18 Sentyabr 2019, Çərşənbə

Tarix özündə şanlı qələbələri, zəfərləri, sevinci əks etdirdiyi kimi, öz dəhşəti ilə insanlıq arxivinin ağ vərəqlərinə yazılan günahını da əsrlərin o tayına daşıya bilir. Əslində, tarix heç nəyi unutmur. Bu tarix səhifəsində xalqlar var ki, mətinliyi, mübarizliyi, şanlı zəfərləri, ədalətli mübarizəsi ilə yadda qalır. Elə toplumlar da var ki, yaltaqlıqları, məkrli planları, hərisliyi, insanlığa yaraşmaz iddiaları ilə seçilirlər. Ötən iki əsr ərzində Qafqazda baş verən hadisələrə nəzər salmaq kifayətdir ki, öz çirkin planları ilə bütün regionu müharibə ocağına çevirən mənfur ermənilərin belə olduğunu bir daha görək.
Azərbaycan xalqı həmişə xalqların dostluğuna, qonşuluğa inanıb, amma erməni daşnakları bu inamı hələ ötən əsrin əvvəlindən başlayaraq qırmağa çalışıblar. Öz himayədarlarının köməyi ilə azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti güdən ermənilər 1918-ci il 31 mart tarixini əliyalın xalqa qarşı insanlığa yaraşmayan mübarizə yolu seçdi. Bəli, məhz bu gün – 31 mart tarix və insanlıq üçün unudulmazdır. İki əsr ərzində Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə məruz qalmışdır. Bu mənfur siyasətin məqsədi Azərbaycan torpaqlarının böyük bir qismini ələ keçirmək, azərbaycanlıları ata-baba torpaqlarından sıxışdırıb çıxarmaq, sonra həmin ərazilərdə “böyük Ermənistan” dövləti yaratmaq idi.

Erməni quldurları Bakıdakı milli qırğınla kifayətlənməyib 1918-ci ilin yazında Şamaxıda, Quba-Xaçmaz bölgəsində, Salyanda, Lənkəranda və başqa yerlərdə də azərbaycanlılara qarşı soyqırımı törədiblər. Bu illərdə Naxçıvana yiyələnmək üçün daşnaklar yerli əhaliyə qarşı vəhşiliklər törədir, onları öldürür, yaşayış məntəqələrini yandırır və ərazini azərbaycanlılardan boşaltmağa çalışırdılar. 1918-ci ildə Naxçıvanda ən dəhşətli vəhşiliklər törədənlər içərisində Andranik Ozanyan xüsusi yer tuturdu. Bu qan­içən cəllad təkcə Gilançay və Əlincəçay vadilərində 62 kəndi viran qoyub, əhalisini isə amansızlıqla qətlə yetirib. Bu gün “milli qəhrəman” kimi İrəvanda heykəli ucaldılan Qaragin Njde Ərəzin, Camaldın, Yaycı, Azadkənd, Sabirkənd, Düylün, Vənənd, Dəstə və Kotam yaşayış məntəqələrini dağıdıb, əhaliyə divan tuturdu. Həmin dövrdə Naxçıvanda fəaliyyət göstərmiş Müsəlman Milli Komitəsinin katibi işləmiş Mirzə Bağır Əliyev hadisələrin, erməni vəhşiliklərinin bilavasitə şahidi olub və onları qələmə alıb. Onun “Qanlı günlərimiz” əsərindən – gündəlik qeydlərindən aydın olur ki, 1918-1921-ci illərdə Naxçıvanda ermənilər tərəfindən 74 min azərbaycanlı ən vəhşi üsullarla öldürülüb.
Hamımız müxtəlif tarix kitablarını oxumuşuq, sənədli filmlərə baxmışıq, ancaq 1918-ci ildə baş vermiş hadisələr qədər amansız, xüsusi qəddarlıqla törədilmiş soyqırımına çox az-az rast gəlinir. Gəlin bir anlıq da olsa, özümüzü həmin hadisələrin mərkəzində təsəvvür edək...
Əliyalın xalqa qarşı təpədən-dırnağadək silahlanmış quldurlar kəndə soxulurlar. Heç kimin bu hücumdan xəbəri yoxdur. Kəndin gündəlik ahəngini ilk silah səsi pozur, hələ heç kim nə olduğunu dərk etmir. Bir neçə dəqiqədən sonra evlər yandırılır, anaların fəryad səsləri ərşə ucalır, uşaqlar ağlayır, igid oğullar silah olmadığı üçün əllərinə keçən balta, şana, bıçaq ilə düşmən üzərinə atılırlar. Düşünün, yanan evləri, fəryadları, köməksiz körpələri viran qalmış yurdu düşünün...
Mən bunları düşünərkən Babək rayonunun Məzrə kəndində yaşayan nənəm Gülüstan Qurbanovanın nəql etdikləri qulağımda cingildəyirdi. Elə bu gün də həmin canlı tarixi bir daha vərəqləmək üçün əyləşdim nənəmin yanında.
“Diqqətlə qulaq as, oğul, bu, başımıza gələnlərdir. Mən özüm yaşamasam da, atamın yanğı ilə bəhs etdiyi 31 martdan danışacam sənə. Kişilər daha mərdanə olar, hər şeyi qadın yanında danışmazlar. Ən çoxunu bibimdən eşitmişəm. 1918-ci ilin baharı idi. Məzrə kəndində hamının başı öz gündəlik işlərinə qarışmışdı. Birdən bu sakitlik qonşu kənddən qaçan insanların fəryadları ilə pozuldu. Onlar dedilər ki, erməni daşnakları kəndə hücum ediblər. Qaçan insanlar bizə də kənddən çıxmağı məsləhət gördülər. Nənəm də mənim atama deyib ki, qaç atana xəbər ver, çünki nənəmin körpə uşağı vardı. O, tək heç bir yerə gedə bilməzdi. Mənim atam Vəli Muradovun o vaxt 14-15 yaşı olardı. Atam babam Dünyamalı Muradovun yanına qaçır ki, xəbər versin, gəlib nənəmi qurtarsınlar. Atam yolda min bir zülmlə babamın yanına gedib çıxır. Onlar bir yerdə kəndə qayıdırlar (kövrəldiyi üçün sözünə davam edə bilmir. Ovcumun içində olan əllərini bərk-bərk sıxaraq özündə güc toplayır və davam edir). “Eh, bala, atamla babam evimizə çatanda gördükləri mənzərəni xatırlayıb danışmaq çox çətindir. Elə bir mənzərə ilə üz-üzə dayanmaq hər insanın işi deyil, oğlum. Onlar gəlib çatanda nənəm və körpəsi artıq can vermişdilər. Nənəmi işgəncə ilə qətlə yetirmişdilər. Bibimsə...(hönkürür) Bibiminsə qulaqlarını kəsmişdilər...”
Nənəm kövrələrək sözünə davam etdi: – Babam bu hadisəni görəndən sonra aynalısını götürüb, kəndin meydanında hayqırırmış ki, kişi olan bu işi tutmaz. Nankorlar, çıxın qarşıma. Elə həmin günlərdə qonşu kəndlərdə yaşayanlar birləşib özünümüdafiə hissələri yaratmışdılar. Üçüncü Kalbalı xanın başçılığı ilə 500 nəfərdən ibarət süvari dəstə erməniləri qova-qova kəndimizə çatanda babam da onlara qoşulub.
Nənəm onu da qeyd etdi ki, ermənilərin başımıza gətirdiyi bu müsibətlər bununla bitmir. Mən ailə qurandan sonra əzəli torpaqlarımız olan Qərbi Azərbaycanda, Gülüstan kəndində yaşayırdım. Xəbis niyyətlərindən əl çəkməyən erməni daşnakları müharibədən sonra Qərbi Azərbaycan ərazisindən azərbaycanlıların deportasiyasına nail oldular. 1988-ci ildə indiki Ermənistan ərazisindən, azərbaycanlıların tarixən yaşadıqları ata-baba yurdlarından zorla çıxarıldıq. Ancaq düz deyiblər ki, hər qaranlıq gecənin bir işıqlı gündüzü var. Son vaxtlar ordumuzun işğal altında olan torpaqlarımızı geri qaytarması, Aprel döyüşləri, Günnüt zəfəri bizim yurd həsrətimizi böyük bir inama çevirib. Gec-tez qisasımız alınacaq və yurd, doğma el-oba həsrəti tamamilə sona çatacaqdır.
Nənəmin mənə dediklərindən çıxardığımız nəticə budur ki, gəncliyin üzərinə böyük vəzifə düşür. Vətənpərvər, bilikli, dünyagörüşlü bir vətəndaş kimi yaşanmış bu hadisələri unutma­maq və unutdurmamaq. Yaşanan bütün bu hadisələr bizim qan yaddaşımızdır.

 Pərviz HACILI

ARXİV

Sentyabr 2019
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR