20 Oktyabr 2019, Bazar

Yeni fikir söyləmək və yeni ümidlərlə yeni uğurlar qazanmağa çalışmaq, xəyalları gerçək etmək ancaq oxumaqla mümkündür. Müqəddəs “Quran”ın ilk ayəsi “Oxu” əmri ilə başlayır. Bu onu göstərir ki, oxumaq dinimizdə xüsusi önəm kəsb edir. Oxumaq cəhalətin “cəlladı”dır. Oxumaq qaranlığı aydınlatmaq, həqiqəti yanlışdan ayırmaqdır. Oxumaq həmişə cəmiyyət içərisində bir mövqe sahibi olmaq deməkdir. Oxumaq öyrənmək, öyrəndiyini öyrədə bilmək, müəllim olma fürsətini əldə etməkdir. Yeni nəsli də məhz müəllimlər formalaşdırır. Müəllimlik ən müqəddəs peşələr sırasında yer alır. 

İnsan həyatı bir neçə mərhələdən keçir: o doğulur, dil açıb danışmağı, fikrini ifadə etməyi öyrənir və bir müddət sonra təhsil almağa başlayır. Təhsil aldığımız ilk müqəddəs məkan isə məktəbdir. Burada çalışan hər bir müəllim gözümüzün önündə möcüzələr yaradan bir varlıqdır. O, hər birimizin həyatında böyük yer tutur. Müəllim öyrədir, tərbiyə edir. Müəllim ucalıqdır, bilikdir. Müəllim bizə yeni, naməlum bir dünyaya qapı açmağımıza kömək edən şəxs, taleyimizdə əvəzolunmaz bir insandır.

Müəllim torpaq kimidir. Necə ki torpaq ona düşən hər toxumu bütün mineral, su və lazım olan hər bir maddə ilə bəsləyir, müəllim də güclü və ya zəif, uğurlu və uğursuz deməyib hər bir şagirdə qucaq açır. Dərs dediyi uşaqlar üçün cəfakeşliklə çalışır, onun üçün hər şeyin ən yaxşısı və ən gözəli olmasını istəyir. Müəllimin bu qədər həssas və çalışqan olması isə onu valideynlərindən sonra ən qısa müddətdə şagirdinin qəlbinə yol tapan və əbədi silinməyəcək ilk şəxsə çevirir. Buna görə müəllim şagirdi üçün, şagird isə müəllim üçün çox dəyərlidir. Müəllimin hər anı şagirdləri haqqında düşünməyə və onlar üçün nə edə biləcəyi sualına cavab axtarmağa sərf olunur. Elə buna görə də müəllimlik peşəsi müqəddəsdir. Hər hansı bir adamdan ona məktəbdə müvəffəqiyyət qazandıranın kim olduğunu soruşanda, alacağınız cavab: “Müəllimimə borcluyam. Çünki o heç vaxt mənə olan ümidini itirmədi”, – olacaq.
Yaxşı müəllim yeniliklərə açıq, mehriban, məsuliyyətli və nəcib, şagirdi ilə səmimi ünsiyyət qura bilən, qabaqcıl, ilham verən, yetirmələri üçün üfüqlər açandır. Yaxşı müəllim öyrənməyi öyrədən, tələbələrə düzgün yol göstərən, səbirli və anlayışlı, valideyn qayğılı və nəvazişli dinləyici və rəhbərdir. Yaxşı müəllim ömrü boyu bir tələbə kimi hiss edən, monoton olmayan, şəxsi nüfuzu və biliyi ilə təsiredici, dürüst və etibarlı, əməli ilə söylədikləri üst-üstə düşən, məsuliyyətli, sadə, əxlaqlı, şagirdləri maraq və qabiliyyətlərinə görə kəşf edən, vaxtdan səmərəli yararlanan, vətənpərvər və sair keyfiyyətlərə malikdir. Müəllim hər şeydən öncə müəllim olmağı ilə qürur duyandır. Bizi bilik işığında nurlandıran, məlumat verəndir. Bizə qələm tutmağı, sevgi, dostluq, insanlıq öyrədən, həm də bir ölkəni parlaq gələcəyə aparanlar da məhz müəllimlərimizdir. Onlar üçün də ən böyük xoşbəxtlik yetirmələrinin yaxşı nailiyyətlər qazanması ola gərək.
Müəllim olmaq bir çağırışdır. Hər uşaqla təkrar-təkrar yaşamaq, dünyanı bir də onların gözləri ilə görməkdir. Hər gün dərslərə tələsmək onun həyat tərzidir. Müəllim möhkəmlik, məhdudiyyətsiz səbir, cəsarət və mülayimlik, etimad və hər şeydə nümunə olmaq bacarığı kimi mənəvi keyfiyyətləri özündə birləşdirir. Yaxşı müəllim işinə və tələbələrinə olan sevgisini birləşdirəndir. Müəllim düşüncə və davranış baxımından şagirdlərinə nümunədir.
Müəllim bilik verməklə yanaşı, həm də tərbiyələndirir. Bu, yaradıcı ünsiyyət və əməkdaşlıq prosesində həll edilir. Əsl müəllim uşaqların yaradıcı təşəbbüsünü dəstəkləyir, onu inamı ilə tamamlayır. Bu, tələbəyə öz sürətini, yollarını və potensial imkanlarını dəqiqləşdirməyə kömək edir. Yaxşı müəllim yalnız mentor deyil, həm də dost olmağı bacarmalıdır. Ona görə də hər kəs müəllim ola bilməz. Müəllim təbiətin, istedadın bir hədiyyəsidir.
Bu gün qazandığımız bilik müəllimlərimizin sayəsində mümkün olub. Buna görə hər zaman onlara borcluyuq. Bu dəyərli insanlara həmişə sevgi və hörmət göstərməliyik.

Güntac ŞAHMƏMMƏDLİ

ARXİV

Oktyabr 2019
Be Ça Ç Ca C Ş B
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR