28 Fevral 2020, Cümə

“20 Yanvar faciəsi təkcə Azərbaycan xalqına deyil, bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilən dəhşətli terror aktıdır”. Bu fikir Naxçıvan şəhərindəki Xatirə Muzeyi ilə muxtar respublikanın 200-dən çox ümumtəhsil məktəbi arasında “20 Yanvar – Azərbaycan xalqının qəhrəmanlıq tarixi” mövzusunda keçilən interaktiv dərsdə səsləndirilib.

İnteraktiv dərsdə bələdçi Elvira Qədimova bildirib ki, muzeydə 2 mindən çox eksponat var və onlardan 400-ə yaxını ekspozisiyada nümayiş etdirilir. Ötən əsrin əvvəllərindən başlayaraq təcavüzkar erməni daşnaklarının azərbaycanlılara qarşı müxtəlif illərdə törətdikləri dəhşətli cinayətlərin izləri bu eksponatlarda öz əksini tapıb. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların xatirəsinin əbədiləşdirildiyi muzeydə şəhidlərin fotoşəkilləri, şəxsi sənədləri, döyüş yollarını əks etdirən materiallar saxlanılır. Eyni zamanda bu mədəniyyət müəssisəsində qəhrəmanlıq tariximizin müxtəlif dövrlərinə aid kitablar nümayiş etdirilir. Xatirə Muzeyində azərbaycanlılara qarşı 1905-1907-ci, 1918-1920-ci illərdə törədilən kütləvi soyqırımı aktlarını, həmçinin 1948-1953-cü illərdə soydaşlarımızın öz dədə-baba torpaqlarından deportasiyasını, 1990-cı il 20 Yanvar, 1992-ci il Xocalı faciələrini özündə əks etdirən eksponatlar sərgilənir.

Bildirilib ki, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların xatirəsinin əbədiləşdirildiyi muzeydə ümummilli lider Heydər Əliyevin 20 Yanvar faciəsi ilə bağlı imzaladığı fərmanların surətləri, şəhidlərin fotoşəkilləri, şəxsi sənədləri, döyüş şücaətlərini əhatə edən materiallar, eyni zamanda qəhrəmanlıq tariximizin müxtəlif dövrlərinə aid kitablar nümayiş etdirilir.
Vurğulanıb ki, 1990-cı il yanvarın 20-də, Qanlı Yanvar hadisələrinin törədilməsindən 8 saat əvvəl Sədərəyə erməni silahlı dəstələrinin hücumları başlanıb və bununla da 20 Yanvar faciəsinin ilk qanlı səhifəsi yazılıb, ilk şəhidlər verilib. Buna baxmayaraq, naxçıvanlılar düşmənin önündə mərdliklə dayanaraq qəhrəmancasına mübarizə aparıb, Naxçıvanı qoruyub saxlayıblar.

Azərbaycan xalqının milli azadlıq hərəkatına və müstəqillik tarixinə 20 Yanvar hadisəsi şanlı səhifə kimi daxil olub. Bu hadisəni Azərbaycan tarixinə milli əsarətə, qətliama qarşı mübarizə günü kimi yazan qəhrəman şəhidlərimizin müqəddəs xatirəsi xalqımızın qəlbində daim yaşayacaqdır.
Qeyd edək ki, həmin gün muxtar respublikanın bütün ümumtəhsil məktəblərində bir dərs saatı 20 Yanvar faciəsinə həsr olunub.

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti

ARXİV

Fevral 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR