18 Oktyabr 2019, Cümə

Gələcəyimiz naminə həyata keçirilən təhsil islahatlarının nəticəsi,  sözsüz ki, özünü ali təhsil müəssisələrinə qəbul imtahanlarında göstərir. Ümumtəhsil məktəblərinin məzunlarının həm buraxılış imtahanlarında, həm də ali və orta ixtisas təhsili müəssisələrinə qəbul zamanı yüksək nəticələr əldə etməsi uğurlu təhsil islahatlarının bəhrəsidir. Böyük-kiçikliyinə, yaxın-uzaqlığına fərq qoyulmadan bütün yaşayış məntəqələrində müasir təhsil infrastrukturunun qurulması qəbul imtahanlarında iştirak edən və qəbul olunanlar arasında rayon və kəndlərdən olan abituriyentlərin də sayını artırıb. 

2019-2020-ci tədris ili üçün Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu və ümumtəhsil müəssisələri üzrə buraxılış imtahanları ilə bağlı Dövlət İmtahan Mərkəzinin elmi-statistik təhlili də bunu təsdiq edir. Bu, Ordubad rayon ümumtəhsil məktəblərinin simasında da özünü büruzə verir. Müasir texnologiyalar əsasında qurulan mütərəqqi təhsil şəraiti rayonun təhsil uğurlarını artırır. Sözügedən elmi-statistik təhlildə o da bildirilir ki, son 6 ildə Ordubad rayonu abituriyentlərinin ali məktəblərə qəbulolma faizi yüksək olub.
Həmin bölgədə yüksək nəticələr göstərən məktəblər kifayət qədərdir. Belə məktəblərdən biri də müasir tədris imkanları ilə seçilən Ordubad şəhər Məhəmməd Füzuli adına tam orta internat məktəbidir. Son illər məktəbin məzunlarının əksəriyyəti onlara göstərilən etimadı doğruldub. Bu il məktəbin fəxrləri sırasında Murad Məmmədtağılı da var. O, qəbul imtahanlarında 665 bal toplayaraq arzusunda olduğu tələbəlik həyatına daha böyük sevinc və fəxarətlə başlayıb. Bu nəticəyə görə qəbul olunduğu ixtisas qrupunun birincisi olub.

2002-ci il aprelin 9-da Ordubad şəhərində dünyaya göz açan Murad həmin şəhərdəki tam orta internat məktəbində təhsil alıb. Bu il məktəbi “Qızıl” medalla bitirən məzunlar arasında onun da adı var. Məktəbdə təhsil aldığı dövrdə əldə etdiyi əla nəticələrlə gələcəyin uğur qazanacaq məzunlarından olacağına əminlik yaradan Murad respublika fənn olimpiadasının da qalibi adını qazanıb. Qəbul imtahanlarında yüksək bal toplamaqla ona göstərilən etimadı tamamilə doğruldub. Bu nəticə ilə Murad Azərbaycan Dövlət İqtisad Universitetində dövlət sifarişi əsasında ingilis dilində təhsil almaq hüququ qazanıb. Bilik Günü ərəfəsində aldığı daha bir şad xəbər isə Muradın silinməz xatirələrindən birinə çevrilib. Belə ki, Prezident cənab İlham Əliyevin sentyabrın 9-da 2019-2020-ci tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncamına əsasən təltif olunan Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərinin məzunları arasında Murad Məmmədtağılı da var.
Hazırda Bakı şəhərində tələbə həyatına başlayan Muradla telefon vasitəsilə həmsöhbət oldum. O, uğura aparan yolu qısaca belə xarakterizə edir: – Əzm, çox çalışmaq və yüksək hədəf seçimi. Hədəfini müəyyənləşdirib bu yolda əzm və çalışqanlıq göstərdikdə qarşında heç bir maneə dura bilməz. Təbii ki, bu uğurlarda müəllimlərin də zəhmətini unutmaq olmaz. Çünki insanlar həyatda bütün mərtəbələrə müəllim zəhməti sayəsində çatır, elmin, sənətin pillələrinə onların göstərdiyi yollarla qədəm qoyurlar. Müəllimlər bu yola nur saçan dəyərli peşə sahibləridir. Təhsil almağımda əməyi olanları, xüsusilə coğrafiya müəllimim Billurə Sadiqovanı hədəfimə çatmaqda mənə yaxından kömək etdiyi üçün daim minnətdarlıqla ­xatırlayacağam.
Murad qeyd etdi ki, 665 bal toplamağımda valideynlərim də böyük rol oynayıb. Onlar həmişə mənə dəstək olub, hər zaman güvəniblər. Bu da məni daha da ruhlandırır, uğurdan-uğura aparırdı. Dərslərimi həmişə diqqətlə oxumuşam, müəllimlərimin verdiyi tapşırıqları vaxtlı-vaxtında və düzgün yerinə yetirməyə çalışmışam. Sevinirəm ki, bütün bunlar nəticə verdi, valideynlərimin etimadını doğrultdum. Atamla anam xəbər tutanda ki, muxtar respublika üzrə ən yüksək nəticə göstərənlər sırasında mən də varam və buna görə də dövlət başçımızın Sərəncamı ilə Prezident təqaüdünə layiq görülmüşəm, keçirdikləri sevinc hisslərini sözlə ifadə etmək mümkün deyil. Onlara bu sevinci yaşatdığım üçün çox xoşbəxtəm. Çalışacağam ki, ali təhsilimə də mükəmməl yiyələnib xalqımıza layiq bir övlad olam, valideynlərimə daha çox sevinc bəxş edəm.
Muradın həyatında unudulmayacaq daha bir məqam isə ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək bal toplayan abituriyentlərlə keçirilən görüş olub. Avqustun 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun ali təhsil ocaqlarına qəbulda yüksək bal toplayan tələbələrlə ənənəvi görüşü onda da unudulmaz təəssürat yaradıb, təhsilini daha əzm və həvəslə davam etdirməyə böyük stimul verib.
Biz də, öz növbəmizdə, yenicə tələbəlik həyatına qədəm qoyan Muradı göstərdiyi yüksək nəticəyə görə təbrik edir, uğurlarının davamlı olmasını arzulayırıq.

 Gülcamal TAHİROVA

ARXİV

Oktyabr 2019
Be Ça Ç Ca C Ş B
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR