31 May 2020, Bazar

Diaspor.info saytının məlumatına görə, bu günlərdə Ukrayna Respublikasında yaşayan bir çox diaspor təşkilat rəhbərləri Azərbaycanda olublar. Onlardan bir neçəsi Azərbaycanın Şərq Qapısı sayılan, qədim tarixi ilə seçilən Naxçıvan Muxtar Respublikasına da səfər ediblər.
Azərbaycan Jurnalistlər və Yazıçılar Birliyinin üzvü, Regionda Media və Cəmiyyət Məhdud Məsuliyyətli Cəmiyyətinin sədri, ­diaspor.info saytının təsisçisi və baş redaktoru, MDB ölkələri arasında diaspor təşkilatlarının fəaliyyətinin monitorinqini aparan Əlmaniz Ələkbərli də qonaqlar arasında olub. Saytımızın Azərbaycan bürosu, əslən Kəngərli rayonunun Qıvraq qəsəbəsindən olan və hazırda Kiyevdə yaşayan Əlmaniz Ələkbərli ilə həmsöhbət olub.
– Siz bir neçə gündür ki, Azərbaycandasınız, xüsusən də Naxçıvan Muxtar Respublikasında olmusunuz. Azərbaycanda hansı yeniliklərlə rastlaşdınız?
– Mən bir il öncə Naxçıvanda olmuşdum. Naxçıvan təkcə özünün əzəmətli dağları, Əlincə qalası və yaxud Batabatı, Əshabi-Kəhfi ilə öyünmür. Bu gün Naxçıvan elə sürətlə inkişaf edir ki, onu tanımaq olmur. Naxçıvanda gəzərkən bir daha əmin oldum ki, bura bir Avropa şəhəridir. Bəli, yanılmadınız, Avropa şəhəri.

Bəlkə də, Azərbaycanda yaşayanlar ölkəmizdə gedən sürətli inkişafı elə də hiss etmirlər. Lakin biz qonaqlar ildə bir dəfə Vətənimizə gələrkən gördüyümüz xeyli yeniliklərdən bu qənaətə gəlirik. Mən bir çox Avropa ölkələrində olmuşam. Almaniya, İsveçrə, Hollandiya, Avstriya və sair. Almaniyanın Köln şəhərində gördüyüm bir çox şeyləri Naxçıvanda da gördüm. Burada bir az da daha artığını gördüm. Məsələn, mən heç bir dövlətdə rast gəlməmişəm ki, köhnə binaların dövlət tərəfindən fasadları təmir olunan zaman vətəndaşların pəncərələri və qapıları da dəyişdirilsin. Hətta yerli sakinlərdən aldığım məlumata əsasən əgər təmir işləri vətəndaşlarda narahatlıq yaradırsa, tikinti işləri bitənədək həmin insanlar müvəqqəti olaraq digər mənzillərdə yerləşdirilir, kirayə pulları da dövlət tərəfindən ödənilir.

Naxçıvanı gəzməklə doymaq olmur. Siyasi və iqtisadi cəhətdən strateji bir yer olan Naxçıvan Muxtar Respublikası sabitlik baxımından da birincidir. Burada, demək olar ki, oğurluq halları yox dərəcəsindədir. Tarixboyu ərənlər yurdu olan Naxçıvandakı yenilikləri, tikinti-quruculuq işlərini gördükdə, bu inkişafa biganə qala bilmirsən. Bilirsinizmi, biz həmişə inkişaf etmiş ölkələrdən nümunə gətirməyi sevirik. Bəs, görəsən, özümüzdə olan gözəlliyi, yaxşı halları niyə sadalamaq istəmirik? Sovetlər birliyi dağıldıqdan sonra Naxçıvan Azərbaycanda yeganə yer idi ki, bütün məktəblilər həmin vaxtdan bu günə kimi də məktəbli forması geyinir. Hətta Naxçıvan ali təhsil ocaqlarında oxuyanlar və təhsil müəssisəsində çalışan müəllimlər də xüsusi forma geyinirlər.

Bu gün yalnız Naxçıvanda istər taksi, istərsə də avtobus sürücüləri xüsusi forma geyinirlər. Mən bu hallara 2008-ci ildə Almaniyada rast gəlmişdim və həmişə də bu halı təbliğ edirdim. Bu gün belə nümunəvi halları bizlər xüsusi olaraq deməliyik. Çünki bəzən bəzi millətini satanlar Azərbaycan, Naxçıvan haqqında yalanlar uyduraraq yanlış məlumatlar verirlər.
Naxçıvanın əzəmətli ordusu, ayıq-sayıq hüquq-mühafizə orqanlarının olması bəzi xarici qüvvələrə sərf etmədiyi üçün, bəzən xüsusi olaraq qarayaxma kampaniyası aparılır.
Naxçıvan şəhərində olarkən Yol Patrul Xidməti maşınlarına çox az rast gəldiyim üçün vətəndaşlardan səbəbini öyrəndim. Məlum oldu ki, kameralar vasitəsilə şəhərə nəzarət olunduğuna görə daha küçələrdə sürücü qovmağa ehtiyac duyulmur.

Bəli, bu kimi bir neçə hal mənim kimi əslən naxçıvanlı olanlarda qürur hissi yaşadır. Bütün bu yaxşı hallara görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova minnətdarlığımızı bildirir və ürəkdən təşəkkür edirik. Təməli ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün də Prezident cənab İlham Əliyev tərəfindən daha müasir formada davam etdirilən daxili və xarici siyasətimiz Naxçıvan Muxtar Respublikasında özünü daha qabarıq göstərir.
Naxçıvan özündə Şərq və Avropa mədəniyyətini, qədimlik və müasirliyi birləşdirən bir məkandır. Bəlkə də, Naxçıvan yeganə məkandır ki, dünyanın harasında yaşamasından və hansı dövlətin vətəndaşı olmasından asılı olmayaraq, hər bir naxçıvanlı Ali Məclisin Sədri cənab Vasif Talıbova sədrimiz deyir. Bu gün Naxçıvanda aparılan tikinti-quruculuq və abadlıq işlərinə, o cümlədən elm-təhsil, hərbi və digər sahələrdə görülən uğurlu işlərə rəhbərlik edən Ali Məclisin Sədri xalqın ona göstərdiyi etimadı layiqincə doğruldur.
Yaxşı oldu ki, bu dəfə mən sizinlə görüşərək müsahibə verdim. Hər il gələndə Naxçıvanda yeni bir gözəlliklə rastlaşır və geri dönən zaman dostlarımla bölüşürdüm. Bu dəfə isə sizin vasitənizlə fikirlərimi dünyada yaşayan minlərlə insan, o cümlədən naxçıvanlılar oxuyacaq.
Sonda onu demək istəyirəm ki, bu gün Azərbaycanın, Naxçıvanın inkişafını yalnız kor insanlar görə bilməz!

diaspor.info
Naxçıvan bürosu
17 mart 2019-cu il

ARXİV

May 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR