixtisaslı kadrların yetişdirilməsi istiqamətində tədbirlər görülür. Bu tədbirlərin davamı olaraq jurnalist tələbələrin mətbuatda mütəmadi çıxışlarını təmin etmək məqsədilə yeni “Estafet” rubrikası yaratdıq. Beləliklə, estafet muxtar respublikamızın zəngin mətbu ənənələrini davam etdirə biləcək, yüksək intellektə və yaradıcı potensiala malik tələbə-gənclərindir. İnanırıq ki, həm jurnalistikanı həyat amalı seçən, həm də analitik təfəkkürə, bədii təxəyyülə və publisistik düşüncəyə malik digər yaradıcı tələbə-gənclərimiz “Estafet”lə peşəkarlığa aparan uğurlu bir sənət yolçuluğuna çıxacaqlar.


 Həyatda ən böyük arzularımdan biri ali təhsil almaq idi. Orta məktəbdə oxuduğum dövrdən bu arzumu gerçəkləşdirməyə çalışırdım. Ailəmin dəstəyi, çalışqanlığım sayəsində bu hədəfə çatdım.

Ədəbiyyata, publisistikaya olan marağım, yazmaq həvəsim məni Naxçıvan Dövlət Universitetinin Jurnalistika ixtisasına gətirdi. Peşəyə olan məhəbbətim və əzmkarlığım mənə həyat amalımı real­laşdırmağa dəstək oldu.
Jurnalistika prinsip etibarilə şərəfli və müqəddəs bir peşədir. Artıq bütün dünyada qəbul olunub ki, jurnalistika dördüncü hakimiyyətdir. Jurnalist hadisəyə, fakta, informasiyaya söykənən prinsiplərə əsasən fəaliyyətini qurmalıdır. Bütün çətinliklərə baxmayaraq, jurnalist ədalətin tərəfini saxlamalı və bunun üçün mübarizə aparmalıdır. Əsl jurnalist mövzuya obyektiv yanaşmalı, doğru ilə yanlışı seçməyi bacarmalıdır. Açıqfikirli, dürüst, vicdanlı, qərəzsiz olmaq jurnalistikanın ən vacib şərtlərindəndir. Jurnalist haqsızlığa qarşı səsini ucaltmağı bacarmalı, işini sevən, məsuliyyətli olmaqla yanaşı xalqına, dövlətinə xidmət etməli, həqiqətlə yalanı ayırd etməyi bacarmalıdır.
Jurnalistika peşəsində əsas keyfiyyətlərdən biri də ünsiyyət qurmaq bacarığıdır. İnsanların fikirlərini dinləmək və hörmətlə yanaşmaq jurnalistin vəzifə borcudur.
İnsan öz xalqını sevməyə, nə şəkildə olursa-olsun, ona xidmət etməyə borcludur. Mən isə xalqıma gələcəkdə peşəkar bir jurnalist kimi xidmət etmək arzusundayam.
Cəmiyyətin dəqiq informasiya əldə etmək üçün peşəkar jurnalistlərə ehtiyacı var. Çünki ictimaiyyətə obyektiv, düzgün, operativ məlumatlar çatdırılması bilavasitə jurnalistlərin vəzifə borcudur.
Jurnalistikanın bütün sahələri əhəmiyyətli olsa da, fikirlərimi insanlara, cəmiyyətə səmimi şəkildə çatdırmaq, mətbuat orqanları üçün yazılar qələmə almaq məndə daha çox maraq doğurur. Çünki jurnalistikanın bütün sahələrində – istər televiziya, istərsə də radioda belə, ilkin material yazılı mətnə əsaslanır. Jurnalistin yaxşı qələm sahibi olması onun peşəkarlığına dəlalət edir.
Təhsil aldığım universitetdə də Jurnalistika ixtisasının tələbələri üçün lazımi şərait yaradılıb. Burada fəaliyyət göstərən Media Mərkəzi tələbə-jurnalistlərin ilkin peşə vərdişlərinə yiyələnmələri üçün əvəzsiz rol oynayır.
Ali Məclis Sədrinin müvafiq sərəncamına əsasən hamiliyə verilmiş Jurnalistika ixtisasının tələbələri ilə muxtar respublikanın mətbuat orqanlarının müntəzəm iş aparması biz tələbələr üçün geniş imkanlar açır, öz potensialımızdan daha səmərəli istifadə edə bilirik. Həmin mətbuat orqanlarının müasir maddi-texniki bazaya malik olması, hərtərəfli şərait biz tələbə-­jurnalistlərə də yaradıcılıq stimulu verir. Çalışacağıq ki, mətbuatla əməkdaşlığımızı daha da gücləndirək. Mən də öz yolumu artıq “Şərq qapısı” qəzetindən salmışam. Məqsədim qədim və müasir Naxçıvanı, muxtar respublikanın hərtərəfli inkişafını öz qələmimlə bu qəzet vasitəsilə təbliğ etməkdir.

Nardanə ƏLİYEVA
Naxçıvan Dövlət Universitetinin Jurnalistika ixtisası üzrə I kurs tələbəsi