28 Sentyabr 2020, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində iqtisadi sahədə startap layihələrinin təqdimatı və dəyərləndirilməsi ilə bağlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan komitə sədri, gömrük xidməti general-mayoru Səhət Həbibbəyli qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 3 aprel tarixli Sərəncamının icrası ilə əlaqədar Dövlət Gömrük Komitəsi ilə Naxçıvan Dövlət Universiteti arasında birgə tədbirlər planı təsdiqlənib və qarşılıqlı faydalı əməkdaşlıq təmin edilib. Komitədə İnnovasiya mərkəzi və ekspert şurası yaradılıb. Naxçıvan Dövlət Universitetinin Dünya iqtisadiyyatı ixtisası üzrə təhsil alan tələbələri ilə müxtəlif seminar və görüşlər keçirilib. Görülən işlərin nəticəsidir ki, artıq tələbələr yaradıcı düşüncəni və elmi-texniki tərəqqini əks etdirən layihələri – startapları təqdim etməyə başlayıblar.

Komitənin İnnovasiya mərkəzinin ekspert şurasının rəhbəri, gömrük xidməti polkovnik-leytenantı Rahil Tahirli qeyd edib ki, son illər gömrük sistemində prosedurların sadələşdirilməsi və ticarətin asanlaşdırılması məqsədilə innovativ layihələrdən geniş istifadə olunur. Gömrük xidmətində Vahid Avtomatlaşdırılmış İdarəetmə Sisteminin tətbiqi, kargüzarlıq işinin avtomatlaşdırılması, gömrük sistemində elektron sənəd dövriyyəsinin təmin edilməsi və kadr uçotu işinin idarə olunması, mal və nəqliyyat vasitələrinin qeydiyyatı və gömrük rəsmiləşdirilməsi işinin avtomatlaşdırılması, risklərin avtomatlaşdırılmış idarəetmə sisteminin tətbiqi, sərhədkeçmə vaxtının ölçülməsi, elektron gömrük xidmətləri və hədəf mərkəzi gömrük xidmətində uğurla tətbiq olunan innovativ layihələrdir.
Sonra Naxçıvan Dövlət Universitetinin Dünya iqtisadiyyatı ixtisasının IV kurs tələbələrindən Fərhad Əsgərov “E-Logistic” və “Velotour”, Elxan Musayev “Customs mobile” və Həsən Həsənov “Termal suspect” adlı layihələrlə bağlı təqdimat ediblər. Təqdimatlar zamanı layihələr üzrə müzakirələr aparılıb, təkliflər dəyərləndirilib. Gələcək perspektivi, sosial və iqtisadi əhəmiyyəti nəzərə alınaraq Fərhad Əsgərovun təqdim etdiyi layihələr daha cəlbedici hesab olunub və elektron logistika ilə bağlı layihə “Ən yaxşı layihə” nominasiyası üzrə qalib elan edilərək mükafatlandırılıb.
Sonra tələbələr komitədə yeni yaradılmış İnnovasiya laboratoriyası ilə tanış olublar.

Naxçıvan Muxtar Respublikası
Dövlət Gömrük Komitəsinin mətbuat xidməti

ARXİV

Sentyabr 2020
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR