23 Sentyabr 2019, Bazar ertəsi

Bu gün hər qarışına vurulan yeni naxışların ecazkarlığı insanların mənəvi dünyasına sirayət edən, tarixi minilliklərlə ölçülən qədim Naxçıvan torpağının gözəlliyi buraya qədəm qoyan hər kəsi heyran edir. Tarixlərin yadigarı olan yurdumuza səfər edənlər buraya yenidən gəlmək, bu gözəl diyarı təkrar-təkrar seyr etmək istəyir. Hər gələn qonaq öz elinə-obasına qayıdanda Qafqazda Naxçıvan adlı gözəl, qədim, ən əsası isə səmimi insanları olan bir igidlər yurdu var, – deyir. Günü-gündən gözəlləşən, tarixindən əzəmət, məğrurluq yağan doğma diyarımızda turistlər qonaqpərvərliklə qarşılanır, yüksək səviyyəli xidmətin, mehriban münasibətin şahidi olurlar.  Qədim abidələri, zəngin və təkrarolunmaz təbiəti, iqlimi, müalicəvi suları, flora və faunası, bənzərsiz sənət növləri ilə məşğul olan insanların çoxluğu bu diyarı turizmin inkişafı üçün əlverişli məkana çevirib.

Əlbəttə ki, hər kəs kimi, dünyaya göz açdığımız torpaq bizim üçün də əzizdir. Bir insan, Vətənini sevən bir vətəndaş üçün onun doğma yurdu, torpağı haqqında xoş sözlərin deyilməsi, ecazkar təbiəti, tarixiliyi, həm də möhtəşəm inkişafı haqqında fikirləri əcnəbi qonaqların dilindən eşitmək fəxarət hissi doğurur. Yaxın günlərdə təsadüf nəticəsində Asiya qitəsindən – Hindistandan buraya qonaq gələn ailə ilə tanışlığımız zamanı bu fəxarət hissini bir daha yaşadıq. “Qafqaz Turizm” Məhdud Məsuliyyətli Cəmiyyətinin təşkilatçılığı ilə yurdumuza təşrif gətirən qonaqlarla Naxçıvan Turizm İnformasiya Mərkəzində görüşdük.

Adityya Şaltari həyat yoldaşı, əslən Honkonqdan olan Man Yu Çenqlə birlikdə Azərbaycanın bütün rayonlarını gəziblər, bir neçə gündür ki, Naxçıvanın da qonağıdırlar. Adityya Şaltari bizimlə söhbətində dedi:
– Naxçıvan çox gözəldir. Hələ 2014-cü ildə Hindistan Dövlət Tele­viziyasında “Dünyanın yaradılış yeri, Nuhun vətəni – Naxçıvan” adlı süjetə tamaşa edəndə buraya gəlməyə qərar verdim.
Dünyanın 25-dən çox ölkəsində səyahətdə olduğunu deyən müsahibim onu da bildirir ki, Azərbaycan çox sabit ölkədi, Naxçıvan isə xüsusi bir gözəlliyə sahib olmaqla bərabər, həm də dünyanın ən təhlükəsiz regionudur. Adətən, hansısa ölkəyə səyahət etməzdən əvvəl ora haqqında məlumatlar toplayıram. Buraya gəlməzdən əvvəl Naxçıvanın blokada şəraitində olması ilə bağlı faktlara da rast gəldim. Verilən məlumatlar heç də ürəkaçan deyildi. Düşünürəm ki, buranı təhlükəli, səyahət edilə bilməyəcək yer kimi qələmə verənlər elə bu xalqın düşmənləridir. Mən və həyat yoldaşım Nuhun vətənini necə olursa-olsun, görməyə qərar verdik. Və bu gün burada olmağımdan çox məmnunam. Deyilənlərin tam əksinə, sabit və çox gözəl yurdunuz var. Naxçıvanda müasir səviyyəli xidmət və qonaqpərvərliklə qarşılaşdıq. “Qafqaz Turizm” MMC-nin direktorunun qonağı olduq. Sabahı gün Ordubad rayonuna yollandıq. Ordubadda “Came”, “Sərşəhər”, “Mingis” məscidləri, Qeysəriyyə abidəsində milli dəyərləri əks etdirən nümunələrlə tanış olub Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyindəki və tanınmış şəxsiyyətlərin ev-muzeylərindəki eksponatlara baxdıq. Çox gözəl, ecazkar təbiətiniz, səmimi insanlarınız insana öz evindəki rahatlığı yaşadır. Hər kəs bizi evinə qonaq dəvət edir, hansısa bir restoranda, ya da çay evində olanda edilən xidmətin qarşılığında heç nə tələb olunmur, hər kəs “Qonağımız olun”, – deyir.
Ordubad mətbəxini çox bəyəndiyini deyən Adityya Şaltari burada bişirilən dolmanın, bozpörtün, kababların dadına indiyə kimi gəzdiyi ölkələrdə rast gəlmədiyini bildirir.
Culfa rayonunun tarixi yerlərini gəzən qonaq deyir: – Əlincəqalada olarkən oranın tarixi haqqında məlumat əldə etdim və bu qədim qalanın dünəni ilə bu gününü əks etdirən fotoşəkillərə baxdım. Və düşündüm ki, dünyanı fəth edən bir sərkərdənin ordusunun qarşısında naxçıvanlılar 14 il dayanıb öz yurd-yuvalarını qoruyublar. Məğlub­edilməzlik simvolu olan bu tarixi abidənin bərpa edilərək yenidən xalqa qaytarılması da elə bir vətən­pərvərlik nümunəsidir. Buranın tarixi keçmişinə dəyər verən insanları var. Mən bir çox dövlətlərdə olmuşam. Sizə əminliklə deyə bilərəm ki, çox az yerdə qədimdən bu günə qalan köhnə, uçuq abidələr əvvəlki görkəm­inə qaytarılır və qorunub muzeyə çevrilir.
Burada ən çox diqqətimi çəkən isə dini tolerantlıq oldu. Yurdunuz islami dəyərlərlə zəngindir. Məscid­ləriniz çox gözəldir, onları da sərbəst şəkildə ziyarət etdim.
Dünyanın bir çox dövlətlərini gəzmişəm, amma ən böyük, iqtisadi gücü ilə öyünən ölkələrdə belə, muzey ziyarəti üçün mütləq ödəniş etməli olursan. Amma burada muzeylərin və tarixi abidələrin girişi pulsuzdur. Bu, turistlər və yerli sakinlər üçün cəlbedicidir. Onu da bildirim ki, bir çox ölkələrdə muzey bələdçiləri xarici dil bilmədiklərinə görə oranı ziyarət etmək heç də zövqverici olmur. Burada isə, kiçik bir məmləkətdə muzey bələdçilərindən oradakı eksponatlar haqqında ingilis dilində məlumat almaq imkanımız oldu. Bir sözlə, Naxçıvanda hər addımda rast gəldiyim mənzərələr bu elin insanlarına hörməti daha da dərinləşdirir. Haçadağın əfsanəsini dinləmək isə bir başqa cür gözəldir.
Şahbuzda füsunkar bir dünya, gözəl bir cənnət var. Onun adı Batabatdır. Burada olanda təbiətin gözəlliyi insanı sehrli dünyaya aparır. Üzən ada isə möcüzədir, – deyərdim. Ermənistanla sərhədin bir addımlığında olsa da, burada tam əminliklə gəzdik. Çünki Qafqazın ən güclü ordusunun Azərbaycan Ordusu olduğunu bilirdim. Şahbuzun “Badamlı”sının dadı damağımda qaldı. Öyrəndim ki, Naxçıvanda ərzaq məhsullarına olan tələbatın, demək olar ki, hamısı daxili istehsal hesabına ödənilir. Buna nail ola bilməyən güclü dövlətlər var dünyada.
Təbiətin sehrindən ayrılıb şəhərə qayıtdıq, gəzməli-görməli yerlərində, muzeylərində, Nuh Peyğəmbərin məzarüstü türbəsində, Naxçıvanqalada olduq. Saat Meydanında dünya mətbəxinin bütün nümunələri olsa da, biz yenə də Naxçıvan dolmasını yeməyə üstünlük verdik.
Naxçıvanda məni ən çox heyrətləndirən yerlərdən biri isə Duzdağdakı mağaralar oldu. Azərbaycanın hər yerindən, hətta dünyanın müxtəlif ölkələrindən buraya müalicə məqsədilə gələnlərin çox olduğunu öyrəndim. Mən ilk dəfə idi ki, Duzdağda olurdum. Bura, doğrudan da, hər kəs üçün bir nemətdir, sağlamlıq mənbəyidir. Bu yurd haqqında nə qədər danışsam, yenə azdır. Biz buradan heç vaxt yaddan çıxmayacaq təəssüratlarla qayıdacağıq. Bu qədim diyarın tarixi abidələrindən, gözəl təbiətindən həmvətənlərimə, dostlarıma da danışacağam.
Man Yu Çenqin dediklərindən:
– Hələ təyyarə Naxçıvan səmasında dövrə vuranda buranın gözəl­liyinə heyran qaldım. İlahi, bir şəhər nə qədər səliqəli və gözəl olar. Bu qədim yurdun hər addımında bir gözəllik, bir sirr, bir tarix gördüm. Naxçıvanın təbiəti insanı xəyallar aləminə qərq edir, füsunkar gözəlliklərə heyran qalmaya bilmirsən. Burada xalqın keçmişinə işıq salan tarixi abidələr, mənəvi irsinizin qorunduğu mədəniyyət ocaqları, insana daxili rahatlıq bəxş edən təbiət guşələri, milli memarlıq elementlərinin bərq vurduğu müasir binalar, səliqə-sahmanı ilə gözoxşayan abad, geniş küçələr məni valeh etdi. Bir sözlə, Naxçıvanı gəzmək, şəfəqsaçan gözəl­liklərə tamaşa etmək insanın ruhunu dincəldir, könlünü oxşayır. Gəzdiyim yerlərdə gördüklərim qədim torpaq barədə məndə böyük təəssürat oyatdı. Xüsusilə də buranın tarixi-dini məkanları – Əshabi-Kəhf diqqətimi çəkdi.
Diyarınızla tanışlıq zamanı buradakı sabitlik, qayda-qanun diqqətimi çəkdi. Əgər bir diyarda inkişaf gedirsə, o da, ilk növbədə, əmin-amanlıq sayəsində mümkün olur. Hər gün dünyanın bir sıra şəhərlərində insanlar qanunsuzluqla, özbaşınalıqla qarşılaşırlar. Lakin dünyanın xəritəsində bir nöqtə kimi görünən bu diyar dünyaya hökm edən dövlətlərin bacara bilmədiyi bir işi bacarıb. Burada diqqətimi çəkən bir məqamı xüsusilə vurğulamaq istəyirəm. Dediyim kimi, dünyanın 27 ölkəsində səyahətdə olmuşam. Diktatorluq, qanunu zorla qəbul etdirib sonra da bütün dünyaya demokratiyadan ağızdolusu danışan ölkələr görmüşəm. Azərbaycanda, eləcə də Naxçıvanda isə vəziyyət tamam başqadır. Hansı rayonda, lap ucqar kənddə belə olsan, orada dövlətinə, rəhbərinə minnətdarlıq hissi var insanlarda. Mən çox sevincliyəm ki, belə qanun-qaydanın – mədəni-əxlaqi keyfiyyətlərin hökm sürdüyü bir diyarın qonağıyam. Arzu edirəm ki, növbəti gəlişimdə Azərbaycanı və onun bu gözəl diyarını daha da yüksək zirvələrdə görüm.

 Ramiyyə ƏKBƏROVA

ARXİV

Sentyabr 2019
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR