23 Oktyabr 2019, Çərşənbə

Gənc nəsillərin ilhamçısı, yolgöstərəni, öyrədəni, könüllərdə, qəlblərdə silinməz yeri olan, öz həyatını xalqın, millətin gələcəyinə həsr edən, insanı həyata hazırlayan, onun dünya­görüşünü, mənəvi dünyasını və ictimai-siyasi baxışlarını formalaşdıran, beyinlərə, qəlblərə min bir zəhmətlə biliklərindən mənəvi qida verən, vaxt yetişəndə isə şagirdinin bilikli, qabiliyyətli olduğunu görüb fərəhlənən, qol-qanad açıb sevinən, Günəş kimi lütfkar, hava kimi aydın, su kimi duru, müqəddəs varlıqdır müəllim… Bu ada min dastan desən, nə söz tükənər, nə qəlb susar. Onun zəhmətini, alın tərini heç zaman unutmaq olmaz.

Uzun illər Culfa rayonunun Saltaq kəndində pedaqoji fəaliyyətlə məşğul olmuş Arif Nuriyev də yaxşı pedaqoq, şagirdlərinin uğurları ilə fərəhlənən zəhmətkeş insan, fədakar müəllim kimi çalışıb. Ömrünün 43 ilini pedaqoji fəaliyyətə həsr etmiş Arif müəllimlə tanışlığımızın ilk dəqiqələrindən məndə bu gülərüz, mülayim təbiətli, səmimi insanı yaxından tanımaq, saçını müqəddəs bir işdə ağartmış, neçə-neçə Vətən övladına Azərbaycan dili və ədəbiyyatının sirlərini öyrətmiş nəcib insanla həmsöhbət olmaq həvəsi yarandı. Arif müəllimdə müəllimlik peşəsinə həvəs elə məktəb illərindən başlayıb. Deyir ki, peşə və sənətlərin hamısı gözəldir. Amma qəlbən bağlı olduğun, uşaqlıqdan arzuladığın, könül verib sevdiyin sənətin sahibi olmaq ikiqat gözəldir. Müəllimlik sənətini müqəddəs hesab edən Arif müəllim ona qayğı göstərmiş müəllimlərini bu gün də unutmur, onların xatirəsini həmişə əziz tutur.

Onun fikrincə, müəllim Günəş, şagirdləri, yetirmələri Günəşə boylanan cücərtilərdir. Bu gün müəllimin işi təkcə məktəbdə hər hansı bir fənni tədris etməklə yekunlaşmır. Bu günün müəllimi sabahın ağıllı, savadlı, bacarıqlı, vətənpərvər, ziyalı, bir sözlə, cəmiyyəti dаhа işıqlı, dаhа хоşbəхt günlərə аpаrа bilən nəsillər yеtişdirib tərbiyə еdir, onların şəxsiyyət kimi formalaşmasında başlıca rol oynayır.
1976-cı ildə ali təhsilini başa vurub təyinatla 3 il Astara rayonunda işləyib. 1979-cu ildən isə fasiləsiz olaraq Saltaq kənd tam orta məktəbində Azərbaycan dili və ədəbiyyatı fənnini tədris edib. Arif müəllim deyir ki, əsl, milli keyfiyyətli vətəndaş yetişdirməyin yolu doğma dilimizi, ədəbiyyatımızı yaxşı öyrənməkdən keçir. Daim axtarışda olan müəllim kitab dilinin sadələşdirilməsinə diqqət yetirər, mövzuları lakonik, anlaşıqlı dillə şagirdlərinə çatdırardı. O deyir ki, müəllimlərimin mənə öyrətdiklərini onlara aşılamağa çalışmışam. Bir də ona görə sevinirəm ki, həm öyrədən, həm də öyrənən olmuşam.
Arif müəllim pedaqoji fəaliyyəti dövründə bir sıra uğurlara imza atıb. Belə ki, o, 2002-ci ildə respublika müəllimlərinin Bakı şəhərində keçirilən XXIV pedaqoji mühazirəsində II yerə, 2003-cü ildə XXV pedaqoji mühazirədə I yerə layiq görülüb, Azərbaycan Respublikası Təhsil Nazirliyinin I və II dərəcəli diplomları və fəxri fərmanları ilə təltif olunub. 2006-cı ildə “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi olub. 2010-cu ildə “Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi” fəxri adına layiq görülüb.
Hazırda təqaüddə olan Arif müəllim tez-tez məktəbə gəlir və zəngin təcrübəsini gənc müəllim həmkarlarından əsirgəmir. Sənətinin vurğunu, fədakar müəllim işlədiyi müddətdə çalışdığı məktəbi və şagirdlərini daim qabaqcıllar cərgəsində görmək istəyib. Zəhmətinin hədər getmədiyini vurğulayan müsahibim şagirdlərinin fənn olimpiadalarında, inşa və şeir müsabiqələrində, bilik yarışmalarında qalib yerlər tutaraq həmişə ona başucalığı gətirdiyini deyir. Şagirdlərindən bir neçəsinin qalib çıxan inşa yazıları Azərbaycan Respublikası Təhsil Nazirliyinin nəşr etdirdiyi “Heydər Əliyev məktəblilərin gözü ilə” və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən hazırlanan “Pöhrələr” kitablarında çap olunub.
Çoxşaxəli fəaliyyəti ilə seçilən Arif müəllim hələ tələbə ikən yaradıcılıq sahəsində də qələmini sınayaraq mətbuatda müxtəlif mövzularda məqalələrlə çıxış edib. Daim yeniliklər axtarışında olan Arif müəllimin Azərbaycan şifahi xalq ədəbiyyatı ilə bağlı topladığı folklor nümunələri AMEA Naxçıvan Bölməsinin nəşr etdirdiyi “Naxçıvan folkloru”nda çap olunub. Müxtəlif illərdə Naxçıvan Müəllimlər İnstitutunun elmi-praktik konfranslarında iştirak və çıxış edib. Onun vətənpərvərlik mövzusunda yazdığı “Şərəfli ölüm” adlı hekayəsi “Arazın səsi” və “Azərbaycan müəllimi” qəzetlərində dərc edilib.
2014-cü ildə uzunmüddətli axtarışlarının və zəhmətinin bəhrəsi olan “Azərbaycan dilində az işlənən leksik şəkilçilər” adlı dərs vəsaitinin işıq üzü görməsi ilə dilimiz haqqında yeni biliklər qazanmaq istəyənlər üçün də bir yol açıb. Tədqiqatda 230-dan artıq qeyri-məhsuldar şəkilçidən söz açılır ki, onlardan 100-ə yaxını, demək olar ki, bu günə qədər heç bir kitabda öz əksini tapmayan nadir ­şəkilçilərdir.
“Bu günün müəllimi necə olmalıdır?” sualının cavabında Arif müəllim belə deyir: – Hər pеşədə оlduğu kimi, müəllimlikdə də müvəffəqiyyətin əsаs şərti pеşəyə sеvgidən bаşlаyır. Мüəllim öz pеşəsini böyük məhəbbətlə sеvməlidir. O təkcə dərsliklə dеyil, həm də bütün mаddi və mənəvi dünyası ilə öyrədici, inаndırıcı, tərbiyəеdici оlmаlıdır. Мüəllim öz pеşəsinə sеvgisini uşаqlаrın sеvgisi ilə bаğlаmаlıdır. Rus yazıçısı Lev Tоlstоy deyib: “Əgər müəllim yаlnız işini sеvirsə, о, yахşı müəllim оlаcаqdır. Əgər müəllim аtа-аnаsı kimi yаlnız uşаqlаrı sеvirsə, о, əvvəlkindən də yахşı müəllim оlаcаqdır. Əgər müəllim həm pеşəsini, həm də şаgirdləri sеvirsə, о müəllim əsl müəllimdir”.
Bəli, müəllimlik çətin və şərəfli bir pеşədir. Bu pеşədə uğur qаzаnаnlаr yаlnız оnun hər cür əzаbınа, əziyyətinə, yuхusuz gеcələrinə dözən, sənətini sеvənlərdir. Biz də bu müqəddəs peşə sahiblərinə gələcəyin kamil ­şəxsiyyəti, hərtərəfli mütəxəssisi, əsl vətəndaşını yetişdirmək kimi ülvi məramı gerçəkləşdirmək işində uğurlar arzu edirik.

 Güntac ŞAHMƏMMƏDLİ

ARXİV

Oktyabr 2019
Be Ça Ç Ca C Ş B
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR